Modern.az

Məhkəmə Azər Ayxandan başqa yerə getməmək barədə iltizam alıb

Məhkəmə Azər Ayxandan başqa yerə getməmək barədə iltizam alıb

27 Aprel 2010, 13:41

Bu gün Bakının Nizami Rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxanın işinə baxılıb. Qeyd edək ki, “İdeal” qəzetinin hazırda həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” ticarət mərkəzinin direktor müavini Dilşad Əmirova A.Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Hakim Z.Əliyev A.Ayxanın vəkili Elçin Sadıqovun hazırlıq iclasında qaldırdığı vəsatətlə bağlı qərarı açıqlamalı olsa da, birbaşa hazırlıq iclasının yekunu barədə qərarı elan edib. Xatırladaq ki, A.Ayxanın vəkili E.Sadıqov isə xüsusi ittihamçı Nazim Quliyevin hüquqi nümayəndəsi Bəhruz Quliyevin məhkəmədə iştirakına etiraz edib. O, vəsatət qaldıraraq bildirib ki, N.Quliyev həbsdə olduğundan, etibarnaməni hüquqi şəxs kimi notariat kontorunda təsdiqlətməli və həbsxana rəhbərliyi bunu təsdiq etməlidir: “Amma Nazim Quliyev etibarnaməni fiziki şəxs kimi - “İdeal” qəzetinin təsisçisi kimi verib”.

Hazırlıq iclasının qərarına əsasən, cinayət işi icraata qəbul edilib və məhkəmə prosesi mayın 6-sı saat 14.30-a təyin eidlib. Həmçinin, A.Ayxandan başqa yerə getməmək barədə iltizam alınıb. Vəkil E.Sadıqov isə jurnalistlərə açıqlamasında bildirb ki, əslində hazırlıq iclası davam etməli idi: “Baş verənlər göstərir ki, bu, əvvəlcədən olan pis niyyət əsasında çıxarılmış qərardır. Bəhruz Quliyev xüsusi ittihamçı olmadığı halda, məhkəmə onu xüsusi ittihamçı kimi tanıdı. Bu, sifariş əsasında həyata keçirilən məhkəmədir. Biz öz haqqımızı müdafiə etmək üçün apellyasiya şikayəti verəcəyik. Hakimdən də şikayət edəcəyik.

N.Quiliyev və D.Əmirova “Yeni Müsavat”ın onlar haqqında böhtan, şərəf və ləyaqəti alçaldan yazılar dərc etdiyini iddia edirlər. Xatırladaq ki, Nazim Quliyevin barəsində məhkəmə reketçiliyə, dələduzluğa, şantaja, narkomanlığa və narkotik alverinə, böhtan atmaya görə 13 il 3 ay müddətinə həbs cəzası çıxarıb.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı