Modern.az

Təhsil Nazirliyinin bağladığı universitetdən reportaj

Təhsil Nazirliyinin bağladığı universitetdən reportaj

Reportaj

30 Aprel 2010, 17:24

Moskva Dövlət Açıq Universitetinin rəhbərinin erməni olduğunu Bakı filialında təsdiqlədilər

 

Təhsil Nazirliyi Moskva Dövlət Açıq Universitetinin Bakı filialının lisenziyasını ləğv edib. Təhsil naziri Misir Mərdanov bildirb ki, hökumətdəki müvafiq qurumlarla məsləhətləşmədən sonra fəaliyyəti dayandırıan filialın tələbələrinin digər özəl ali məktəblərə köçürülməsi barədə qərar qəbul oluna bilər.

Bağlanma xəbəri bu ali təhsil müəssisəsində birmənalı qarşılanmayıb. Modern.az saytının əməkdaşı nazirlik tərəfindən “fatihəsi” verilən təhsil müəssisəsində olub, müəllim və tələbələrlə söhbətləşib.

Əməkdaşımızın ilk görüşdüyü şəxs Moskva Dövlət Açıq Universitetinin Bakı filialının iqtisadiyyat fakültəsinin dekanı Rahib Salahov olub. ”Biz Rusiya qanunları əsasında tələbə qəbulu aparmışıq”

Müsahibimiz bildirib ki, filialın Bakıda fəaliyyətə başlaması 1995-c il ildə Azərbaycanda yaşayan rusdilli əhalinin müraciəti əsasında gerçəkləşib. “1996-ci ildə Rusiya tərəfindən lisenziya alımışdıq. Həmin lisenziya əsasında da fəaliyyət göstərirdik. Universitetə bu günə qədər dörd dəfə lisenziya verilib. Hər beş ildən bir universitet lisenziya alıb.

Bu ali məktəb Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçib. Bir müddət öncə Təhsil Nazirliyi tərəfindən universitetdə araşdırmalar aparıldı. Araşdırmaların nəticəsinə görə, Azərbaycan Təhsil Nazirliyi ictimaiyyətə məlumat verdi ki, bu il sentyabrın 1-də bizə verilən lisenziyanın vaxti başa çatır. Səbəb kimi lisenziyanın bəzi müddəalarına universitetin əməl etməməsi göstərildi”. Maraqlıdır ki, dekan Bakıda Azərbaycan qanunları əvəzinə Rusiya qanunları əsasında fəaliyyət göstərdiklərini deyir. “Bizim Rusiya tərəfindən verilən lisenziyamız da var. Ona görə də Rusiyanın təhsil ocağı kimi faliyyətimiz hələ ki, davam edir”.

Dekan bildirib ki, fəaliyyətə başladıqları gündən indiyə qədər bu universitet filialının dəfələrlə bağlanması məsələsi qaldırılıb:

“2006-cı ildə filialların bağlanması barədə məhkəmə qərarı olmuşdu. Bu qərar Moskva Dövlət Açıq Universitetinin Bakı filialına da aid edilmişdi. Sonradan Təhsil Nazirliyinin qaldırdığı bu iddia Ali Məhkəmə tərəfindən rədd edildi. Çünki bizim ali məktəb Rusiyanın təhsil ocağıdır, Azərbaycanın yox. Universitetə 2007-ci ildə yenidən Təhsil Nazirliyi tərəfindən lisenziya verildi. 2007-ci ildən bu yana biz universitetə tələbə qəbul aparmamışıq”.

 

Rahib Salahov deyir ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialı tam qapadılarsa, tələbələr digər özəl universitetlərə yerləşdiriləcəklər:

“Təhsil naziri Misir Mərdanov da həmişə öz çıxışlarında bildirib ki, əgər universitet bağlanarsa, onda tələblərimiz ixtisaslarına uyğun olaraq digər özəl ali məktəblərə yerləşdirləcəklər. Universiteti bu il bitirən tələbələrə də diplomunların verilməsində heç bir problem yaşanmayacaq. Sentyabrın 1-dək tələbələr öz diplomlarını alacaqlar”. 

Dekanın sözlərinə görə, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında bütün tələbələr qanuni olaraq təhsil alırlar:

“Burda bir nəfər də olsun qanunsuz oxuyan tələbə yoxdur. Hər bir tələbə Rusiya dövlətinin qanunları əsasında bura qəbul olunub. Onun tədris proqramları əsasında oxuyur. Bizdə təhsil alan tələbələr var ki, Rusiya vətəndaşıdır, müxtəlif səfirlikdə çalışan diplomatların övladlarıdır. Onlar Azərbaycanda keçirilən testdə iştirak etməyiblər. Rusiyanın qanunları əsasında bizdə təhsil alırlar. Biz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbulda iştirak etmirik. Rusiyadan testoloqlar, komissiyalar gəlir, universitetə tələbə qəbulu müsabiqəsi keçirirlər. Ona görə də, hesab edirəm ki, Rusiyanın qanunlarına uyğun götürdüyümüz tələbələrin hamısı qanuni tələbələrdir”.

 

R.Salahov onu da əlavə edib ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında tələbələrin təhsili üçün lazımi  şərait yaradılıb.

 

Moskvadakı rektor ermənidir

 

Moskva Dövlət Açıq Universitetinin Bakı filialının mətbuat xidmətinin rəhbəri Əli Ağalarovla da söhbətləşdik. Ondan öyrəndik ki, doğrudan da hazırda Moskva Dövlət Açıq Universitetinin rektoru erməni milliyətindən olan şəxsdir. Ə.Ağalarovun sözlərinə görə, bu, Rusiyadan asılı olan məsələdir. Mətbuat katibi Azərbaycanın Təhsil Nazirliyinin filialın lisenziyasının ləğv etməsini düzgün addın saymır:

“Birdən-birə çıxıb deyirlər ki, universitet bağlanacaq. Bundan qabaq Təhsil Nazirliyi yoxlama aparıb. Konkret demirlər ki, filan qüsürlarınız var, düzəldin. Təhsil Nazirliyi, əlaqədar təşkilatlar tapşırıq versin, biz də öz qusurlarımızı aradan qaldıraq. Əgər etməsək, bundan sonra bağlasınlar. Təhsil Nazirliyi lisenziyanı ləğv edir, onu bəhanə gətirir ki, bizim ali məktəbdə təhsilin səviyyəsi aşağıdır. Təhsilin səviyyəsinə görə gəlin bizim universitetlə Azərbaycandakı digər özəl universitetləri müqayisə edək. Əgər bizdə 20 faiz çatışmazlıq varsa, istənilən məktəbdə də bu var. Heç yerdə yüz faizlik iş yoxdur”.

 

Əli Ağalarov etiraf edib ki, əgər köçürülmələr olsa, yenə də problemlər yaranacaq:

“Burada 2 minə yaxın tələbə təhsil alır. Bəs bu qədər tələbənin aqibəti necə olacaq? Deyirlər köçürüləcəklər, ancaq konkret olaraq hara köçürüləcəklər, bilinmir. Mən inanmıram ki, bu köçürülmələr tam yüz faizli həyata keçirilsin. Yenə də bürokratik əngəllər yaradılacaq”.

Valideynlər universitetə axışıb

 

Universitetin 1-ci kurs tələbəsi Emin Babayev  deyir ki, universitet bağlansa, nə edəcəyini bilmir: “Üç fəndən (riyaziyyat, tarix, rus dili) imtahan verib 220 balla bu univeristetə qəbul olunmuşam. Universitetimiz bağlansa, biz tələbələr üçün yaxşı olmayacaq. Heç bilmirik ki, aqibətimiz necə olacaq. Çox istəyirik ki, universitetimiz bağlanmasın”.

 

Söhbətləşdiyimiz bəzi tələbələr bildirirlər ki, belə söz gəzir ki, burada təhsil alanları  “Naxçıvan”, “Təfəkkür” universitetlərinə köçürəcəklər:

“Biz elə təhsilimizi öz universitetimizdə davam etdirmək istəyirik. Ancaq bağlansa, heç olmasa başqa univeritetlərə köçürsünlər”.

Universitetə gələn valideynlər də çox narahat idilər.

“Biz istəyirik ki, ali məktəb bağlanmasın, uşaqlarımız oxuyur, əgər buranı bağlayıb onları başqa yerə köçürəcəklərsə, buna razıyıq. Hələki bizə heç bir məlumat verilmir ki, tələbələrin axırı nə olacaq”.

P.S. Universitet nümayəndələrinin dediklərindən belə məlum oldu ki, buradakı tələbələr bir neçə il öncə bağlanan Müstəqil Azərbaycan Universitetinin tələbələrinin aqibətini yaşayacaqlar.

  

 

 

 

 

 

 

  Təhminə Paşayeva

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü