Modern.az

"Prezident İlham Əliyev fəlakət zonasına gedib"

"Prezident İlham Əliyev fəlakət zonasına gedib"

Parlament

11 May 2010, 12:26

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilir. Modern.az xəbər verir ki, i

clasın gündəliyinə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi məsələsi daxildir. Ancaq qanunvericilik məsələlərinə baxılmazdan öncə deputatlar Kür çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Salyan, Şirvan, Sabirabad, Neftçala, Zərdab, Kürdəmir rayonlarında yaranmış acınacaqlı vəziyyət barədə danışıblar. Bununla bağlı çıxışlar mübahisələrsiz ötüşməyib.

Deputat Fəzail Ağamalı bildirib ki, o, iki dəfə Neftçala və Salyan rayonlarında olub. F.Ağamalı deyib ki, əvvəlcə həmin rayonlarda o qədər də ciddi təhlükə yox idi, ancaq son günlər vəziyyət çox pisləşib.

Müşahidələrinin nəticəsini millət vəkili həmkarları ilə bölüşən F.Ağamalı Salyan və Neftçalada əvvəlcədən görülmüş tədbirlər nəticəsində Kürün bəndlərinin dağılmadığını bildirib. Onun sözlərinə görə, bu rayonlara əsas ziyan qurunt sularının yığılması ilə dəyib. Hazırda da rayon ictimaiyyəti müvafiq qurumlarla birlikdə baş verə biləcək daşqının qarşısını almaq üçün səfərbər ediliblər. Millət vəkili deyib ki, Kürdə daşqınların baş verməsi mütəmadi olaraq təkrarlanır. Buna görə də bu problemin birdəfəlik həlli üçün tədbirlər görülməlidir. İlk növbədə Kürün Xəzərə tökülən hissəsi lildən təmizlənməlidir. Bundan əlavə, Kürü Xəzərə birləşdirən əlavə bir qol çəkilməlidir. Millət vəkilinin sözlərinə görə, çəkiləcək yeni qol Aran zonasında 50 min hektar ərazinin birləşməsinə də yol aça bilər.

Sabirabaddan seçilən və “Müsavat” Deputat Qrupundan olan millət vəkili Pənah Hüseyn fəlakət bölgəsindən mayın 11-i səhər saat 5.00-da qayıtdığını bildirib. O qeyd edib ki, yerlərdə vəziyyət ağır olaraq qalır. Kürün səviyyəsinin enməsi ilə bağlı informasiyalar verilsə də, mayın 10-u axşam Sabirabad yaxınlığında daha bir bənd dağılıb və iki kənd su altında qalıb. P.Hüseyn baş verənlərin təkcə təbii amillərlə bağlı olmadığını, insan faktorunun da həlledici rol oynadığını bildirib. Onun sözlərinə görə, son 3 ildə dövlət bərkitmə işləri üçün əvvəlki 30 ildə ayrılan vəsait qədər maliyyə ayırıb. Amma bəndbərkitmə işlərində korrupsiyaya yol verilib. Nəticədə bugünkü ağır vəziyyət yaranıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bu cür təbii fəlakətlər zamanı milli həmrəyliyə ehtiyacın olduğunu bildirib. Onun sözlərinə görə, təbii fəlakətlər dünyanın hər bir ölkəsində baş verir. Məsələn, Kürdə suyun səviyyəsinin qalxdığı günlərdə ABŞ-da da daşqın fəlakəti baş verib və 36 nəfər həlak olub. “Şükür ki, bizdə insan tələfatı olmayıb, amma fəlakətin miqyası çox böyükdür”, - deyə millət vəkili vurğulayıb. O əlavə edib ki, vəziyyətin bu həddə çatmasında Mingəçevir Su Anbarının düzgün yüklənməməsi də rol oynayır. Millət vəkilinə görə, qış aylarında elektrik enerjisi istehsalını artırmaq məqsədilə anbara həddindən artıq su vurulub. Əslində isə qış aylarında anbarın suyu azaldılmalı, yaz aylarında gərgin vəziyyət yarananda suyun bir hissəsi orada saxlanmalıdır. Hazırda isə Mingəçevir Su Anbarından daxil olan qədər su buraxılır. Millət vəkilinin dediyinə görə, ölkə başçısı fəlakətin nəticələrinin aradan qaldırılması üçün 400 milyon manat vəsait ayırıb. Amma bu işə hər bir vətəndaş da dəstək verməlidir. Q.Həsənquliyev bu məqsədlə daşqından zərər çəkmiş vətəndaşlara yardım fondunun yaradılmasını təklif edib. O bildirib ki, əgər belə bir fond yaradılarsa, öz əmək haqqının 500 manatını həmin fonda köçürəcək. 

P.Hüseynin dedikləri Milli Məclisin bəzi deputatlarının narazılığı ilə qarşılanıb.

Spiker Oqtay Əsədov isə P.Hüseyni məsələyə vicdanlı yanaşmağa çağırıb. Onun sözlərinə görə, baş verənlər təbii fəlakətdir və heç bir dövlət bundan sığortalanmayıb. Hakimiyyət orqanları da vəziyyətin gərginləşdiyi günlərdən bugünədək nəticələrin aradan qaldırılması üçün fasiləsiz çalışırlar. Müvafiq qurumların əməkdaşları bütün sutka boyu suyun içində bəndbərkitmə işləri aparırlar. Spiker deyib ki, mayın 11-i səhərdən prezident İlham Əliyev də təbii fəlakətin baş verdiyi rayonlara səfər edib. Rayonları bir-bir gəzən prezident nəticələrin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. O.Əsədov Mingəçevir Su Anbarında da vəziyyətin tam nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, anbara daxil olan və çıxan suyun miqdarı ciddi şəkildə nəzarətdə saxlanılır. Bu baxımdan anbarın daşma təhlükəsi yoxdur.

AVP sədrinin müavini, millət vəkili Zahid Oruc müxalifəti təbii fəlakətin nəticələrindən siyasi divident götürməyə cəhddə ittiham edib. Onun sözlərinə görə, daşqından dərhal sonra ölkə prezidenti operativ müşavirə keçirərək nəticələrin aradan qaldırılmasıüçün müvafiq tapşırıqlarını verib. Dövlət qurumları da tapşırıqlara müvafiq olaraq öz üzərlərinə düşən işi vicdanla yerinə yetirməkdədirlər.

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, millət vəkili Əli Əhmədov da müxalifətin təbii fəlakətdən siyasi məqsədlərlə yararlanmaq cəhdlərini pisləyib. O qeyd edib ki, dünyanın əksər ölkələrində bu cür hallar olur, hətta bu zaman insan tələfatı da müşahidə edilir. Dünyanın heç bir ölkəsində təbii fəlakətlərin qarşısının tam alınması mexanizmi yoxdur. Azərbaycan müxalifəti isə bunu başa düşmək istəmir. “Təəssüf ki, bizim müxalifət həmişə belə hallarda siyasi məqsədlər üçün yararlanmağa çalışır. Ona görə də xalqın onlara olan inamı itib”, - deyə millət vəkili vurğulayıb.

YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da bu fikirlərə şərik olub. Onun sözlərinə görə, Kürdə daşqınların baş verməsi gözlənilməz hal deyil. Əvvəlki illərdə də çayın daşması müşahidə edilib, gələcəkdə də bu, istisna deyil. Bu daşqınların qarşısının tam alınması da mümkünsüzdür. Millət vəkili daşqınlar kimi müxalifətin də yaranmış vəziyyətdən öz maraqları üçün yararlanmaq cəhdlərinin yeni olmadığını bildirib. Onun sözlərinə görə, müxalifətçilərin Kürdə bənd bərkitmək işləri zamanı korrupsiyaya yol verilməsi ilə bağlı iddiaları da əsassızdır. Çünki son 3 il ərzində heç kim bu sahədəki problemlərlə bağlı məsələ qaldırmayıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir