Modern.az

Azərbaycan xalçası öz “Evi”ni tapdı

Azərbaycan xalçası öz “Evi”ni tapdı

4 Dekabr 2013, 09:34

Bu günlərdə Azərbaycan mədəniyyəti üçün iftixar ediləcək bir hadisə baş verdi.

Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasında sərgilərin tərtibatının təşkili ilə tanış oldu. Dövlət başçısının açılışını etdiyi yeni muzeyin 15 mindən çox eksponatdan ibarət nadir kolleksiya mühafizə olunur. Bu kolleksiyanın tamaşaçılara təqdimatı üçün binada müasir tipli sərginin nümunəsi yaradılır.

 Ekspozisiyadakı xalçalar arasında XVII, XVIII, XIX və XX əsrlərdə toxunan dünya şöhrətli kompozisiyalara rast gəlmək mümkündür. Azərbaycan mədəniyyəti və incəsənətinin qorunması və inkişafı üçün ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva daim fədəkarlıq nümayiş etdirir.  

Yadınıza salaq, hələ 2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Tehranda bir sıra görüşlər keçirərkən Tehrandakı xalça muzeyində də olmuşdu. Mehriban xanım Əliyevaya məlumat verilmişdi ki, burada İranın qədim və zəngin xalçaçılıq sənətinə aid minlərlə əl işi saxlanılır. Təbriz, Kaşan, Kirman, İsfahan və Yəzd şəhərlərinin fərqli sənət məktəblərinin nümunələri ilə tanış olmuş Mehriban xanım Əliyeva bəlkə də elə həmin an Azərbaycanda belə bir muzeyin niyə mövcud olmaması haqda düşüncələrə dalıb. Təbii ki, bu, gerçəyə çox yaxın olan ehtimaldır, amma məlum həqiqət budur ki, Azərbaycanın xalçası məhz Mehriban xanım Əliyevanın sayəsində YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib. Bu, şübhəsiz ki, Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

Bu silsilə tədbirləri sadalayarkən Mehriban xanım Əliyeva Parisdə Azərbaycan Mədəniyyəti günləri çərçivəsində keçirtidiyi bir sıra görüş və tədbirləri unutmamaq gərəkdir. “Odlar Yurdu Azərbaycanın müasir əsərləri” adlı sərgi ilə yanaşı, YUNESKO-nun baş direktoru İrina Bokovanın görüşü xüsusi vurğulamaq gərəkdir. Həmin görüşdə sonra YUNESKO-da Azərbaycan xalçalarının sərgisi açılıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun baş direktoru İrina Bokovanın iştirak etdiyi sərgidə coğrafi mövqeyinə, naxış, kompozisiya, rəng çaları və texniki xüsusiyyətlərinə görə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri təmsil olunub. Burada nümayiş etdirilən xalçalar sərgiyə gələnlərdə böyük maraq doğurub. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırıb.

Bu sərgidən də görünür ki, Azərbaycanda xalçaçılığın inkişafının qədim tarixi var. Qədim və orta əsrlərdəki mənbələrdə Azərbaycan xalçaları haqqında əksini tapan məlumatlar xalqımızın milli sərvəti olan xalçaçılıq sənəti barədə ən qiymətli faktları özündə əks etdirir.


Böyük tarixi inkişaf yolu keçən Azərbaycan xalçaları bu gün də elm kimi öyrənilir, tədqiq olunur. İndi Azərbaycan xalılarının sorağı dünyanın ən məşhur saraylarından, muzeylərindən gəlir.   Sərgidə nümayiş etdirilən işlər arasında xalq rəssamı Tahir Salahovun əsərlərini əks etdirən xalçalar da var idi. Dünya şöhrətli Azərbaycan rəssamının ölkəmizin maddi mədəniyyətini, tarixi şəxsiyyətlərini işıqlandırdığı sənət əsərləri qonaqlarda xüsusilə maraq doğurdu. Tahir Salahovun fransız auditoriyasına yaxşı tanış olan "Atəşgah”, "Qız qalası”, "Dədə Qorqud”, "Fikrət Əmirov”, "Rastropoviç”, "Qara Qarayev”, "Kosmosa uçuş”, Fikrət Əmirovun "Min bir gecə” baletinə çəkilən dekorasiyalar və digər məşhur əsərlərinin xalça üzərində əksi sərgiyə gələnlərə xoş ovqat bəxş edib.  

 Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ildə İtaliyada səfərdə olarkən Vatikanın dövlət katibi kardinal Tarçizio Bertoni ilə görüşdə ona Azərbaycan xalça sənətinin nümunəsi olan hədiyyəni Roma Papasına çatdırmağı xahiş etmişdi.

Özü-özlüyündə bu hədiyyə sadəcə xoş bir jest, ismarış deyildi. Bu, bütövlükdə Azərbaycan xalqının xalça sənətinə verdiyi yüksək dəyərin ifadəsiydi.

  Bəli, xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının milli mədəniyyət və incəsənət tariximizə müstəsna yeri var.

Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında yer alıb. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir.

Bu işlərin davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. Nəfis tərtibatla Azərbaycan ictimaiyyətinə təqdim olunmuş kataloqun birinci səhifəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Xalçalar hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Zənnimizcə, qədim xalçalar muzeylərdə olmalıdır" sözləri ilə açılır. Bu artıq Mehriban xanım Əliyevanın arzusu deyil – Azərbaycan xalçası öz “Evi”ni tapdı.

Pərvin Arzuqızı  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir