Modern.az

“ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikləri müşahidə etməli olacağıq”

“ABŞ-ın Azərbaycanla bağlı siyasətində dəyişiklikləri müşahidə etməli olacağıq”

28 Aprel 2010, 14:04

YAP-ın icra katibi Əli Əhmədov: “Mən istəmirəm son günlər səsləndirilən tənqidi fikirləri Azərbaycanda antiamerika əhval-ruhiyyəsinin təzahürləri kimi qəbul etsinlər”

- Son vaxtlar iqtidar rəsmiləri, iqtidaryönlü millət vəkilləri tərəfindən Qarabağ məsələsinə məlum yanaşmaya görə ABŞ dövlətinin ünvanına sərt tənqidi fikirlər səsləndirilir. Azərbaycan-ABŞ münasibətlərində yaşanan bu gərginlik barədə siz nə düşünürsünüz?

- Hesab edirəm ki, son günlər yaşananlar mövqelərin sərtləşməsi yox, Azərbaycan vətəndaşlarının bu məsələ ilə əlaqədar ABŞ-ın nümayiş etdirdiyi yanaşmadan doğan narazılığının ifadəsidir. Bildiyiniz kimi, ABŞ Ermənistla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması ilə əlaqədar yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupu 18 ildir fəaliyyət göstərməsinə baxmayaraq, fakt bundan ibarətdir ki, konflikt bugünədək həll olunmayıb, Azərbaycanın işğal altında olan əraziləri geriyə qaytarılmayıb. Təbii ki, bunların da çox ciddi səbəbləri var...

- Hansı səbəblərdən söhbət gedir?

- Səbəblərdən biri ondan ibarətdir ki, münaqişənin həll olunmasını öz üzərinə götürmüş vasitəçilər təcavüzkarla təcavüzə məruz qalmış tərəflərə eyni münasibət bəsləyir. Belə bir yanaşma da təbiidir ki, münaqişənin aradan qaldırılmasına heç cür kömək etmir. İkincisi, son zamanlar Türkiyənin təşəbbüsü ilə münaqişənin nizama salınması istiqamətində həm bir fəallıq yaranıb, həm də münaqişəni tənzimləməkdən ötrü müəyyən əhəmiyyətli perspektivlər açılıb. Bu da Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ideyasının Ermənistanın işğal etdiyi torpaqları azad etməsi şərtləri daxilində reallaşması ilə bağlı Türkiyənin çox ədalətli mövqeyini ortaya qoymasıdır. Sağlam məntiq ondan xəbər verir ki, münaqişənin nizama salınmasını istəyən və bunu bir vasitəçi kimi öz üzərinə öhdəlik olaraq götürmüş tərəflər Türkiyənin belə bir mövqe ortaya qoymasını ikiəlli dəstəkləməlidirlər. Çünki nəticə etibarilə belə bir mövqe münaqişənin həll olunmasına müsbət təsir göstərir. Amma bütün bunlara rəğmən, ortada olan mövqe ondan ibarətdir ki, münaqişəni nizama salmalı olan tərəflər Türkiyənin bu mövqeyini dəstəkləyərək, konfliktin həll olunmasına real dəstək vermək əvəzinə, Türkiyəyə təzyiqlər göstərirlər ki, Ermənistanla sərhədləri açsınlar. Təbiidir ki, bütün bunların hamısı Azərbaycan vətəndaşlarında çox ciddi nigarançılıq yaradır. Belə demək mümkünsə, bugünləri səsləndirilən bütün bu fikirlərin kökündə dayanan mahiyyət bundan ibarətdir. Mən heç cür arzu etməzdim ki, səsləndirilən tənqidi fikirləri Azərbaycanda bir antiamerika əhval-ruhiyyəsinin təzahürləri və əks-sədası kimi qəbul etsinlər. Bu, sadəcə, Azərbaycanın hər bir vətəndaşının yaranmış vəziyyətlə əlaqədar narahatçılığının ifadəsidir. Mən belə hesab edirəm ki, bu da vətəndaş mövqeyinin ifadəsi kimi qəbul olunmalıdır.

- Necə hesab edirsiniz, ABŞ-a ünvanlanmış sərt fikirlər Qarabağ məsələsinə yanaşmada həmin dövlətin mövqeyində müəyyən dəyişikliklərə gətirib çıxara bilərmi? - Əvvəla mən qeyd etmək istəyirəm ki, bu cür narazılıqların ifadə olunması hər bir millətin öz taleyinin sahibi olmaq kimi hüququnun və haqqının ifadəsi sayılmalıdır. Mən istərdim ki, bunu vətəndaş mövqeyi kimi, millətin öz taleyinə biganə olmaması kimi qəbul edək. Bu, təbii ki, belədir. Digər bir tərəfdən, Azərbaycanda həyata keçirilən siyasət – istər daxildə, istər xaricdə, birincisi, Azərbaycan xalqının maraqlarına xidmət edir, ikincisi də Azərbaycan xalqının iradəsinə əsaslanır. Azərbaycan prezidentinin həyata keçirdiyi xarici siyasət də eyni prinsiplərə istinad edir və təbii ki, bunlar da həm Azərbaycan vətəndaşlarının maraqlarına xidmət, həm də mənafe və iradəsindən çıxış etməkdir. Bu mənada yanaşdıqda sizin sualınıza bu cavabı verə bilərəm ki, əgər Azərbaycan vətəndaşları bütövlükdə Azərbaycanın ən vacib problemi olan Dağlıq Qarabağ münaqişəsinin nəticələrinin aradan qaldırılması ilə bağlı ABŞ-ın tutduğu mövqedən narahatçılıq ifadə edirlərsə, bu və ya digər dərəcədə Azərbaycanda həyata keçirilən siyasətdə də özünün təsirini göstərəcək. Eyni zamanda, mən belə düşünürəm ki, bütövlükdə bu yaranmış mənzərə ABŞ-la Azərbaycan arasında formalaşmış münasibətlərin, əməkdaşlığın səviyyəsinə uyğun deyil, Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın həyata keçirdiyi missiyaya uyğun gəlmir. Bütövlükdə dünyanın ən güclü dövləti kimi ABŞ-ın öz üzərinə götürdüyü imiclə yenə də bir araya sığmır. Bütün bunları rezume edərək bir daha bildirmək istəyirəm ki, çox yəqin ABŞ-ın rəsmi siyasəti Azərbaycandan gələn ictimai maraqları və nigarançılığı ifadə edən siqnalları mütləq şəkildə eşidəcək və eyni zamanda güman edirəm ki, yaxın zamanlarda bu istiqamətdə dəyişiklikləri müşahidə etməli olacağıq.

- Bu dəyişikliklər müsbətə doğru dəyişikliklər olacaq, yoxsa?..

- Mən güman edirəm ki, bu dəyişikliklər müsbət olmalıdır. Əgər ABŞ Minsk qrupunun həmsədri kimi öz üzərinə götürdüyü missiyanın ədalətli şəkildə tərəfsiz olaraq yerinə yetirilməsində maraqlıdırsa, onda mütləq şəkildə bu dəyişiklikləri müşahidə etməliyik.

- Birdən əgər bu dəyişikliklər müsbətə yox, mənfiyə doğru olarsa, bəs o zaman Azərbaycan tərəfi hansı addımlar ata bilər?

- Siyasət çox ciddi hesablamalar, formalaşmış münasibətlər əsasında həyata keçirilir. ABŞ-la Azərbaycan arasında həm iqtisadi, həm də digər sferaları əhatə edən əməkdaşlıq münasibətləri formalaşıb. Öz növbəsində Azərbaycan bu münasibətləri müsbət qiymətləndirir və hesab edirəm ki, ABŞ da bu münasibətləri yüksək səviyyədə dəyərləndirir. Ən azından bu yöndə bəyanatları biz dəfələrlə ABŞ-ın rəsmi nümayəndələri tərəfindən eşitmişik. Belə olan halda, mən hər iki tərəfin münasibətləri yüksək qiymətləndirdiyini nəzərə alaraq, xalqın iradəsinin və narazılığının ifadəsi olan bu siqnalların mütləq şəkildə öz adresinə çatacağına da inanıram.

Kamil Həmzəoğlu

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir