Modern.az

Mərhum jurnalist Elmira Əmrahqızı FOTOLARDA

Mərhum jurnalist Elmira Əmrahqızı FOTOLARDA

Fotosöhbət

1 Yanvar 2014, 22:30
Modern.az saytı mərhum jurnalist Elmira Əmrahqızı ilə FOTOSÖHBƏT layihəsini təqdim edir.
Fotoları onun oğlu Abdulla Abdullayev şərh edir.
Elmira Əmrah qızı Əhmədova 24 sentyabr 1952-ci ildə Ağstafa şəhərində anadan olub.
1958-ci ildə 24 saylı Dəmiryolu məktəbinə gedib.
1962-ci ildə məktəbi dəyişərək təhsili 1 saylı orta məktəbdə davam edib.
1969-1974-cü illərdə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
1974-cü ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin
Proqramların tərtibi şöbəsində işləyib.
“Bakı”, “Baku”, “Nezavisimaya qazeta” “Azərbaycan gəncliyi”, “Ulduz”,
“Azərbaycan qadını” və digər qəzet və jurnallarında işləyib.
1989-1990-cı illərdə “Azadlıq” qəzetində çalışıb.
1989-cu ildə “Kosmos uşaqlar üçün” adlı SSRİ jurnalistlərinin kosmosa göndərilməsi ilə
əlaqədar proqramının qaliblərindən biri olub.
1990-cı ildə “Azadlıq” radiosu ilə əməkdaşlığa başlayır.
1993-1998-ci illərdə “Azadlıq” radiosunun Bakı nümayəndəliyinin rəhbəri olub.
“Qızıl qələm”, “Həsən Bəy Zərdabi” və “İlin qadını” mükafatlarına layiq görülüb.
27 fevral 1998-ci ildə dünyasını dəyişib. 2-ci Fəxri Xiyabanda dəfn edilib.
Mərhumun iki oğlu və iki nəvəsi var.

 

Anamın 6-cı və ya 7-ci sinifdə oxuyan vaxtlarıdır. Ağstafadakı evlərinin qarşısında ailəvi çəkilən şəkildir.
Şəkildə soldakı balaca qız anamdır. Ortada Əmrah babam, yanında Nuriyyə nənəm, babamla nənəmin
arxasında Ramiz dayımdır.
Nənəmin sol tərəfində Vilayət dayımdır. Babamın qucağında Zemfira xalam və onun yanında Qüdrət xalamdır.

 

Təqribən 1965-ci ildə çəkilmiş şəkildir. Anamın 7-ci sinifdə oxuduğu vaxtlardır.
Adi  bir  şagird, adi  məsum  baxışlı bir  qız. Təsəvvür  etməçətindir  ki, təxminən 25 ildən  
sonra o, qanlı 20 Yanvar  hadisələrinin tufanında Mən, Elmira  Əhmədova, Bakıdan.
Mən  jurnalistəm...” deyə haray çəkəcək. “Azadlıqradiosunun  dalğalarında  səslənən  
harayı ilə bir  çox  orta  və yaşlı nəsl  azərbaycanlının  yaddaşında  həkk  olunacaq.
Tanklarla  dolu  Bakı küçələrindən, cəbhə bölgəsində güllə səsləri  altında  və qaçqın  düşərgələrindən  
reportajlar  hazırlayacaq.

 

1968-ci il. Anamın 10-cu sinifdə oxuduğu vaxtlardır.

1960-cı illərin sonu – 1970-ci illərin əvvələri...


1970-ci illər. Anamın gənclik dövrü...

 

Ötən əsrin 70-ci illəri. Anam rəfiqələri ilə birlikdədir..

 

70-ci illər tələbəlik dövrü...

 

70-ci illər. Solda anam, sağda rəfiqəsi Sevda və onun həyat yoldaşıdır...

 

1973-cü il, Bakı, gəncliyinin gözəl dövrüdür...

 

13 avqust, 1973-cü il. Tələbəlik dövrü. Anam rəfiqələri ilə birlikdə...

 

1973-cü il Bakı şəhəri. İndiki Sahil bağının qarşısı...  

 

7 may 1976-cı il. Radio günü. Anam həmkarları ilə birlikdə...

 

1941-1945-ci illərin ağır döyüş yolunu keçmiş 416-cı Taqanroq diviziyasının veteranları. 9 may qələbə günü. Taqanroq şəhəri. Şəkildə ortada Əmrah babamdır (faşistləri vahiməyə salan “Qara pələng”) onun sağ tərəfində nənəmdir.

 

Mən və anam. 1980-ci il...

 

1980-ci il. Atam, anam və mən...

 

1980-ci il. Mən atamın qucağında, anam və Vilayət dayım.

 

1984-85-ci illər. Solda anamdır, qucağında qardaşımdır, qarşısında dayanan isə mənəm.
Anamın yanında dayım və onun yoldaşıdır. Bunlar dayılarımın uşaqlarıdır.

 

6 sentyabr 1989-cu il. Baykonur kosmodromu. Anam SSRİ Jurnalistlər İttifaqının keçirdiyi müsabiqənin digər qalibləri ilə birgə. Anamın ikicə səhifəlik məqaləsi onu qaliblər sırasına gətirib çıxartmışdı. O vaxt SSRİ-dən bir jurnalistin kosmosa göndərilməsi planlaşdırılmışdı. Sonradan kosmosa yapon jurnalist göndərildi.

 

90-cı illərin əvvəlləri anam öz qələm yoldaşları ilə. 80-cı illərin sonu və 90-cı illərin əvvələrində formalaşan yeni nəsl jurnalistlərinin bəzi nümayəndələri.

 

20-ci əsrin 90-cı illərinin əvvəlləri. Şəhidlər xiyabanı. Anam həmkarları ilə birlikdə. Xalqımız üçün ağır bir dövr idi. Allah qanları ilə tarix yazmış şəhidlərimizə rəhmət etsin.

 

90-cı illərin əvvələri. Bir qrup ziyalı Heydər Əliyevlə görüşmək üçün Naxçıvana səfər etmişdi. Onların arasında anam və atam da olmuşdu. Heydər Əliyevlə görüşən anamdır. Onun arxasında isə atam dayanıb. Qalanları isə tanınmış simalardır. Ağır dövrlər idi. Atam danışardı ki, Naxçıvana Heydər Əliyevlə görüşmək üçün vaxtaşarı gedib-gəlirlərdilər. Heydər Əliyev Naxçıvana təzə gələndə bir az xəstələnmişdi. Atam onun üçün Bakıdan hətta dava-dərman da aparıb. O vaxtı hər adamın onunla görüşmək üçün cəsarəti çatmırdı. Ətrafdan təzyiqlər var idi, təhlükəli idi.

 

90-cı illərin əvvələri. Milli Məclisdə keçirilən iclasların birində.

 

Anam. 90-cı illərdə Prezidentin köməkçisi vəzifəsində işləmiş Eldar Namazovla bir yerdə.

 

1993-cü il, dekabr ayı, Paris. Heydər Əliyevin Fransaya səfəri.
Anam da nümayəndə heyətinin tərkibindədir.

 

London, Madam Tüsso mum heykəlləri muzeyi, Böyük Britaniyanın Baş naziri Marqaret Tetçerinin mum heykəlinin yanında... Anam həmkarları ilə birlikdə, 1994-cü il.

 

Anam jurnalist həmkarları ilə birlikdə, İngiltərə.

 

1994-cü il... London, Madam Tüsso mum heykəlləri muzeyi. Anam həmkarları ilə birlikdə.  Arxa fonda Amerikanın keçmiş prezidentlərinin mum heykəlləridir...

 

8 mart 1994-cü il, Pekin. Prezident Heydər Əliyevin yanında...

 

8 mart 1994-cü il, Çin səfərində. Heydər Əliyevi rəsmi səfərdə müşayiət edən nümayəndə heyəti ilə. Jurnalistlər arasında anam da var. 

 

1994-cü il iyul, Məkkədə müqəddəs Həcc ziyarətində. Anam və Prezidentlə Səudiyyə Ərəbistana səfərə getmiş qrupun üzvləri...

 

1995-96-cı illər. Evimizdə keçirilən Yeni il şənliyi. Anam, atam, mən və xalam Zemfira.
Həmin bu evdə anam 90-cı ilin əvvələrində “Azadlıq” radiosunun redaksiyasını yaratmışdı.
Anam reportajlarını Əhmədlidə doqquzuncu mərtəbədə yerləşən bu otaqda hazırlayırdı
və telefon vasitəsilə radionun Münhendə yerləşən Baş redaksiyasına ötürürdü. 90-cı ilin
əvvələrində informasiya və kommunikasiya texnologiyaları hələ bugünkü səviyyədə inkişaf etməmişdi.
Texniki cəhətdən bir reportajın hazırlanması və ötürülməsi üçün xeyli vaxt və enerji tələb olunurdu.
Hələ materialın toplanılmasında çətinliklər mövcud idi. O vaxtlar “Azadlıq” radiosunun
Bakıdakı nümayəndəliyi hələ yox idi və demək olar ki, radionun ilk nümayəndəliyi bizim evdə fəaliyyət göstərirdi.

 

1995-96-cı illər, anam qardaşım və mən. Evimizdəyik..

 

Təqribən 1995-96-cı illərdir. Nabranda istirahət zamanı. Anam, mən və kiçik qardaşım Əmrah.

 

1996-cı il. Anam, atam, xalam Zemfira və onun həyat yoldaşı Mehman müəllim. Dayım qızının toyundadırlar.

 

1995-96-cı illər, Aşqabad, Leninin heykəli qarşısında... Prezident Aparatı mətbuat xidmətinin rəhbərinin vəzifəsinin icraçısı Səlahəddin Quliyev, anam və qələm yoldaşları Aynur Bəşirli və Elmira Axundova... Bu şəkilin maraqlı tarixçəsi var. Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvlərinə bildirilir ki, Aşqabadda Leninin bircə heykəli də qalmayıb. Hamısı sökülüb uçurulub. Lakin qrup üzvləri Leninin bir heykəlini tapır və onun qarşısında şəkil çəkdirirlər.

 

Anam və Prezident Aparatı mətbuat xidmətinin rəhbəri Səlahəddin Quliyev.  Prezidentin rəsmi səfərlərindən birində çəkilmiş fotoşəkil...

 

Anam ABŞ səfərində. Soldakı jurnalistlər Sakit Ocaqlı və Aslan Aslanovdur. 

 

Temza çayı sahillərində, Londona Prezidentlə birgə səfər etmiş bütün jurnalist heyəti ilə.

 

Prezidentin İrana səfəri zamanı, Heydər Əliyev, Elmira Axundova və anam.

 

Heydər Əliyev, rəsmilər və jurnalistlər. Jurnalistlər qrupunun tərkibində anam da var.

 

Anam jurnalist həmkarları ilə...

 

İyul 1995-ci il. Türkiyənin keçmiş baş naziri Tansu Çillərin Bakıya səfəri.
Anam öz həmkarları ilə Tansu Çillərdən müsahibə alır.

 

1996-cı il 22 aprel. Lüksemburq. Nizami Gəncəvinin heykəlinin yanı.

 

1996-cı il Lissabon “Don korlos” oteli. Anam səfər haqqında reportaj hazırlayır.

 

1996-cı il, 29 oktyabr. Naxçıvan, Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin
məqbərəsinin açılış günü. Anam həmkarları ilə birlikdə...

 

İyul 1997-ci il, ABŞ, Arlinqton qəbirstanlığı, Prezident Heydər Əliyev Con Kennedinin 
məzarını ziyarət edir. Anam da bu ziyarətdə jurnalist qrupunun tərkibində iştirak edib.

 

Amerika, Nyu-York şəhəri. Anam həmkarı və rəfiqəsi Elmira Axundova ilə birgə amerikalı polislərlə...

 

Prezidentin keçmiş tərcüməçisi Tahir Kərimov və anam, Vaşinqton, 1997-ci il.

 

1997-ci ilin iyul-avqust ayları, ABŞ, Vilayət Quliyev və anam.

 

1997-ci ilin iyul-avqust ayları, ABŞ.

 

Hansısa səfərdən geri qayıdır. Təyyarədə reportajın üzərində işləyir.

 

1997-ci il, “Azadlıq” radiosunun Bakı nümayəndəliyi, anam, Zərxanım Əhmədli və Cahan xanım.

 

1998-ci il, 1 fevral, “Azadlıq” radiosunun rəhbərliyinin "Gülüstan" sarayında təşkil etdiyi qəbul. Sağdan sola - anam, Mirzə Xəzərin qızı, Mirzə Xəzər, atam, kiçik qardaşım və mən. Anamın ən son şəkillərindən biridir. 26 gündən sonra o bizi həmişəlik tərk etdi.

 

1998-ci il, "Gülüstan" sarayı. Şəkildə göründüyü kimi, anamın vəziyyəti yaxşı deyil. O, təxminən bir ay ərzində çox arıqlamışdı. İllərlə yaşanan gərginlik, əsəb, əziyyətlər, dərd-bəla canına hopur və onu içəridən yeyirdi...

 

Soldan sağa: Mübariz Əhmədoğlu, anam, Fəzail Ağamalı və Mirzə Xəzər.
1998-ci il "Gülüstan" sarayı.

 

1998-ci il. Anam "İlin qadını" seçilir, atam infarkt olur və xətəxanada yatır, mükafatı
ailəmizin adından götürmək mənə nəsib olur. Şəkildə Prezidentin İcra Aparatının
Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə mənə mükafatı təqdim edir.
1992-ci ildə isə anam Azərbaycan Jurnalistlər Birliyi tərəfindən Həsən Bəy Zərdabi
mükafatına layiq görülmüşdü.


Pərvin ARZUQIZI
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi