Arxiv
17 Dekabr 2013, 15:58 | TƏHSİL
“Namus”lu partiyanın sədri Toğrul İbrahimli hardadır?

Milli Məclisin keçmiş deputatlarını arayırdıq. Toğrul İbrahimli yada düşdü, onu xatırladıq. Yadınızdadırmı..? Ondan soraq verən hələ ki yoxdur, amma xatırlayan var. Modern.az saytının əməkdaşı Toğrul İbrahimlini soraqlayarkən, bəzi məlumatlar əldə edib.
Toğrul İbrahimli 1995-ci ildə hakim Yeni Azərbaycan Partiyasının üzvü kimi Milli Məclisin deputatı seçilib. 1998-ci ildə YAP üzvlərinin bir neçəsi partiyadan ayrılmaq qərarına gəlmişdi. Parlamentin o vaxtkı iclaslarının birində Toğrul İbrahimli də spiker olan Murtuz Ələsgərovdan bəyanat oxumaq üçün icazə alır. O, “Namus” Respublika Partiyası yaratdığı səbəbindən hakim partiyadan ayrıldığını bəyan edir. Onun AMİP-dən olan deputat həmkarı Nazim İmanov bir qədər sonra zarafatyana demişdi: “Adamın Allahı var, Toğrul YAP-dan “Namus”la ayrıldı”.

T.İbrahimlinin partiya sədri kimi uğurlu siyasətçi olduğunu söyləmək çətindir. Həm də ona görə çətindir ki, əgər uğurlu siyasətçi olsaydı, indi heç olmasa bir qovluğu və bir də bir də özü olan partiya sədrləri kimi siyasi arenada “mən də varam” deyərdi. Doğrudur, Toğrul İbrahimli deputatlıqdan sonra “Namus”u ilə birgə siyasi meydandaydı. 2003-cü il prezident seçkiləri ərəfəsində yaradılan “Bizim Azərbaycan” siyasi partiyalar blokuna qoşulmuşdu. Hətta o vaxt bu blokun prezidentliyə vahid namizədi olan Müsavat Partiyasının başqanı İsa Qəmbərlə birgə bölgələrə səfərə də çıxırdı... 

Toğrul İbrahimlini arayanda məlum oldu ki, onun “Namus”u bir müddət keçmiş baş prokuror İxtiyar Şirinin rəhbəri olduğu Milli Konqres Partiyası ilə də əməkdaşlıq edib. Bu iki partiyanın birgə əməkdaşlıqla bağlı sazişləri də olub. Bir də məlum olan budur ki, Toğrul müəllim partiyası ilə Azərbaycançı Qüvvələr Birliyi adlı blokda da təmsil olunub. Qeyd edək ki, həmin blokda əsas söz sahibləri Azərbaycan Sosial Demokrat və Azərbaycan İslam partiyaları idilər. Sonralar blok dağıldı və indiyədək nə Toğrul İbrahimlidən, nə də onun “Namus”undan soraq yoxdur.

Modern.az-ın əldə etdiyi son məlumata görə, hər şeydən bezən Toğrul İbrahimli partiyasını bağlayıb, özü isə Bakı kəndlərinin birinə köçüb.


Modern.az

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv