Modern.az

Azərbaycan hərbçiləri Qızıl meydandakı paradda keçid ediblər

Azərbaycan hərbçiləri Qızıl meydandakı paradda keçid ediblər

9 May 2010, 19:18

Prezident Dmitri Medvedevin dəvəti ilə Rusiya Federasiyasında işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilən bayram tədbirlərində iştirak edib.

Yubiley şənliklərinin başlıca hadisəsi Qızıl meydanda keçirilən hərbi parad olub.
Paradın başlanmasından əvvəl çıxış edən Prezident Dmitri Medvedev Böyük Vətən müharibəsi veteranlarını təbrik edib. Sonra hərbi parad keçirilib.
Möhtəşəm paradı tribunalardan 20-dən artıq ölkədən gəlmiş dövlət və hökumət başçıları, habelə beynəlxalq təşkilatların rəhbərləri, çoxsaylı müharibə veteranları izləyiblər.
Qızıl meydandan 11 mindən çox hərbi qulluqçu keçib. Onların arasında mayor Elşad Rüstəmovun başçılığı ilə Azərbaycan sülhməramlı qüvvələrinin batalyonu da olub.

 

Hərbi paradda Böyük Vətən müharibəsinin əfsanəvi T-34 tankı, ən müasir hücum və kəşfiyyat texnikası, zenit-raket kompleksləri, zirehli hərbi maşınlar, qırıcı, bombardmançı təyyəralər, vertolyotlar nümayiş olunub.
Yüksək pilotaj qrupları müharibədə iştirak etmiş dövlətlərin bayraqlarını və təyyarələrdən ibarət rəmzi “65” rəqəmini Moskva səmasında nümayiş etdiriblər.
Hərbi paraddan sonra dövlət və hökumət başçıları adından Kremlin divarı yanında, Aleksandr bağında Naməlum əsgərin məzarı önünə əklil və güllər qoyulub.
Əsgərlər hərbi marş sədaları altında dövlət və hökumət başçılarının qarşısından keçiblərlər.
Ali qonaqlar Kremlin önündə xatirə şəkli çəkdiriblər.
Həmin gün Böyük Kreml sarayında Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevin adından Böyük Vətən müharibəsində Qələbənin 65 illiyi münasibətilə təntənəli qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib.
Xatırladaq ki, 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Azərbaycan xalqının 600 mindən çox oğul və qızı iştirak edib. Onların təxminən yarısı döyüşlərdə həlak olub. Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə ölkəmizin 130-dək vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər