Modern.az

Atəşin kəsilmədiyi yer - Tovuzun sərhədd kəndindən reportaj

Atəşin kəsilmədiyi yer - Tovuzun sərhədd kəndindən reportaj

4 May 2010, 20:41

st1:*{behavior:url(#ieooui) }

Koxa Nəbi kəndi Tovuz rayonunun 1988-ci ildən bu yana düşmənin atəşi altında həyatın davam etdiyi yaşayış məntəqələrindən biridir. Modern.az-ın əməkdaşı bu günlərdə həmin kənddə olub, əhalinin yaşayışı, problemləri ilə maraqlanıb.

Koxa Nəbi kəndinin Ermənistanla 5 km sərhəddi var. Bura 40 ev, 60 təcərrüfatdan ibarərət kiçik bir kənddi. Müharibə getdiyi üçün kəndi tərk edənlər də olub. Amma bu, o qədər də çox deyil. Cəmi 3-4 ev boşalıb ki, onun da obyektiv və subyektiv səbəbləri var. Deyilənə görə, boşalan evlərdən birinin sahibinin şəhərdə evi və işi olduğu üçün ailəliklə köçüb gedib. Daha bir nəfərin isə səhhətilə əlaqədar kəndi tərk etdiyi deyilir ki, sakinlər bunu heç də müharibə ilə əlaqələndirmək istəmədilər.

Kəndin bütün evləri yüksəklikdə olan düşmən postları tərəfindən çox aydın görünür. Elə erməni postları da, orada hərəkət edən düşmən əsgərləri də kənddən görünür. Kənd sakinlərindən eşitdim ki, kəndə girib-çıxmaq qorxuludur. Hətta sakinlərdən biri mənim açıqlıqda durub düşmən postlarına baxdığımı görərəkən “ehtiyatlı ol, snayper səni vurar” dedi.

Kəndə əsasən axşamlar atəş açılır. Amma sakinlər buna adət ediblər.

Həmsöhbətim Cəbrayıl kişinin dediyinə görə, artıq güllə səsləri onlara türklər demiş “vız gəlir”: “Biz güllə səslərinə öyrəşmişik. Bakıdan bir dəfə qonaqlar gəlmişdi, ermənilər ordan güllə atan kimi, qonaqlar durub qaçdılar. Onlar görməyib axı, bu vəziyyəti. Biz adət eləmişik. Amma bu atəşlər yenə də narahatlıq doğurur, son qoyulsa, yaxşı olar”.

 

38 yaşlı Lətifə Hüseynova atəşkəsin tez-tez pozulmasından bərk narahatdı: “Ermənilər bizə rahatlıq vermirlər. Gecələr ürəyimiz ağzımızdan gəlir. Çox pis yaşayırıq. Ermənilər tez-tez atırlar. Axşam olanda kəndin üstünə də gəlirlər. Bu yaxınlarda kəndin qırağındakı meşənin içində 2-3 erməni əsgəri minaya düşüb”.

Qeyd edim ki, kənddəki bütün evlərin Qərb istiqamətdəki pəncərələrinin daş, kərpic, hətta palçıqdan hörüldüyünü də müşahidə etdim. Sakinlər düşmən güllələrindən qorunmaq üçün belə ediblər. Lətifə Hüseynova deyir ki, əvvəllər ermənilər pəncərələri tez-tez atəşə tuturmuş: “Gecə-gündüz evlərə atırdılar. Evin içində oturmaq olmurdu. Ona görə də erməni tərəfdən görünən pəncərələri hörmüşük ki, evin içinə atmasınlar. Qorxumuzdan gecə də, gündüz də yata bilmirik. Bax, orda (təpəliyi göstərir-A.A.) ermənilərin 3 yerdə postu var. Bizimkilərin postu da biri sağ tərəfdə, biri də sol tərəfdədi. Ermənilər atanda bizimkilər də onlara atır. Bax, beləcə qorxa-qorxa, ürkə-ürkə yaşayırıq”.

 

Koxa Nəbinin kiçik yaşlı sakini Mustafa Hüseynov isə düşməndən qorxmur. 4-cü sinif şagirdi olan Mustafa deyir ki, anadan olandan güllə səsələri eşidir: “Ermənilər kəndimizə tez-tez atırlar. Güllə səslərinə öyrəşmişəm. Ermənilərdən qorxmuram. Bizim əsgərlərimiz onların cavabını verirlər”.

Bu yerdə bildirim ki, kənddə məktəb olmadığı üçün şagirdlər xeyli məsafə qət edib yaxınlıqdakı Əsrik kənd orta məktəbinə gedirlər.

 

Digər kənd sakini Mamoy Əhmədov yeganə problemlərinin atəşkəsin pozulmasıyla bağlı olduğunu dedi: “Ermənilər kəndə atmasalar, daha heç bir çətinliyimiz olmaz. Kənd yeridi də, camaat əkin-biçinlə məşğuldu, mal-qara saxlayırıq, işığımız, suyumuz var. Bir dənə qazımız yox idi, onu da deputatımız Nazim Məmmədov həll elədi. Kəndə qazı Nazim Məmmədovun təşəbbüsü ilə çəkdilər. Allah köməyi olsun, yandırmağa odun tapmırdıq. Meşəyə girmək də olmurdu, erməni vura bilərdi, minaya düşə bilərdik. Təkcə bir dərdimiz var, o da bu müharibədi». 

Kənd sakini Nəsib Hüseynov bildirdi ki, Koxa Nəbidə müharibə 1988-ci ildən gedir. Nəsib müəllimin sözlərinə görə, sovet hökümətinin vaxtında da, müstəqillik illərində də kəndlərini düşməndən yüksək səviyyədə qoruyublar: “Özümüzün könüllü dəstəmizlə torpağımızı qoruduq. Bunun müqabilində də ermənilər bizim bir qarış torpağımıza da girə bilmədi. 1994-cü ildə atəşkəs elan olunandan sonra da ermənilər tez-tez atırlar. Bizim hərbçilərimiz kəndimizi yaxşı müdafiə eləyirlər. Neyləyək, yaşamalıyıq də... Bizim  taleyimiz belə gətirib”.

Nəsib Hüseynovun dediyinə görə düşmən Koxa Nəbi camaatının təsərrüfatına da ziyan vurur: “Yanan güllələrdən atıb ot tayalarını yandırırlar. Müəyyən evlərə ciddi ziyan dəyib. Evlərin dam örtüklərini deşik-deşik ediblər. Çöldə-bacada işləyəndə də bir də görürsən ki, atmağa başladılar. Ona görə də təhlükəsizliyimizi özümüz gözləyirik. Yəni ehtuyatlı olmaq lazımdır. Atırlar axı. Müəyyən təhlükəli yerlər var ki, orada görünməməyə çalışırıq”.

 

Kənd sakinləri yaxın vaxtlarda kənddəki həkim ambulator məntəqəsinin bağlanmasından narazılıqlarını da gizlətmədilər. Nəsib Hüseynovun sözlərinə görə məntəqənin işçiləri indi işsiz qalıblar: “11 nəfər ordan maaş alırdı. Cavan kadrları işsiz qoyublar. İndi bilmirik ki, onu hansı əsasla bağlayıblar”

 

Koxa Nəbi sakini Qəşəm Hüseynovun narahatlığı da yalnız ermənilərlə bağlıdır: “Ayrı nə dərdimiz olacaq ki? Qazımız, işığımız var, suyumuz da təbii bulaq suyudu. Torpaqlar da hamısı dəmyədi, ora su çəkmək lazım deyil. Müharibə yatsaydı, rahat yaşayardıq”.

 

Koxa Nəbi camaatının məşğuliyyətlərinə gəlincə, onlar əsasən kartofçuluq və mal-qara saxlamaqla məşğuldur. Kəndlilər torpağı ehtiyatla əkib-becərirlər. Çünki hər an düşmən snayperlərinin gülləsinə tuş gəlmək təhlükəsi var. Odur ki, təhlükəli yerlərdə əkin-biçinlə əsasən  gecələr məşğul olurlar. Ermənilər Koxa Nəbi camaatının mal-qarasını da güllələyirlər. Deyilənə görə indiyədək saysız-hesabsız heyvan güllələnib. Hətta heyvanların minaya düşdüyü və Ermənistan tərəfə keçdiyi vaxtlar da çox olur. Bu isə onsuz da maddi-rifahı yaxşı olmayan kənd sakinləri üçün əlavə bir çətinlik yaradır.

 

Lakin bütün bu çətinliklərə baxmayaraq, Koxa Nəbi camaatı kəndi tərk etmək fikrində deyil. İnsanları burda qalmağa məcbur edənsə Vətən sevgisidir.

 

 

Atəş altında yaşayan Koxa Nəbi...

 

Kənd sakini Mamoy Əhmədov "Bax həmişə ordan atırlar, rahatlığımız pozulub eyy...".

 

4-cü sinif şagirdi Mustafanın dünyaya gələndə ilk eşitdiyi səs güllə səsi olub.

 

Evlərin pəncərələri daşla hörülüb ki, güllə içəri keçməsin.

 

Yuxarıdakı təpələrdə 3 erməni postu var.

 

Nəsib Hüseynov: "Neyləyək, yaşamalıyıq də... Bizim taleyimiz belə gətirib”.

 

Burada isə bizim əsgərlərin postları var. 

 

Bütün çətinliklərə baxmayaraq kənddə həyat davam edir.

 

Arxada görünən yüksəklikdən hər an ətəşə tutula bilərik.

Aqil Aslan

Bakı-Tovuz-Bakı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir