Modern.az

Güləşdən nə istəyirlər?

Güləşdən nə istəyirlər?

9 Yanvar 2014, 22:59

Sahib Əsədbəyli

Tarixi az qala erayla ifadə olunan və ölkəmizdə də kifayət qədər sevilən güləş idman növünün başına son səkkiz il ərzində BOK VƏ FİLA-nın açmadığı oyun qalmadı. Bir neçə gün öncə açıqlanan çəki dərəcələrinin dəyişdirilməsi ilə bağlı qərar Afina yay olimpiya oyunlarından sonra güləş yarışlarının proqramında edilən sayca "N"-ci dəyişiklik oldu.

Afina olimpiadasından sonra yarış vaxtının altı dəqiqədən dörd dəqiqəyə endirilməsi keçən əsrin səksəninci illərinədək yarışların otuz dəqiqə davam etməsini nəzərə alsaq, heç də birmənalı qarşılanmamışdı. Üstəlik sərbəst güləşçilər arasında keçirilən görüşlərdə əsas vaxtda hesabın açılmaması sonrası püşk nəticəsində bəxti gətirən tərəfin rəqibinin ayağından yapışmaqla doxsan faiz üstünlük əldə etməsi, hər üç kateqoriyada keçirilən yarışlarda son xalı qazanan tərəfin hissənin qalibi elan olunmasının idman ədaləti prinsiplərinə son dərəcə zidd olduğunu söyləmək olar. Guya tamaşaçı marağının artırılmasına xidmət edən bu sərsəm qaydalar XXX London yay olimpiya oyunlarınadək qüvvədə saxlanıldı.

Yubiley olimpiadadan sonra BOK icraiyyə komitəsinin olimpiadanın proqramında on səkkiz dəst medalla təmsil olunan, tarixi köklərə malik olan güləşin yarışların proqramından çıxarılması  ilə bağlı açıqladığı sensassion qərar isə Azərbaycan da daxil olmaqla dünyanın müxtəlif ölkələrində idmansevərlərin haqlı narazılığına səbəb oldu. Müstəqil ölkə kimi çıxış etdiyimiz beş olimpiya oyunlarında toplam iyirmi altı medaldan on iksinin güləşçilərin payına düşməsini nəzərə alsaq, bu qərardan ən çox qayğılanan da məhz Azərbaycan tərəfi idi. Rusiyanın müxtəlif respublikalarından olan pəhləvanlarla özümüzkülərin "sintezindən" ibarət olan yığmamıza şovinist nöqteyi-nəzərindən yanaşmasaq son olimpiadada komanda hesabında ilk üçlükdə qərarlaşan döşək ustalarımıza bu qərar böyük haqsızlıq olardı.

Qədim tarixə malik olan güləşi keçən əsrin ikinci yarısında formalaşmış və heç də spesifikliyi  ilə seçilməyən idman növlərindən hər hansı biri ilə əvəzləmək istəyən BOK-un bu arzusu xoşbəxtlikdən çin olmadı. Yekdilliklə səs toplayan güləş olimpiadanın proqramında ən azından XXXII yarışlaradək saxlanıldı. Ancaq BOK və FİLA başbilənlərinin apardığı axmaq strategiya hələ də davam etməkdədir. Keçən ayın sonlarında  açıqlanan çəki dəyişiklliyi qərarına "gender bərabərliyi " donu geyindirilsə də bu "kulturoloji yanaşmanın" idmançıların istər fiziki, istərsə də psixoloji hazırlığına təsirsiz ötüşməyəcəyi məlumdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir