Modern.az

Parlament jurnalistləri deputat Səməd Seyidovu necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Səməd Seyidovu necə xarakterizə edirlər?

3 May 2010, 16:36

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Səməd Seyidov barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?  

 

AzərTAc-ın əməkdaşı Xətayi Əzizov: Azərbaycan parlamentinin tanınmış simalarından biridir. AŞ PA-dakı fəaliyyətini yüksək qiymətləndirirəm. Yaxşı ziyalı, pedaqoqdur”.

“Hürriyyət” qəzetinin əməkdaşı Zülfüqar Hüseynli: Məndə belə bir təsəvvür formalaşıb ki, onun bütün həyatı iclaslardan ibarətdir. Çünki bir neçə dəfə bu və ya digər məsələ barədə zəng edərkən nəinki bir şey soruşmaq hətta “salam” deməyə macal vermir, iclasa tələsdiyini bildirir, sonradan əlaqə saxlayacağını vəd verir. Ancaq deyəsən o, verdiyi vədlərə də etibarsız adamdır. Bəlkə mən yanılıram. Hər halda onda hədsiz eqoizm və bir az da öz kölgəsindən qorxma instinkti var. Ancaq kifayət qədər savadlı və samballı adam olduğunu, hakimiyyətin və müəyyən məqamlarda dövlətimizin maraqlarını beynəlxalq aləmdə təmsil etməsindən də xəbərdaram”.

 

  Modern.az saytının əməkdaşı Elşad Eyvazlı:  “Deputatlar arasında jurnalistlərlə münasibəti olmayan şəxslərdəndir. Mənə elə gəlir ki, o, Azərbaycan media nümayəndələrini ümumiyyətlə saya salmır. Mənim üçün AŞ PA-nın prezidenti Mövlud Çavuşoğluna çıxmaq daha asandır, nəinki Səməd Seyidova. Parlamentari kimi fəaliyyətinə gəlincə, deyə bilərəm ki, Azərbaycanı AŞ PA-da təmsil edir. Ancaq Səməd Seyidovun seçicilərlə görüşə vaxt tapıb-tapmadığından xəbərsizəm”.

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Səməd Seyidov kifayət qədər savadlı, öz işini bilən təcrübəli mütəxəssislərdən, siyasətçilərdən və millət vəkillərindəndir. O, Azərbaycanı kifayət qədər nüfuzlu bir qurumda təmsil edir. Eyni zamanda bu qurumun-AŞ PA-nın təhbərliyində təmsil olunan şəxslərdəndir. O, istər Azərbaycan cəmiyyətində, istərsə də Avropada tanınan bir şəxsdir. Eyni zamanda gözəl nitq qabiliyyətinə, hətta deyərdim ki, siyasi artistizmə malikdir. O, əsl siyasi şoumençidir. Bununla belə, Səməd Seyidovun fəaliyyətində və hərəkətlərində mənfi çalarlar da kifayət qədər çoxdur. Xüsusilə onun jurnalistlərə münasibəti qəbuledilməzdir. O, kimliyindən, hansı mətbu orqanı təmsil etməsindən asılı olmayaraq media nümayəndələrinə yuxarıdan aşağı baxır. Həm də daha çox aşağılayıcı nəzərlərlə baxır. Ümumiyyətlə, onda son dövrlər daha çox özünəvurğunluq, eqoizm özünü biruzə verir”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Səməd Seyidovun jurnalistlərə açıq şəkildə fərq qoyması faktdır. Məsələn, müstəqil mətbuatın əməkdaşlarının nəinki AŞ PA-ın iclasları, hətta onun rəhbərlik etdiyi təhsil ocağında baş verənlər, yaxud da Strasburqda kürkünü itirməsi ilə bağlı müraciətlərini cavabsız qoydu. Bütün bunlara aydınlıq gətirmədi. Səməd müəllim özünü məmur kimi aparır, nəinki Milli Məclisin deputatı kimi. Onun Milli Məclisə 2-ci giriş-çıxış qapısından gəlib-getməsi də jurnalistləri əsəbləşdirir. Dəfələrlə müsahibə verməyi vəd etsə də, hələ də vədini yerinə yetirməyib. Mətbuata qapalıdır”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev : “Aktiv deputatdır. Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini bəyənirəm. Onun çıxışları təqdirəlayiqdir. Milli Məclisdə Avropa məsələləri ilə bağlı qanunverici təşəbbüslər olduqda Səməd Seyidov maraqlı təkliflərlə çıxış edir. İstərdim ki, Səməd Seyidov kimi deputatlarımızın sayı çox olsun”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan: “Səməd Seyidov Milli Məclisin iclaslarında aktiv iştirak etməsə də, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəallıq nümayiş etdirir. Seçiciləri ilə hansı səviyyədə münasibətləri olub-olmaması barədə məlumatım yoxdur. Parlamentdə jurnalistlərlə münasibəti çox da ürəkaçan deyil. Nədənsə həmişə jurnalistlərdən qaçır”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “İstedadlı deputatdır. Universitet rektoru kimi də fəaldır. Azərbaycanı xaricdə təmsil edən deputatlar içərisində ən fəalı Səməd Seyidovdur. AŞ PA-dakı fəaliyyətini yüksək qiymətləndirirəm. Ancaq onun parlamentdə qanunverici təşəbbüslə çıxış etməsini görməmişəm. Jurnalistlərlə də münasibətləri normaldır. Düzdür, bəzi hallarda onu tapmaq olmur”.

     

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Onu mədəni, savadlı deputat kimi tanıyıram. Səməd Seyidov əvvəllər mətbuata daha yaxın idi. Son zamanlar sanki jurnalistlərlə təmasda maraqlı deyil”.

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Azərbaycanı AŞ PA nümayəndə heyətində layiqincə təmsil edir. O, Azərbaycanın maraqlarını müdafiə etməkdə də maraqlıdır. Jurnalistlərlə münasibətləri normaldır. Tam da olmasa da, fəal deputatlar sırasına aid etmək mümkündür”.

 

"Xalq Cəbhəsi” qəzetinin əməkdaşi Ağa Cəfərli: “Milli Məclisin ən aktiv deputatlarından biridir. Milli Məclisdə müxtəlif məsələlərlə bağlı çıxışları, eyni zamanda Azərbaycan hökumətinin mövqeyini və Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasında aktivlik nümayiş etdirir. Onun Azərbaycan Dillər Universitetinin rektoru olmasını doğru qəbul etmirəm. Zatən, bu qanunla qadağandır. Səməd Seyidov millət vəkili kimi daha çox fəallıq göstərsə, yaxşı olar”.

 

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Azərbaycan həqiqətlərinin Avropa Şurası ölkələrinə çatdırılmasında müstəsna xidməti olub. AŞ PA-da Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycanın xeyrinə qəbul olunan qətnamələrdə səyləri olub. Hazırda Azərbaycanı bu qurumda layiqincə təmsil edir. Jurnalistlər üçün müəyyən mənada qapalı deputatdır. Arzu edərdim ki, onun təmsil etdiyi komitənin iclaslarında jurnalistlərin iştirakı təmsil olunsun”.

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri kimi həmişə gündəmdədir. Əsasən beynəlxalq məsələlərlə bağlı çıxış edir. Amma mən onun ancaq bu sahədə ixtisaslaşdığını deyərdim. Milli Məclidə seçicilərinin problemlərinin həlli ilə bağlı çıxışını xatırlamıram. Cari məsələlərin müzakirəsində və ölkədə gedən proseslərlə bağlı məsələlərdə iştirak etmir. Jurnalistlərlə münasibətləri yüksək səviyyədə deyil. Jurnalislər ondan məlumat almaq istədikdə çətinliklə üzləşirlər. Deyərdim ki, bu, onun mənfi xüsusiyyətidir. Arzu edərdim ki, növbəti dəfə seçkilərdə qalib gələrsə, bu məsələləri diqqətdə saxlasın”.

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Adətən gündəlikdə duran məsələlərlə bağlı danışmır. Beynəlxalq məsələlərlə bağlı çıxışları daha çoxdur. Bu xoş təsir bağışlayır. Özü sakit insan təsiri bağışlayır. Onu çox danışan deputatlar sırasına aid etməzdim”.

 

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı:

“Milli Məclisin fəal deputatıdır. Onun haqqında müsbət fikir söyləmək olar. Həm Avropa Şurası Parlament Assembleyasında  nümayəndə heyətimizin rəhbəri, həm də ali məktəb rəhbəri kimi fəaliyyətini yüksək qiymətləndirirəm. Ancaq seçicilərinin problemlərini həll edib-etmədiyi barədə məlumatsızam”.

 

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə: “Milli Məclisdə deputat olmaqdan başqa, onun 2 mühüm postu var. Birincisi, Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ikinci də AŞ PA-dakı nümayəndə heyətinin rəhbəridir. Bu iki postun sahibi olmasına baxmayaraq, az hallarda çıxış edir. O, fəal olmayan deputatlar sırasındadır. Səməd Seyidovun Azərbaycanla müxtəlif ölkələr arasında bağlanan sazişlərin müzakirəsi zamanı çıxışları olur. Milli Məclisdə seçicilərinin problemlərini qaldırmasına rast gəlməmişəm. Bir neçə xarici dil bilən deputatdır. Jurnalistlərlə insani münasibətləri yaxşıdır”.

 

 

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Ziyalı adamdır. Həm universitet rektoru kimi, həm də millət vəkili kimi daim jurnalistlərlə təmasda olmaqda maraqlıdır. O, AŞ PA-da Azərbaycanla bağlı jurnalistlərin müraciət etdiyi məsələləri hər zaman hara qədər lazımdırsa, cavablandırır. Digər millət vəkilləri ilə müqayisədə Səməd Seyidovu daha irəlidə görürəm”.

 APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Mən onu xarakterizə etmək istəmirəm”

 

 

Günay MUSAYEVA

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?