Modern.az

Oqtay Əsədov Romaya gedir

Oqtay Əsədov Romaya gedir

1 May 2010, 21:20

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Deputatlar Palatasının dəvəti ilə mayın 3-dən 5-dək Romada səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov mayın 1-də keçirdiyi brifinqdə deyib ki,  İtaliya Azərbaycana yaxın, dost ölkələrdən biridir. Səfərin məqsədi dövlətlərimiz, xalqlarımız, xüsusən də parlamentlərimiz arasında münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Oqtay Əsədovun rəhbərlik edəcəyi Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlardan Azər Kərimli, Rüfət Quliyev, Qüdrət Həsənquliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.


 

Səfər zamanı nümayəndə heyətinin üzvləri İtaliya parlamentində olacaq, İtaliya Deputatlar Palatasının sədri Cianfranko Fini, İtaliya Senatı sədrinin müavini Vannino Kiti, Senatın Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri xanım Rossana Boldi ilə görüşlər keçirəcəklər. Görüşlərdə müxtəlif sahələrdə əməkdaşlığımızın bu günü və gələcək inkişaf perspektivləri, parlamentlərarası əlaqələrin inkişafı, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə söhbətlər aparılacaq.

A.Nəsirov onu da bildirib ki, İtaliya parlamenti bu ilin fevralında Cənubi Qafqazdakı vəziyyətə dair sənəd qəbul edib. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə dəstəklənir və Ermənistanın işğalçılıq siyasəti pislənir. Oqtay Əsədovun keçirəcəyi görüşlərdə Dağlıq Qarabağ münaqişəsi də diqqət mərkəzində olacaq.

Səfər çərçivəsində parlament nümayəndə heyəti qədim Romanın tarixi yerlərinə də baş çəkəcək.

 

 


Modern.az

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər