Modern.az

"Stalin rejiminin törətdiyi ağır cinayətləri nəticələrini bu gün də yaşayırıq"

"Stalin rejiminin törətdiyi ağır cinayətləri nəticələrini bu gün də yaşayırıq"

Parlament

29 Aprel 2010, 11:47

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva qurumun prezidenti Mövlud Çavuşoğlunun SSRI-də baş verən aclıq (“Qolodomor”) qurbanlarına həsr olunmuş hesabatı üzrə aparılan müzakirələrdə çıxış edıb. Q.Paşayeva deyib:

"Mən əvvəlcə məruzəçi və assambleyamızın sədri Mövlud Çavuşoğluna belə bir vacib və əhəmiyyətli mövzu ilə bağlı hazırladığı geniş və hərtərəfli məruzəsinə görə təşəkkür edirəm. Totalitar Komunist rejiminin, Stalin rejiminin törətdiyi ağır cinayətlərin, kütləvi insan haqları pozuntularının nəticələrini və əziyyətlərini keçmiş Sovet İttifaqı  ölkələrinin sakinləri olaraq biz bu gün də yaşamaqda davam edirik. Bu gün biz Böyük Aclıq yəni «Qolodomor» zamanı məhv edilən milyonlarla insandan danışırıq.  Milyonlarla günahsız insan Stalin rejiminin cinayətlərinin qurbanına çevrildilər. Bu günkü  müzakirələr Beynəlxalq ictimaiyyətin gec də olsa bu kütləvi insan haqları pozuntusuna, bu cinayətə, bu faciəyə qarşı etirazı və ittihamı kimi qəbul edilə bilər. Bəli, biz gələcəkdə bu kimi cinayətlərin təkrarlanmaması üçün onlardan danışmalı və onları pisləməli, faciə qurbanlarını yad etməliyik. Mən məruzədə qeyd olunan bütün təklifləri dəstəkləməklə yanaşı vurğulamaq istəyirəm ki, Parlament  Assambleyası olaraq biz SSRİ dövründə Kommunist totalitar rejimlər, Stalin rejimi  tərəfindən törədilən digər cinayətləri, faciələri, kütləvi insan haqları pozuntularını da pisləməliyik. Məlumat üçün qeyd edim ki, 1937-ci illərdə totalitar Stalin rejimi dövründə imperiyanın bəzi ölkələrində on minlərlə ziyalılar, alimlər, yazıçılar, şairlər güllələndilər. Səbəb sadəcə bir şey idi. Bu insanlar öz millətlərinin tarixinin, dilinin, mədəniyyətinin əllərindən alınmasına etiraz edirdilər və millətlərinin düşünən beyinləri, danışan dilləri idi…. Məhz həmin illərdə  minlərlə azərbaycanlı ziyalı, alim, yazıçı bir sözlə millətin düşünən beyninin böyük bir hissəsi Stalin rejimi tərəfindən məhv edildi, ailələri isə sürgün olunduqları Sibir çöllərində dəhşətli əziyyyətlərlə üz-üzə qaldılar". Qənirə Paşayeva deyib ki, totalitar Stalin rejimi dövründə təkcə 1948-53-cü illərdə 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunub: "Mən totalitar Stalin rejimi dövründə bir neçə gün içərisində qatarlara doldurularaq öz evlərindən, torpaqlarından deportasiya olunan xalqları, insan haqları kütləvi şəkildə pozulmuş milyonlarla insanları da xatırlatmaq istəyirəm. Onların çoxusu yollarda həlak olur, bir çoxları isə sürgün olunduqları yerlərdəki dəhşətli aclıq, soyuq və xəstəlikdən həyatlarını itirirdilər. Krım tatarlarının, Krım türklərinin üzləşdikləri o dəhşətli faciənin nəticələr hələ də davam  edir. Geri dönmək haqları əldə etsələr də hələ də bir çox problemlərlə üzləşir və əziyyət çəkirlər. Biz onların üzləşdikləri problemlərin həlli istiqamətində öz dəstəyimizi daha da artırmalıyıq. Daha bir xalq.  Qatarlara doldurularaq öz evlərindən, öz yurdlarından deportasiya olunan mesxeti türkləri…  Totalitar Stalin rejiminin törətdiyi bu dəhşətli cinayətin, bu kütləvi insan haqları pozuntusunun əziyyətini mesxeti türkləri bu gün də çəkməkdə davam edir. Avropa Şurasının da dəstəyi ilə evlərinə dönmək haqqı qazana bilən mesxeti türklərinin evlərinə dönüş prosesinin sürətlənməsi üçün biz hamımız əlimizdən gələni etməliyik. Bu həm də ədalətin bərpası olardı.

Mən tomalitar Stalin rejiminin və ümumiyyətlə sovet totalitar kommunist rejiminin törətdiyi faciələrdən, cinayətlərdən əziyyət çəkmiş bir millətin nümayəndəsiyəm. 1920-ci illərdə Azərbaycanın qədim bir hissəsi olan Zəngəzur zorla Azərbaycandan alınaraq Ermənistana verildi. Totalitar Stalin rejimi dövründə təkcə 1948-53-cü illərdə 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olundu. Evləri, mülkləri, əşyaları hər şeyləri əllərindən alınan 100 minlərlə insanın haqları kütləvi şəkildə tapdalandı. Həmin dövrdə törədilən o cinayətin nəticələri  bu gün də davam  edir. Həmin insanlar 60 ildir ki, öz evlərinə, yurdlarına qayıda bilmirlər. Çünki Ermənistan dövləti onların geri dönüşünə imkan vermir. Minlərlə insan evinə, yurduna dönmək həsrəti ilə dünyadan köçür. Bundan ağır faciə olan bilərmi? Mən sizi bu insanların taleyinə biganə qalmamağa çağırıram və onların evlərinə dönüş haqqının tanınması üçün dəstək göstərməyinizi xahiş edirəm. Bəli, qətnamə layihəsində deyildiyi kimi biz tarixi həm də ona görə öyrənməliyik ki, gələcəkdə bu kimi hadisələrin baş verməsinə imkan verilməsin….  Bu günkü müzakirələr də məhz buna xidmət edir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir