Modern.az

“Azərbaycanla Türkiyə arasında Qarabağla bağlı xüsusi bir müqavilə imzalanmalıdır”

“Azərbaycanla Türkiyə arasında Qarabağla bağlı xüsusi bir müqavilə imzalanmalıdır”

11 May 2010, 17:52

Millət vəkili Zahid Oruc Azərbaycanla Türkiyə arasında Qarabağla bağlı xüsusi bir müqavilənin imzalanması təklifi ilə çıxış edib. Z.Oruc Modern.az-a sözügüdən müqavilənin imzalanmasının vacib olduğunu deyir: “Mayın 16-da Türkiyənin baş naziri Ərdoğanın Azərbaycana rəsmi səfəri olacaq. Şübhəsiz ki, bu, bəlli protokolların iflasa uğramasından sonrakı dövrdə baş tutan səfər olacaq. Məhz buna görə də, səfər böyük maraq doğurur. Hər bir tərəf və regionla bağlı maraqlı dairələr Azərbaycan və Türkiyənin bundan sonrakı dövrdə hansı addımlar atacağını proqnozlaşdırmaqdadırlar.  Həqiqətən də etiraf etmək lazımdır ki, bu, iki ölkənin münasibətləri və ölkənin geosiyasiyasətini müəyyənləşdirən başlıca amildir. Keçmiş dövrdə regionla bağlı siyasətlərdə və iqtisadi xarakterli layihələrdə Türkiyə və Azərbaycanın birgə addımları nə qədər vacib rol almışdısa, gələcək dövrdə də bu iki ölkənin arasındakı münasibətlər vacib olaraq bölgənin ümumi həyatına təsir göstərəcək. Məhz buna görə də son illər, xüsusilə də Türkiyənin Qarabağ məsələsində aktiv rol oynadığını, az qala ATƏT-in Minsk qrupu həmsədrlərindən birinə çevrildiyini və faktiki olaraq Türkiyənin Qafqazda gedən proseslərə təsirinin dayandırılmasının qeyri-mümkünlüyünü vurğuluyaraq bu iki ölkə arasında məhz Qarabağ məsələsi üzrə də konkret bir müqavilənin imzalanmasını təklif etdim”.

Millət vəkilinin fikrincə, Azərbaycan və Türkiyə biri digərinin təhlükəsizliyinə hüquqi cəhətdən öhdəlikli olmalıdır: “Məhz bunun üçün də mən belə bir mövqedən çıxış etdim. Bununla bağlı dərhal tarixi paralellər aparılmasını istəmədim. Şübhəsiz ki, Qars müqaviləsi o dövr Naxçıvanın təhlükəsizliyinin qarantiyaları verilərkən Türkiyənin orada rol alması və həmin müqavilədə iştirak etməsi tamam fərqli bir hadisədir. Qarabağ məsələsində şübhəsiz ki, müxtəlif təhlükəsizlik, beynəlxalq miqyasda birgə hərəkət etmə, vahid mövqedən çıxış olunması və sair kimi məsələləri özündə ehtiva edən mühüm bir sənəd hazırlana bilər. Əslində faktiki olaraq Türkiyə məhz bu mövqedən çıxış etməkdədir. Ərdoğan və Obama görüşündə yenə də Türkiyənin rəhbərliyi bu məsələdə çox inadkar bir mövqe göstərdi. Amma bütün bunlar siyasi və tarixi-milli qardaşlıq münasibətlərindən irəli gələn bir mövqe kimi təzahür edir. Gərəkdir ki, bunu hüquqi şərtlərlə də təsbit edəsən. Çox müsbət haldır ki, bu günlərdə Azərbaycan Prezident Adminstrasiyasının təmsilçisi Əli Həsənov da Azərbaycan-Türkiyə arasında hərbi-strateji müttəfiqlik sənədindən bəhs edib. Düşünürəm ki, burada Qarabağ məsələsi də önəmli yer tutacaq. Həmçinin ərazi bütövlüyünə qarantiyalar məsələsi də ifadə olunacaq”.

Zahid Oruc belə bir sənədin imzalanmasının mümkün olacağını deyir: “Ermənistan bütün təhlükəsizliyini Rusiyanın boğazına bağlayıb. Biz heç bir halda Qarabağ məsələsini Türkiyənin üzərinə qoymuruq. Necə deyərlər öz yükümüzdən xilas olmaq üçün başqa amillər axtarmırıq. Azərbaycan da özünün təhlükəsizliyində beynəlxalq dairələrin-xarici dövlətlərin iştirakında çox maraqlıdır. Bu baxımdan, Türkiyənin burada  mühüm iştirakı ola bilər. Bunun üçün də mən belə bir sənədin imzalanmasını məhz Ərdoğanın səfəri öncəsi gündəmə gətirmiş oldum. Açığı desəm, müşahidələr onu göstərir ki, parlamentarilər də, ayrı-ayrı insanlar da bu məsələdə Türkiyənin daha fəal iştirakını arzulayırlar. Belə olan təqdirdə düşünürəm ki, xalqlardan gələn bu mövqe siyasi qərar verən insanlarımız tərəfindən də qəbul ediləcəkdir”.

Günay Musayeva

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir