Modern.az

Zakir Qaralov daha 5 il baş prokuror olacaq

Zakir Qaralov daha 5 il baş prokuror olacaq

27 Aprel 2010, 13:33

Aprelin 27-də Milli Məclisdə baş prokuror Zakir Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması məsələsinə baxılıb. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov Zakir Qaralovun başçılığı ilə prokurorluq orqanlarının həyata keçirdiyi islahatlardan danışıb.

Deputatlar Aydın Həsənov, Azay Quliyev, Xanhüseyn Kazımlı, Rafael Cəbrayılov da Zakir Qaralovun baş prokuror qismində özünü kifayət qədər doğrultduğunu söyləyiblər, onun bu vəzifədə gördüyü əhəmiyyətli işlərdən danışıblar.

Millət vəkili Pənah Hüseyn isə narazılığını ifadıə edib. O, deyib ki, Zakir Qaralovun bir dəfə də olsun Milli Məclisdə hansısa məsələ ilə bağlı hesabat verməyib. P.Hüseynin sözlərinə görə, Elmar Hüseynovun qətli ilə bağlı Baş Prokurorluğun göndərdiyi cavab Milli Təhlükəsizlik Nazirliyinin eyni məsələ ilə bağlı cavabına uyğun gəlmir: “Bir çox cinayət işləri – Ziya Bünyadovun qətli, Hacı Məmmədovun məsələsi ilə bağlı eyni cavanlar verilir.  İstintaq işləri keyfiyyətsiz, doğru-düzgün aparılmır. Bu vaxtadək 11 jurnalistin döyülməsi, incidilməsi, işgəncə olunması haqqında işlərin də üstü açılmayıb”. 

Pənah Hüseyn Baş prokuroru qanundan daha çox siyasi tərəf tutmaqda ittiham edib. Milli Məclisin sədri Oqtay Əsədov  Pənah Hüseyni qərəzli çıxış etməkdə ittiham edib.

Müzakirələrdən sonra Milli Məclis Z.Qaralovun növbəti müddətə Azərbaycanın baş prokuroru vəzifəsinə təsdiq olunması layihəsini təsdiq edib. 6 əleyhinə, 103 səs də lehinə olmaqla millət vəkilləri Zakir Qaralovu növbəti 5 il də Azərbaycanın baş prokuror seçiblər. Bitərəf qalan olmayıb.

Ölkə qanunvericiliyinə görə, Azərbaycanın baş prokuroru vəzifəsinə təyinat 5 ildən bir keçirilir. Artıq ikinci müddət baş prokuror kimi işləyən Zakir Qaralovun səlahiyyət müddəti aprelin 25-də başa çatıb.

Ötən il «Prokurorluq haqqında» qanuna dəyişiklik edilib. Sənədin 16-cı maddəsinin 2-ci hissəsindən «Eyni şəxs iki dəfədən artıq təkrarən Azərbaycan Respublikasının baş prokuroru, Azərbaycan Respublikasının hərbi prokuroru, Naxçıvan Muxtar Respublikası prokuroru vəzifəsinə təyin edilə bilməz» cümləsi çıxarılıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər