Modern.az

“Sobaçka”, “ilbiz”, “yatmış pişik”, “siçan balası”, "ət"...

“Sobaçka”, “ilbiz”, “yatmış pişik”, “siçan balası”, "ət"...

İqtisadiyyat

14 May 2010, 15:37

st1:*{behavior:url(#ieooui) }

Bu işarə internetin rəmzi simvoluna necə çevrilib?

Keçən əsrin 70-ci illərində kompyuter rabitəsi təzəcə formalaşdığı bir vaxtda alimlər əlaqə xətti ilə kompyuterlər arasında yalnız müəyyən faylları mübadilə edə bilirdilər, şəxsi mesaj və ya məktub göndərmək isə mümkün olmurdu. Bu problemi vaxtı ilə ARPA (Advanced Research Projects Agency - Perspektiv Tədqiqat Layihələri Agentliyi) şəbəkəsinin yaradılmasında iştirak etmiş BBN (Bolt, Beranek və Newman) texnologiyalar kompaniyasının əməkdaşı Rey Tomnilson adlı gənc mütəxəssis 1971-ci ildə həll etdi. Tomnilson bir növ hakerlik edərək ARPANET-də istifadəçini kompyuterdən ünvan vasitəsi ilə ayırmaq metodunu tapır. Proqramçı şəbəkədə şəxsin və onun istifadə etdiyi kompyuterin adlarını “@” işarəsi ilə ayırmaqla yeni ünvan yaradır. Misal üçün user@computer göstərir ki, “user” adlı istifadəçi filan kompyuterdədir. Burada niyə məhz “@”simvolundan istifadə edildiyini Rey belə izah edir ki, belə addım şəbəkədə dolaşıqlıq yaranmaması üçün atılıb. Bir adı digərinin yanında göstərmək üçün ona ingiliscə “at” (yanında, üstündə) önlüyü üçün çox nadir hallarda işlədilən və heç bir adda rast gəlinməyən işarə gərək olub. Məhz “@” işarəsi həmin tələbə uyğun gəldiyindən Rey həmin simvolu seçib. Maraq üçün bildirək ki, Rey Tomnilsonun ilk göndərdiyi mesaj klaviatura hərflərinin birinci cərgəsində duran klavişlərin ardıcıl basılmasından alınan “QWERTYUİOP” sözü, ilk şəbəkə adresi isə tomlinson@bbn-tenexa olub. Tenex BBN firmasının işlətdiyi köhnə əməliyyat sistemi idi. O zamanlar .com, .net kimi domen adları hələ yaradılmamışdı. Domen adlar sistemi (DNS - Domain Name System) 1980-ci illərdə meydana çıxdı.

Göründüyü kimi, Rey Tomnilsonun kəşfi həm elektron poçtun meydana çıxmasında, həm də “@” işarəsinin internet simvoluna çevrilməsində əsas rol oynayıb. İstedadlı proqramçı internetin inkişafındakı xidmətinə görə 2000-ci ildə Amerika Kompyuterlər Muzeyi tərəfindən Corc Stibis (ikili hesablama sistemində işləyən cəmləyici elektromaşın ixtira etmişdir) kompyuter erasının pioneri mükafatına layiq görülüb. Deyilənlərə görə, hazırda Tomnilson yenə də BBN texnologiyalar kompaniyasında çalışır və o, öz kəşfini son dərəcə təvazökarlıq edərək elə də böyük bir qəhrəmanlıq saymır və qeyd edir ki, mənim heç ağlıma da gəlməzdi ki, bu ixtira alimlər arasında rahat ünsiyyət forması yaratmaqdan başqa nə isə daha əhəmiyyətli olacaq. Xatırladaq ki, ilk əvvəl e-poçtdan alimlər yalnız öz aralarında operativ informasiya mübadiləsi etmək üçün istifadə edirdilər. E-poçtla ötürülən informasiya isə ancaq mətn halında olurdu. Artıq bu gün e-poçtla göndərdiyin mətnə istənilən faylı qoşmaq, şəkil, səs, gif-animasiya, flash-obyektlər əlavə etmək olar. Yeri gəlmişkən qeyd edək ki, axırıncı üsuldan reklam məqsədilə istifadə edənlər qanunsuz olaraq bizim poçtlarımızı spamlarla, müxtəlif elektron tullantılarla doldururlar.

Məlumat üçün bildirək ki, “@” simvolu klaviş kimi ilk dəfə 1885-ci ildə yazı makinasının klaviaturasında özünə yer tapıb, 1963-cü ildə isə ASCII (American Standart Code for Information Interchange - İnformasiya Mübadiləsi üçün Amerika Standart Kodları) kod cədvəlinə daxil edilib. ASCII klaviaturanın kompyuterə ötürdüyü hər simvolu başa düşmək üçün yaradılmış kodlar sistemidir. “@” klavişi elektron poçt kəşf edilməmişdən qabaq kompyuterdə hansı proqramın işləməsindən asılı olaraq silmə, hərəkətə gətirmək və digər əməliyyatları aparmaq üçün istifadə olunub. 1980-ci ildə “@” işarəsi beynəlxalq standart kimi təsdiqlənir.

Tədqiqatçılar deyir ki, əslində, “@” işarəsinin yaranma tarixi orta əsrlərə təsadüf edir. Araşdırmalara görə həmin dövrlərdə rahiblər latın dilində olan elmi əsərlərin üzünü köçürərkən vaxta qənaət etmək məqsədilə tez-tez işlədilən bəzi sözləri ixtisarla yazırmışlar. Onlardan biri də, kontekstdən asılı olaraq “yanına”, “üzərinə” və s. önlüklər kimi tərcümə edilən “ad” sözü olub. Yazarlar bu sözün hərflərini bir-birinə birləşdirərək, bir qədər uzun quyruqlu “a” hərfi yaradırlar. Zaman keçdikcə a-nın quyruğu uzadılaraq dəyirmi hala salınıb. Başqa araşdırmalar nəticəsində Roma Universitetində çalışan, dil tarixi üzrə mütəxəssis Corcio Steybail 1500 il yaşı olan Venetsiya ticarət sənədlərində “@” nişanına rast gəlib. Bu nişan amfora (qədim yunanlarda: içki və s. tökmək üçün ikiqulplu, boğazı dar qab) həcm ölçüsü kimi işlədilmişdi. Steybail, həmçinin 1492-ci ilin latın-ispan lüğətini tapıb və orada “amfora” sözünün “arroba” - 12,5 kq çəki ölçüsü kimi tərcümə edildiyini müəyyənləşdirib. Digər ehtimallara əsasən “@” simvolu XVIII əsrdə bir malın qiymətini ifadə etmək üçün yaradılıb “4 alma @ 10 dinar”. Bunlardan əlavə “@” işarəsi mühasiblər tərəfindən də işlədilib və ona kommersiya alfası da deyirmişlər.

Maraqlıdır ki, “@” işarəsini ruslar, ukraynalılar, moldavanlar “sobaçka” (balaca it), koreyalılar “ilbiz”, türklər “qızılgül”, finlandiyalılar “yatmış pişik”, macarlar “qurd”, çinlilər “siçan balası”, isveçlilər “darçınlı bulka” və s. adlandırırlar. Bizdə isə internet rəmzi üçün hamı tərəfindən qəbul edilmiş bir milli ad hələ seçilməyib. “@” işarəsinin əgər oxşarlığını əsas götürsək onda onu qoğala, çömçəquyruğa və ya qıvrılmış gürzə ilana da bənzətmək olar. Ancaq hələlik internet simvoluna “sobaçka” ya da ki, “ət” işarəsi deyirik, bəziləri də zarafata salıb ona “it balası” da deyir. Bu yerdə bir incə məqam var ki, elektron ünvanını çox adam öz adına götürdüyü üçün addan sonra “sobaçka” və ya başqa bir heyvan adı çəkmək yaxşı səslənmir. Ona görə də @ işarəsini ifadə etmək üçün yaxşı bir milli ad fikirləşib tapmaq yaxşı olardı. Məncə ona elə “ünvan” demək daha münasibdir. Məsələn, [email protected]. Ələsgər ünvanı box.az.

Rusların “@” simvoluna “sobaçka” deməsinin tarixçəsinə gəldikdə isə bu barədə internetdə müxtəlif fərziyyələr var. Guya buna səbəb “@” işarəsinin həqiqətən də quyruğunu bulayan itə oxşaması və ya bu simvolun ingiliscə “ət” kimi tələffüzünün balaca it hürüşünü xatırlatmasıdır. Başqa bir ehtimala görə ilk kompyuterlər çıxanda, displeylərdə yalnız mətn üçün olanda “Adventure” (“Macəra”) adlı populyar kompyuter oyunu varmış. Oyunun mahiyyəti onda imiş ki, xəzinə axtarmaq üçün oyunçu labirintlərdən keçməklə ziyanverici və yeraltı həşəratlarla vuruşmalı imiş. Labirint ekranda «!», «+», «-», simvolları ilə çəkilirmiş, oyunçu, xəzinə və düşmən monstrlar isə müxtəlif hərf və işarələrlə ifadə olunurmuş. Süjetə görə oyunçunun sadiq köməkçisi, eyni zamanda kəşfiyyat aparan bir iti də olubmuş. Məhz həmin it klaviaturanın “@” klavişi ilə hərəkətə gəldiyi üçün ruslar həmin simvolu “sobaçka” adlandırıblar.

Virtual aləmin simvolu bu gün artıq hamı tərəfindən tam təbii qəbul edilir. Hətta internetdə gedən məlumatlara görə bir Çin sakini təzəcə anadan olmuş oğlunu “@” heroqlif adı altında qeydiyyatdan keçirməyə cəhd edib, ancaq ona bu işdə mane olublar. Hazırda bu nişan, demək olar ki, əsil brendə çevrilib. İnternetlə bağlı bütün reklamlarda “@” nişanına rast gəlmək olar. 2004-cü ildə Beynəlxalq Elektrik Əlaqələr Birliyi e-poçt ünvanının teleqrafla rahat ötürülməsi məqsədilə “@” simvolu üçün Morze əlifbasına xüsusi kod daxil edib (• - - • - •). A və C latın hərflərini birləşdirən bu kod həmin hərflərin birgə qrafik yazılışını əks etdirir. Sonda isə bildirək ki, 2010-cu ildə internet simvolu Nyu-York Müasir İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib və hazırda “@” nişanı bu kolleksiyada bazar dəyəri olmayan yeganə eksponatdır. Vüqar Haqverdiyev

Azərbaycan Milli Elmlər Akademiyası

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu