Modern.az

“Xəzər” TV filmlərdə Şabanın sözlərinin tərcümə olunmamasına şərh verdi

“Xəzər” TV filmlərdə Şabanın sözlərinin tərcümə olunmamasına şərh verdi

10 Yanvar 2014, 13:59

“Şabanın dediyi sözlərin orijinallığını saxlamaq üçün efirə onun öz səsi gedir”

“Xəzər” televiziyasında vaxtaşırı Türkiyənin məşhur aktyoru, mərhum Kamal Sunalın (Şabanın) çəkildiyi filmlər nümayiş olunur. Tamaşaçıların əksəriyyəti etiraf edirlər ki, bu filmlərin türkcədən çevrilməsi izləyici üçün orijinaldakı kimi effekt vermir. Digər tərəfdən, həmin filmlərdə çəkilən bütün aktyorların çıxışları Azərbaycan türkcəsinə çevrilib təkcə Kamal Sunalın sözlərinin orijinalda olduğu kimi saxlanılması izləyicilərin haqlı giley-güzarına səbəb olur. Çünki,Kamal Sunalın sözləri orijinaldakı kimi saxlanılır, digər aktyorların söylədikləri isə tərcümə olunur. Bu, ilk növbədə həmin filmlərin izlənilməsinə marağı azaldır. Digər tərəfdən, bu, Milli Televiziya və Radio Şurasının əcnəbi filmlərin Azərbaycan televiziyalarında yalnız tərcümə olunaraq yayımlanması ilə bağlı qərarının pozulması deməkdir. “Xəzər” TV-dəki bu istisna, daha doğrusu, qeyri-müəyyənlik nə ilə bağlıdır? Ola bilsin ki, “Xəzər” TV Kamal Sunalın populyarlığını nəzərə alaraq onun filmlərdəki sözlərini çevirməməklə tamaşaçıların onun iştirakı ilə çəkilən filmlərə marağını itirməməyi nəzərə alıb. Ancaq etiraf edək ki, “Xəzər” TV-nin bu seçimi həmin filmlərə marağı qat-qat azaldır.

“Əgər hər hansı ifadə Azərbaycan dilində başa düşülürsə və tərcümə zamanı orijinallığını itirəcəksə onun tərcüməsinə lüzum yoxdur. Ümumilikdə, həmin filmlər tərcümə olunur. Bu səbəbdən də dublyaj olunmuş film kimi qəbul edilir. Buna görə də burada elə pozuntu müəyyən etmirik”.

Bunu Modern.az saytına Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Toğrul Məmmədov deyib.

Kinoşünas Aydın Dadaşov isə öz növbəsində bunun başa düşülən olduğunu bildirib: “Kamal Sunalın filmlərində situasiyalar həlledici rol oynayır, mətn o qədər də həlledici deyil. Filmin ilkinliyinin qorunması baxımından buna normal baxıram. O aktyorun sözləri də tərcümə olunsa, komediya elementləri itə bilər. Biz, tutaq ki, dünya filmlərini tərcümə edirik, bizdə hətta kinostudiyada dublyaj bölməsii var. Hər personajı bir nəfər səsləndirir. Lakin dünyada belə bir praktika yoxdur. Dünya praktikasında orijinaldakı səslər olduğu kimi efirə gedir, amma fonda diktor onu müdaxilə etmədən eyni monoton səslə tərcümə edir. Bütün personajları dublyaj etməyə ehtiyac yoxdur. Bizdə məşhur bir filmi dublyaj edirlər, sonra da hər yerdə yazırlar ki, filan aktyor “Kral Lir”i daha yaxşı oynadı. Onu yenidən oynamağa ehtiyac yoxdur. Aktyorun ampulasını qorumaq lazımdır. O replikaları Kamal Sunal kimi ikiinci bir şəxs deyə bilməz”.

“Xəzər” TV-nin  sözçüsü Aqşin Kamalın da məsələ ilə bağlı fikirlərini öyrəndik: “Həmin filmlər dublyaj olunub. Bir ifadənin dublyaj edilməsi çətin bir şey deyil. Sadəcə, “Şaban”ın dediyi sözlərin orijinallığını saxlamaq üçün efirə onun öz səsi gedir. Bu barədə çox fikir mübadiləsi aparılıb, amma o effektin alınmayacağını bildiklərinə görə, belə bir qərar veriblər. Həqiqətən də onun öz üslubu, tərzi var. Könül istərdi ki, onun səsi də dublyaj olunsun, amma bu mümkün deyil. Azərbaycan tamaşaçısı da onu yaxşı başa düşür. MTRŞ-dan bizə rəsmi irad tutulmayıb”.

Gülşən Raufqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir