Modern.az

YAP iqtidarının istefa verən məmurları - SİYAHI

YAP iqtidarının istefa verən məmurları - SİYAHI

Ölkə

14 Oktyabr 2013, 16:31

Azərbaycanda istefa mədəniyyəti hələ formalaşmayıb


Prezident İlham Əliyev üçüncü dəfə seçkidə qalib gəldikdən sonra onun yeni komandasında kimlərin təmsil olunacağı, hansı məmurların istefaya göndəriləcəyi maraq doğurur. Ölkə qanunvericiliyinə əsasən,  prezident seçkisinin yekunları haqqında məlumat səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi tərəfindən rəsmən elan edilməli, sonrakı 3 gün ərzində isə prezidentin andiçmə mərasimi keçirilməlidir.  

Prezident andiçmədən sonra fəaliyyətə başladığı ilk gündə Nazirlər Kabineti tam heyətlə istefaya göndəriləcək və yeni hökumət formalaşdırılacaq. Qeyd edək ki, bundan öncə keçirilmiş seçkilərdən sonra prezident İlham Əliyev Nazirlər Kabinetinin tərkibində çox cüzi dəyişiklik edərək, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini öz vəzifələrində saxlamışdı.

Maraqlıdır, bəs bu dəfə necə olacaq, prezidentin seçkiöncəsi sərt xəbərdarlığından sonra hansı məmur öz vəzifəsinə təsdiqlənəcək, kimlər təsdiqlənməyəcək?

Qeyd edək ki, Azərbaycanda istefa mədəniyyəti formalaşmadığından həç bir məmur prezident onu vəzifədən kənarlaşdırmayınca öz postundan getmir. Yəni, dünya təcrübəsi ilə müqayisədə Azərbaycan reallığında istefa ənənəsi mövcud deyil. Sivil ölkələrdə yüksək çinli məmurların kiçik bir narazılığa görə istefa verməsi normal hal kimi qarşılanırsa, bizdə vəziyyət tam fərqlidir - məktəb direktorundan tutmuş nazirə kimi heç bir vəzifəli şəxs öz postunu öz xoşuna tərk etmək haqda düşünmür. Əksinə onlar vəzifə kreslosunu başqasına verməmək üçün canfəşanlıq etdirlər.

Azərbaycanda indiyədək cəmi bir neçə dəfə yüksək vəzifə sahiblərinin istefası baş verib. Amma təəssüf ki, həmin istefalar bir ənənənin əsasına çevrilməyib.

Modern.az saytı ölkəmizdə istefa verən məmurlarla bağlı kiçik araşdırma aparıb.

Siyasi elitanın xanım nümayəndəsi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Azərbaycanın müstəqillik dönəmində istefa verən ilk yüksək vəzifəli şəxs olub. O, 1993-cü ildə ölkə başçısı Heydər Əliyev tərəfindən Bakıya dəvət olunmuş və həmin il iyulun 7-də Azərbaycan Respublikasının dövlət katibi vəzifəsinə təyin edilmişdi.
L.Şövkət bu vəzifədə cəmi 6 ay fəaliyyət göstərdi. 1994-cü ilin yanvarında ali hakimiyyət orqanlarında yaranan korrupsiya və rüşvətxorluq hallarına etiraz etdiyini bəyan edərək, istefa verdi. Və bununla da Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yarandı.
2005-ci ildə millət vəkili seçilən L.Şövkət o zaman da deputatlıq mandatından imtina edən ilk xanım siyasətçi kimi də tarixə düşdü.

Milli Məclisin hazırki deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı vaxtilə nazir postundan istefa verib. 1991-ci ildə Ayaz Mütəllibovun hakimiyyəti dövründə mətbuat və informasiya naziri vəzifəsinə təyin olunan S.Rüstəmxanlı 4 ildən sonra 1995-ci ildə Heydər Əliyev iqtidarı zamanı tutduğu vəzifədən istefa verib.
S.Rüstəmxanlı 1996-cı ildə Azərbaycan Respublikası prezidentinin fərmanıyla ona verilən "Şöhrət" ordenindən də imtina etmişdi.

1996-cı il sentyabrın 11-də Azərbaycanı şoka salan daha bir istefa baş verdi. O zaman Milli Məclisin sədri Rəsul Quliyev istefa verdi. O, elə həmin ildən ABŞ-a mühacirət etdi və hələ də Azərbaycana qayıda bilmir.  Mövcud hakimiyyət Quliyev barəsindən cinayət işi açaraq, onun Azərbaycana gəlişini əngəlləyib.

Tanınmış diplomat, hazırda politoloq kimi müstəqil fəaliyyət göstərən Vəfa Quluzadənin
də adını könüllü istefa verən vəzifəli şəxslər siyahısında çəkmək olar.
Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə xarici siyasət üzrə dövlət müşaviri olan Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak edib.
V.Quluzadə 1999-cu ilin sonlarında o zamankı xarici işlər naziri Tofiq Zülfüqarov və prezident katibliyinin rəhbəri Eldar Namazovla bir vaxtda istefa verib. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

1992-ci ildən Xarici İşlər Nazirliyində işə başlayan Tofiq Zülfüqarov əvvəlcə nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər xarici işlər naziri işləyib. O 1999-cu ildə öz öz ərizəsi ilə vəzifəsindən gedib.
Tofiq Zülfüqarov hazırda Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiridir.

Hazırda hakimiyyətə qarşı radikal mövqedə dayanan “El” hərəkatının rəhbəri, Milli Şuranın üzvü Eldar Namazov da vaxtilə indiki iqtidarın əsas aparıcı simalarından idi. O, 1993-cü ildən Heydər Əliyev hakimiyyəti zamanı Aərbaycan Respublikası prezidenti katibliyinin rəhbəri vəzifəsində çalışıb. Namazov da Tofiq Zülfüqarov və Vəfa Quluzadə ilə eyni vaxtda könüllü istefa verib.


Azərbaycanın keçmiş iqtisadiyyat naziri Namiq Nəsurullayev  öz xoşu ilə məmur postundan gedib. Düzdür, o, istefa verməyib, amma...
Namiq Nəsurullayev 1995-ci ildə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək Azərbaycan Respublikasının iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərib. Daha sonra Azərbaycan Respublikası Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib. 6 il bu vəzifən icra edən eks-nazir 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə pezident sərəncamı əsasında həmin vəzifədən azad edilib. 

“Azərros”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov vaxtilə Nazirlər Kabinetində ən yüksək postlardan birində yer alıb. O, 1992-ci ildən Baş nazirin birinci müavini vəzifəsində çalışıb. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olan A.Abbasov 2006-cı ildə öz ərizəsi əsasında prezident sərəncamı ilə tutduğu vəzifədən azad edilib.
Hazırda A.Abbasov "AST Şirkətlər Qrupu"nun vitse-prezidenti və Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir.

2013-cü il fevral ayında Qubada baş verən xalq etirazından sonra rayon icra hakimiyyətinin başçısı Rauf Həbibov məlum hadisələrdən sonra istefa verdiyini açıqlayıb. Amma bu, məcbur istefa idi. Onun  istefasını qəbul edən prezident 2 mart 2012-ci il tarixli sərəncamı ilə R.Həbibovu  vəzifəsindən azad edib.

Bütövlükdə Avropa və Qərb ölkələri ilə müqayisə də Azərbaycanda istefa mədəniyyətinin hələ inkişaf etmədiyini söyləmək olar.

Anar RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü