Modern.az xəbər verir ki, bu gün Milli Məclisin növbəti plenar iclasında
"Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna dəyişikliklər də müzakirə edilib. Dəyişikliklərdə vətəndaşların şəxsiyyət vəsiqəsində etibarlılıq müddəti yazılması nəzərdə tutulur. Müzakirələr zamanı deputatlar müxtəlif təkliflərlə çıxış ediblər. Millət vəkili Baba Tağıyev deyib ki, Azərbaycanda şəxsiyyəti təsdiq edən sənədlərə milli kimlik də yazılmalıdır. Millət vəkili Zahid Oruc isə şəxsiyyət vəsiqələrinə vətəndaşın milliyətinin yazılmasını vacib saymayıb. Millət vəkili Mübariz Qurbanlı isə deyib ki, Azərbaycanda verilən şəxsiyyət vəsiqəsində birinci vətəndaşın soyadı, sonra adı, ardınca isə ata adı yazılır. Amma belə olmamalıdır. Deputatın fikrincə, vətəndaşın şəxsiyyətini təsdiq edən sənəddə birinci ad, sonra ata adı, sonda soyad yazılmalıdır. Komitə sədri Ə.Hüseynov da şəxsiyyət vəsiqələrinə milliyətin yazılmasına gərək olmadığınlı deyib.
Onun sözlərinə görə, Azərbaycanda elektron hökumət yaradılır və ona müvafiq olaraq əhaliyə Avropada olduğu kimi, fərdi məlumatların əks olunduğu elektron kartlar veriləcək. Həmin kartda vətəndaş barəsində bütün məlumatlar əksini tapacaq: “Ona görə də belə bir təklifin praktiki olaraq nəzərə alınması gündəmdə deyil”. Müzakirələrdən sonra
Milli Məclis “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” qanunlara dəyişiklik və əlavələr edilməsi barədə sənədi qəbul edib
. Həmin sənədə əsasən, şəxsiyyət vəsiqələrinin üzərində etibarlılıq müddəti göstəriləcək. Etibarlılıq müddəti bitən sənədlərin sahibi onu vaxtında dəyişdirməyəcəyi təqdirdə cərimələnəcək. Azərbaycanda şəxsiyyət vəsiqəsinin verilməsi sahəsində islahatlara 2001-ci ilin sentyabrından başlanılıb. Daxili İşlər Nazirliyi 16 yaşına çatan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə təmin edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Qanuna görə, 16 yaşına çatmış vətəndaş ilk dəfə şəxsiyyət vəsiqəsi aldıqdan sonra bu sənədi bir neçə dəfə dəyişdirməlidir. Belə ki, hər bir vətəndaş 25, 35, 50 yaşlarına çatdıqda, bundan başqa onun soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdikdə, şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir. Lakin müşahidələr göstərir ki, şəxsiyyət vəsiqəsinə malik vətəndaşların əksəriyyəti müvafiq yaşa çatdıqda, ailə vəziyyəti dəyişdikdə sözügedən sənədi dəyişdirmək üçün könüllü surətdə daxili işlər orqanlarına müraciət etmir. Onlar yalnız hansısa bir məsələ ilə əlaqədar rəsmi qurumlara müraciət etdikidə məlum olur ki, şəxsiyyəti təsdiq edən sənid yaşa görə dəyişməlidir. Modern.az