Modern.az

Azərbaycanlı abituriyentlər üçün Rusiya ali məktəblərinə tələbə qəbulu elan edilib

Azərbaycanlı abituriyentlər üçün Rusiya ali məktəblərinə tələbə qəbulu elan edilib

Ölkə

22 Aprel 2010, 14:37

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2010/2011-ci tədris ili üçün Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış yerlərə tələbə qəbulu elan edib.

Komissiyadan Modern.az-a bildirilib ki, Rusiya Federasiyasının ali təhsil müəssisələrinə keçirilən imtahanda iştirak etmək istəyən abituriyentlər Azərbaycan Respublikası ali təhsil müəssisələrinin qəbul imtahanında iştirak etmək üçün doldurduqları “Elektron ərizə”ni təsdiq etdirdikdən sonra TQDK-da təşkil edilmiş Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər. Qeydiyyat 2010-cu il may ayının 3-dən 11-dək hər saat 10:00-dan 17:00-dək aparılacaq.

İmtahanda iştirak etmək hüququna orta attestat qiyməti (cari ilin məzunlarının birinci yarım il üzrə orta qiyməti) 4 və daha yüksək olan Azərbaycan Respublikasının vətəndaşları malikdirlər.  Ali təhsil müəssisəsinin tələbəsi və ya məzunu olan şəxslər bu imtahanda iştirak etmək  hüququna malik deyillər.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqədə yalnız Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının I və II kursunda yaxşı və əla qiymətlərlə təhsil alan tələbələr iştirak edə bilərlər. Onlar müsabiqənin I mərhələsində (test imtahanı və müsahibədə) iştirak etmirlər və yalnız qabiliyyət imtahanında iştirak etmək üçün Rusiya Federasiyasının müvafiq ali təhsil müəssisəsinə getməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

1) Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün istifadə etdikləri TQDK-nın “Ödəmə kartı”nı;

 2) Orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları təlim dili və birinci yarım il üzrə qiymətləri göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

 3) Şəxsiyyət vəsiqəsini;

 4) Hərbi bilet və ya çağırışçı şəhadətnaməsini;

 5) Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə sənəd verən namizədlər müvafiq ali təhsil müəssisəsində təhsil almaları və cari qiymətləri haqqında arayışı.

Müsabiqə iki mərhələdən ibarətdir

I mərhələdə abituriyentlər TQDK tərəfindən keçiriləcək test imtahanında iştirak edirlər. Test imtahanı Azərbaycan və rus dillərində keçirilir. Bölməsindən asılı olmayaraq III ixtisas qrupu üzrə test tapşırıqları rus dilində təqdim olunacaq. Abituriyentlər seçdikləri ixtisas qrupu daxilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul qaydalarında müəyyən edilmiş fənlərdən test imtahanı verirlər. Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan dili fənninin əvəzinə rus dilini anlama qabiliyyətini təyin edən suallara cavab verirlər. Abituriyentlər xarici dil fənni kimi ingilis, alman və ya fransız dillərindən birini seçə bilərlər.

Test imtahanı 2010-cu il mayın 15-də keçiriləcək. Abituriyentlərə “İmtahana buraxılış vərəqəsi”  13 və 14 may tarixlərində veriləcək.

Test imtahanı nəticəsində I ixtisas qrupunda 400 və daha yüksək, digər qruplarda 500 və daha yüksək bal toplayan abituriyentlər II mərhələyə - müsahibəyə buraxılacaqlar. Müsahibə 2010-cu il mayın 17-də keçiriləcək.

Müsahibədə Azərbaycan bölməsi abituriyentlərinin rus dilini, rus bölməsi abituriyentlərinin isə Azərbaycan dilini bilmə səviyyəsi (müvafiq dillərdə inşa yazmaqla), eləcə də ümumi dünyagörüşü yoxlanacaq və məqbulla qiymətləndiriləcək.

Müsahibədən məqbul alan abituriyentlər ixtisas seçiminə buraxılıracaqlar.

Müsabiqə test imtahanın nəticələrinə əsasən aparılacaq.

Ali təhsil müəssisəsi göstərilməyən tibb ixtisaslarında oxumaq üçün seçilən abituriyentlər sənədlərini Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinə təqdim etdikdən sonra onlara qəbul olunmaq üçün tövsiyə olunduqları  ali təhsil müəssisəsi haqda məlumat veriləcək. Həmin abituriyentlər müvafiq ali təhsil müəssisəsində əlavə imtahan verməlidirlər.

N.E.Bauman adına Moskva Dövlət Texniki Universitetinə qəbul olunmaq üçün seçilmiş namizədlər əlavə olaraq həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi tarixlərdə ali təhsil müəssisəsində keçiriləcək qəbul imtahanlarında iştirak etməlidirlər.

Rusiya Federasiyası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər aşağıda göstərilən sənədləri hazırlayacaqlar:

1. Milli pasport;

2. RF ali təhsil müəssisələrində təhsil almaq istəyən xarici vətəndaş üçün anket (Anket formasını TQDK-dan əldə etmək olar);

3. Orta təhsil haqqında sənədin əslini (2010-cu ilin məzunları I yarımillik üçün  qiymətlər göstərilməklə buraxılış sinfində oxumaqları haqqında arayışı);

4. Tibbi arayış;

2 ədəd yeni cəkilmiş  3X4 sm ölçüdə fotoşəkil .

Rusiya ali təhsil müəssisələrində təhsil ödənişsizdir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir. RF ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrin illik tibbi sığortalanması məcburidir (250 ABŞ dollarından yuxarı). Tələbələr həm Rusiya, həm də Azərbaycan tərəfindən aylıq təqaüdlə təmin olunurlar.

Qəbul olunanların sənədləri 20.05.2010-cu il tarixədək Rusiya tərəfinə təqdim etmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təqdim olunacaq.

Azərbaycan Respublikasının vətəndaşları Rusiya Federasiyasının ali təhsil müəssisələrinə qəbul olduqları təqdirdə 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında  iştirak etmək hüququnu itirəcəklər.

Qəbulla bağlı geniş məlumatı, o cümlədən Rusiya Federasiyasının ali təhsil müəssisələrində Azərbaycan Respublikası vətəndaşları üçün ayrılmış ixtisasların siyahısı, plan yerləri və s.  məlumatları TQDK-nın internet  saytından (www.tqdk.gov.az) əldə etmək olar. Modern.az

 

    

    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü