Modern.az

Hökumət gələn ilin büdcə layihəsini Prezidentə təqdim edəcək

Hökumət gələn ilin büdcə layihəsini Prezidentə təqdim edəcək

24 Sentyabr 2009, 19:58

Sentyabrın 24-də  Nazirlər Kabinetində Baş nazir Artur Rasizadənin sədrliyi ilə 2010-cu il və sonrakı üç il üçün dövlət büdcəsinin və icmal büdcənin layihələrinin göstəriciləri, Azərbaycan Respublikasının 2010-cu il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası müzakirə edilib, həmin dövr üçün proqnoz göstəriciləri dinlənilib.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2010-cu il üçün dövlət büdcəsinin layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illərdə xalqımızın maddi rifahının yaxşılaşdırılması, iqtisadiyyatımızın sıçrayışlı sürətlə artırılması istiqamətində əldə olunmuş nailiyyətlərin qlobal maliyyə-iqtisadi böhran şəraitində qorunub saxlanılması, müəyyən olunmuş sosial-iqtisadi kursun ardıcıl surətdə davam etdirilməsi zəminində, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasına uyğun, dünya iqtisadiyyatında növbəti illərdə gözlənilən meyillər nəzərə alınmaqla tərtib edilib.
Layihə hazırlanarkən Azərbaycan dövlətinin inkişafı üçün müəyyən edilib, strateji xəttə və prioritet vəzifələrə uyğun olaraq dövlət büdcəsinin sosial və investisiya yönümlülüyünün təmin edilməsinə, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ölkəmizin müdafiə potensialının, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, sahibkarlığın inkişafına dəstək verilməsinə, qəbul olunmuş məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə xüsusi diqqət yetirilib.
Dünya iqtisadiyyatının tənəzzüldən yenicə çıxması fonunda 2010-cu il dövlət və icmal büdcələrinin gəlir və xərclərinin artım sürətinə mühafizəkar yanaşılmaqla 2008-2009-cu illər üçün büdcələrin artım sürətinə nisbətən az proqnozlaşdırılıb. 2010-cu il dövlət büdcəsinin gəlirləri 10 milyard 015 milyon manat təşkil etməklə ümumi daxili məhsulun (ÜDM) 31,5 faizi həcmində olacaqdır. 2010-cu il dövlət büdcəsinin xərcləri 11 milyard 264 milyon manat proqnozlaşdırılmaqla ÜDM-in 35,4 faizi həcmində olacaq.
Qeyd edilib ki, gələn ilin dövlət büdcəsinin xərclərində cari xərclər 6792,2 milyon manat və ya xərclərin 60,3 faizi həcmində, əsaslı xərclər 4386,3 milyon manat və ya xərclərin 38,9 faizi həcmində, dövlət borcuna xidmətlə bağlı xərclər 85,5 milyon manat və ya xərclərin 0,8 faizi həcmində olacaq.
Sosialyönümlü xərclərin büdcədəki xüsusi çəkisi 34,4 faiz (3878 milyon manat) olmaqla cari illə müqayisədə 1,8 faiz artımla proqnozlaşdırılır.
2010-cu il dövlət büdcəsindən məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı üçün xərclərin 39,0 faizi həcmində və yaxud 4­387,3 milyon manat vəsait ayrılacaq.
Maliyyə naziri onu da vurğulayıb ki, ölkənin müəyyən edilmiş strateji iqtisadi siyasətinə uyğun olaraq, funksional istiqamətlər üzrə 2009-cu ilə nisbətən 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək.
Gələn ilin dövlət büdcəsində konkret sahələr, proqramlar, tədbirlər üçün nəzərdə tutulmuş xərclər haqqında da məlumat verən S.Şərifov bildirib ki, 2010-cu il üçün icmal büdcənin gəlirləri 11 milyard 885 milyon manat, xərcləri isə 12 milyard 466 milyon manat proqnozlaşdırılır.
İqtisadi inkişaf naziri Şahin Mustafayev qeyd edib ki, konsepsiya və proqnozların hazırlanması prosesində 2008-ci ilin yekunları və ötən dövrün sosial-iqtisadi nəticələri, aidiyyəti dövlət orqanlarının, iri müəssisələrin təklifləri, eləcə də ölkə iqtisadiyyatının gələcək inkişafına təsir edə biləcək bir sıra xüsusiyyətlər, o cümlədən inflyasiya meyillərinin artması ehtimalı, neftin qiymətinin kəskin şəkildə artıb-azalması və digər amillər nəzərə alınıb.
2010-2013-cü illər üçün əsas makroiqtisadi göstəricilərin proqnozları hazırlanan zaman beynəlxalq təşkilatların, o cümlədən Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Asiya İnkişaf Bankının proqnozları və həmin proqnozlara təsir edən bütün amillər təhlil edilib. Bu qurumların və digər beynəlxalq təşkilatların Azərbaycan iqtisadiyyatının gələcəyi ilə bağlı proqnozları müsbətdir. Məsələn, 2010-cu il üçün Azərbaycanda ümumi daxili məhsulun artım sürətini Beynəlxalq Valyuta Fondu 12,5 faiz, Dünya Bankı 7,8 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 6 faiz, Asiya İnkişaf Bankı 6,7 faiz proqnozlaşdırırlar.
Eyni zamanda, bu gün müzakirə edilən əsas makroiqtisadi göstəricilərin proqnozlaşdırılması məqsədi ilə neftin bir barrelinin dünya bazar qiyməti 2010-cu il üçün 45 dollar qəbul edilib. Eləcə də, neftin bir barrelinin dünya bazar qiymətini 50 dollar, 55 dollar, 60 dollar və 70 dollar qəbul etməklə proqnozların müxtəlif variantları da hazırlanıb. Bununla yanaşı, növbəti il üçün inflyasiya 3 faiz səviyyəsində proqnozlaşdırılıb.
Baş nazir Artur Rasizadə iclasa yekun vurandan sonra dövlət büdcəsinin layihəsini ölkə Prezidentinə təqdim etmək qərara alınıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir