Modern.az

Dörd ildə Azərbaycanda 279 uşağın övladlığı ləğv edilib

Dörd ildə Azərbaycanda 279 uşağın övladlığı ləğv edilib

22 Aprel 2010, 13:20

Azərbaycanda hər il yetim və valideyn himayəsindən məhrum olan onlarla uşaq övladlığa verilir. Amma faktlar göstərir ki, övladlığa verilən bəzi uşaqlar heç də yeni ailələrində xoşbəxtliyə qovuşa bilmirlər və elə bu səbəbdən də məhkəmələr bir sıra hallarda övladlığa götürməni ləğv edir. Araşdırmalar göstərir ki, bəzi hallarda övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmir, valideynlik hüquqlarından sui-istifadə edir, uşağa qəddar münasibət bəsləyirlər.

 

Modern.az bununla bağlı bəzi statistik məlumatları dəqiqləşdirərək hansı hallarda övladlığa götürməni ləğvini aydınlaşdırmağa çalışıb.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2005-2008-ci illər ərzində 279 uşağın övladlığı ləğv edilib. Övladlığı ləğv edilən uşaqlardan 44-ü 1-5 yaşında, 69-u 6-10 yaşında, 166-sı isə 11-17 yaşında olub. Övladlığı ləğv edilən uşaqların 111 nəfəri qızlar olub. 3 yaşınadək uşaqların övladlığa verilməsində iştirak edən Bakı Baş Səhiyyə İdarəsinin həkim məsləhətçisi Lalə Ramazanova Modern.az-a deyib ki, övladlığa götürmə müxtəlif səbəblərdən ləğv edilə bilər. “Əgər övladlığa götürüldükdən sonra uşaqların səhhətində hər hansı bir problem yaranarsa, bu zaman da övladlıq ləğv edilə bilər”. L.Ramazanova deyib ki. hazırda övladlığa götürmə ilə bağlı həddən çox müraciətlər olur: “Demək olar ki, gündə 10-15 ailə bizə müraciət edir”.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsininən saytımıza bildirlib ki, övladlığın ləğv edilməsi Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunub. Ailə Məcəlləsinin 133-cu maddəsinə əsasən övladlığa götürmənin ləğv olunmasını övladlığa götürənlərin özləri, uşağın valideynləri (əgər varsa), övladlığa götürülən 14 yaşına çatmış uşaq və yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik orqanı tələb edə bilər. Əgər belə bir tələb övladlığa götürən tərəfindən verilibsə, burada cavabdeh övladlığa götürülən uşaq hesab olunur və onun hüquqlarının müdafiəsi Ailə Məcəlləsinin  51.2-ci maddəsində qeyd olunanlar tərəfindən müdafiə olunur.

 

Övladlığa götürmənin ləğvi məhkəmə qaydasında həyata keçirilir. Bu zaman işə məhkəmə tərəfindən iddia icraatı qaydasında qəyyumluq və himayə orqanının və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə baxılır.

Məcəllənin 132-ci maddəsi ilə övladlığa götürmə aşağıdakı hallarda ləğv edilir:

övladlığa götürənlər onlara həvalə edilmiş valideynlik vəzifələrini yerinə yetirmədikdə;

 övladlığa götürənlər valideynlik hüquqlarından sui-istifadə etdikdə;

 övladlığa götürənlər övladlığa götürülən uşağa qəddar münasibət bəslədikdə;

 övladlığa götürənlər xroniki alkoqolik və narkoman olduqda.

Məhkəmə uşağın rəyini nəzərə almaqla onun mənafeyi naminə digər əsaslarla da övladlığa götürməni ləğv edə bilər.

 

Övladlığa götürmə ləğv olunduqda uşaq məhkəmənin qətnaməsi ilə valideynlərə qaytarılır. Uşağın valideynləri olmadıqda, yaxud uşağın valideynlərinə qaytarılması onun mənafeyinə ziddirsə, o, müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilir.

Məhkəmə uşağa övladlığa götürülərkən verilən ad və soyadın saxlanıb-saxlanılmamasını da həll edir. 10 yaşı tamam olmuş uşağın adı və soyadı onun öz razılığı ilə dəyişdirilə bilər. 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi