Modern.az

Sənət adamları Yeni ili necə qeyd edəcək?

Sənət adamları Yeni ili necə qeyd edəcək?

25 Dekabr 2013, 14:41


Yeni ilə az qalıb. Bir həftədən sonra 2013-cü il tarixə qovuşacaq, yeni il qədəm qoyacaq. Modern.az saytı sənət adamları ilə əlaqə saxlayıb, bayramı necə keçirəcəkləri ilə maraqlanıb.

Aktrisa Həmidə Ömərova: “Mən yeni ili hardasa qarşılamağı xoşlamıram. Həmişəki kimi evdə ailəmlə keçirəcəyəm”.  

Müğənni Gülyaz Məmmədova: “Yeni il üçün xaricə çox dəvətlər oldu. Amma  istəmədik. Biz heç vaxt buradan xaricə gedib fonoqrama oxumamışıq. Dəvət eləsinlər ansamblla, bu, başqa məsələ. Amma deyirlər, gəlin fonoqram oxuyun. Bu imkansızdır, gəlib camaatın qarşısında fonoqrama oxuyum? Canlı ifa başqa şeydi. Bakıda televiziya çəkilişində fonoqrama oxuyursan. Amma başqa ölkəyə gedib, orada fonoqrama oxumaq gülüncdür. Buna görə istəmədik. Yeni ili evdə ailə ilə keçirəcəyik. İmkan olsa, Şəkiyə gedəcəyik”.

Opera müğənnisi Azər Zeynalov: “Yeni ili evdə ailəmlə qarşılayacam”.

Aktyor-rejissor Əbdül Mahmudov: “Bu, bizim qəbul elədiyimiz təqvim ilidir, burada yeni il deyə bir şey yoxdur. Bu, sovet dövründən bizə qalan eybəcər bir şeydir. 365 günü başa vurmaq mənim üçün əhəmiyyətlidir. Amma mənim gül kimi təzə ilim, Novruz adlı bayramım var. Onda il də, hər şey də təzələnir. Allahın insanlara bəxş etdiyi həyat da təzələnir. Novruz bayramı həm bioloji, həm astronomik, həm fəlsəfi, həm mənəvi, həm də ideoloji baxımdan təzə il bayramıdır. Buna niyə hələ də keçilmir?  Bu, eybəcər təqvimi düzəltmək lazımdır. Nə böyük şeydi ki, şəxsiyyət vəsiqələrinə yazsınlar, bizim ömrümüz o gündən ölçülsün. O gün də rəsmi bayram olunsun. Dekabrın 31-nin mənim üçün ən böyük əhəmiyyəti Dünya Azərbaycanlılarının Həmrəylik günüdür. O vaxt rəhmətlik Heydər Əliyev həmrəylik gününü dekabrın 31-ə keçirtməklə çox ağıllı iş gördü. Bu tarixi Dünya Azərbaycanlılarının Həmrəylik bayramı etməklə təqvim bayramı, yanvar bayramını ikinci plana ötürdü. 
Bu tarixin bayram kimi qeyd edilməsinin Azərbaycan xalqına ancaq ziyanı var. Sadəcə olaraq, bazar əhli qida məhsullarının qiymətin qaldırıb 3-5 manat haram pul qazanacaqlar, vəssalam. Bayram ancaq onlara xidmət edir. Dünyada analoqu olmayan bir şeydir ki, bayram günü qiymət bahalaşsın. Əksinə, dünyanın hər yerində bayram günlərində qiymət aşağı salınır ki, insanlar bayram edə bilsin. Həmin günü evdə, yaxınlarımla olacam”.

Aktrisa Firəngiz Mütəllimova: “Heç yerə getməyəcəm. Yeni ili evimdə, ailəmlə keçirəcəm”.

Müğənni Azərin: “Neçə illərdir dekabrın 31-i işləmirəm. Bayramı Bakıda, evdə ailəmlə qarşılayacam”.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir