Modern.az

İndoneziya parlamentində Qarabağla bağlı xüsusi komissiya yaradılacaq

İndoneziya parlamentində Qarabağla bağlı xüsusi komissiya yaradılacaq

Ölkə

22 Aprel 2010, 13:30

 

Azərbaycanda səfərdə olan İndoneziya Parlamenti Nümayəndələr Palatasının sədr müavini Pramono Anunq Vibovonun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Dillər Universitetində (ADU) olub. Modern.az xəbər verir ki, qonaqları salamlayan ADU-nun rektoru Səməd Seyidov iki ölkə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafından məmnunluğunu dilə gətirib. Rektor ADU-nun İndoneziya mədəniyyətinin təbliğində, öyrənilməsində maraqlı olduğunu qeyd edib: “Bununla yanaşı, istərdik ki, İndoneziyada da Azərbaycan mədəniyyəti və təhsili təbliğ olunsun. Əgər belə olarsa, Azərbaycan həqiqətləri daha da çox yayılar”. ABŞ, Norveç kimi inkişaf etmiş dövlətlərin ali məktəbləri ilə münasibətlər yaratdıqlarını deyən S. Seyidov İndoneziya ilə də analoji münasibətlərin qurulmasında maraqlı olduğunu söyləyib.

Öz növbəsində həm parlamentdə, həm də universitetdə S.Seyidovla görüşməyindən məmnunluğunu bildirən Pramono Anunq Vibovo  İndoneziyanın Azərbaycanla əlaqələr qurulmasında maraqlı olduğunu deyib. İndoneziya parlamentində Fələstinlə yanaşı, Qarabağla da bağlı xüsusi komissiyanın yaranacağını bildirən nümayəndə heyətinin rəhbəri iki ölkə arasında bütün sahələrdə əlaqələri daha da inkişaf etdirməklə ölkələr arasındakı məsafəni qısaldacaqlarını bildirib.

Sonra rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında qonaqlara bilgi verən rektor S. Seyidov universitetdə tədris olunan dillər haqqında da onları məlumatlandırıb. Daha sonra qonaq ADU-dakı İndoneziya Mərkəzi və İnformasiya Resurs Kompleksi (İRK) ilə tanış olub.

Qeyd edək ki, görüşdən öncə nümayəndə heyəti ADU-nun Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin İndoneziyaşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır