Modern.az

Bakıda Ümumdünya Din Xadimlərinin Sammiti keçirilir

Bakıda Ümumdünya Din Xadimlərinin Sammiti keçirilir

Təhsil

26 Aprel 2010, 11:21

Bu gün Bakıdakı “Gülüstan” sarayında Ümumdünya Din Xadimlərinin Sammiti öz işinə başlayıb. Tədbirin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib. Tədbiri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə açıb. Moskva və Bütün Rusiyanın patriarxı Kirill də çıxış edib. Prezident İlham Əliyev isə Bakıda keçirilin bu tədbiri çox böyük əhəmiyyətə malik hadisə adlandırıb. Bakının ötən il İslam mədəniyyətinin paytaxtı seçildiyini xatırladan dövlət başçısı “gün gələcək ki, Bakı Avropa mədəniyyətinin də paytaxtı seçiləcək” deyib. Tədbirdə dünyanın 35 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 250-ə yaxın nümayəndə iştirak edir. Sammit keçmiş SSRİ məkanında ən iri dinlərarası təşkilatın - MDB Dini Şurasının təşkilatçılığı ilə keçirilir. İki gün ərzində sammit iştirakçıları sivilizasiyalararası dialoq, dünyada sülhün və əmin-amanlığın bərqərar olması, mövcud təhdidlərin aradan qaldırılması, dinlərarası dialoqa yeni impuls verilməsi, terror və ekstremizm, habelə dünya iqtisadi böhranı ilə bağlı məsələləri müzakirə edəcəklər. Sammitin yekunlarına dair rəsmi sənədin qəbul olunacağı gözlənilir. Sənəddə dünya dinlərinin həyat və bəşəriyyətin mənəvi inkişafı naminə səmərəli qarşılıqlı fəaliyyət səyləri əksini tapacaq.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü