Modern.az

Dənizi hədiyyə verirəm sənə...

Dənizi hədiyyə verirəm sənə...

15 Yanvar 2014, 11:57

Yanvarın 15-i xalq şairi Nəbi Xəzrinin anım günüdür


Xoş bir ifadə, könül ovsunlayan  söz,  dillər əzbəri olan misralar yaşadır şairi. Və o şair xoşbəxt qələm adamlarındandır ki, dünyasını dəyişəndən sonra da bunu ba­ca­rır.  “Anamın anasısan, Azərbaycan” deyən və misrası ilə yurduna çələng hör­mə­yi bacaran şair, pəncərələrə çiçək qonduraraq könüllərə ülvi sevda bəxş edən və ən əsası hansı vəzifədə çalışmasından asılı olmayaraq, ali vətəndaş duy­ğu­la­rı, məsuliyyəti və vətən eşqi ilə yazıb-yaratmış sevilən  xalq şairi Nəbi Xəzri də belə­lə­rin­dən idi.

2007-ci il yanvarın 15-i kəskin insultdan dünyasını dəyişdi. Dəyişməyən isə onun bu illər ərzində yazıb-yaratdığı əsərləri, şeirləri və nəğmələrə çevrilərək sevə-sevə oxunan şeirləri oldu.

“Pəncərəmə qondu çiçək”, “Dərələr”, “Külək”,  “Nar ağacı, nar çiçəyi” və s. Hər nəğmə oxunduqca, hər kitab işıq üzü gördükcə, oxucu yazıçının yaradıcılığı ilə müxtəlif rakurslardan tanış olmağa başladı. Onun şeir, dramaturgiya, nəsr və tərcümə sahəsində fəaliyyəti, dövlət işində çalışması heç zaman şair hissiyyatına, incə misraların yaranmasına mane olmadı. Əksinə, çoxşahəli fəaliyyət Nəbi Xəzri yaradıcılığını  daha da zənginləşdirdi.

Bakıya xas xəzri küləyi əsdikcə, dənizlə söhbətə dalan şair istər-istəməz iç dünyasının diktə etdiyi fikir və düşüncələri  misralara çevirdi.

 Dənizi hədiyyə verirəm sənə,
Mən dedim sən baxdın sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzümə,
Mən isə göyləri verirəm dedim.
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqim qədər mənə əzizdir
Ayrıldıq dənizlə ağ ləpələrlə
Necə aparasan dəniz-dənizdir
Dənizi verdim ki, sənə hədiyyə.


Məktəbdə “Böyüyəndə kim olacaqsan?” inşa yazısında  uşaqların çoxu sürücü ola­­ca­ğını yazmışdı. Onlardan fərqli olaraq,  Nəbi “mən şair ola­ca­ğam”-deyə qeyd et­­mişdi. Bu uşaqlıq arzusu zamanla reallaşdı və Azərbayca ədəbiyyatında Nəbi Xəz­ri im­zası meydana gəldi.

Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi,  1957-1958-ci illərdə "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi ol­ub. 1958-65-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 19­65-1971-ci il­lər­də Avə Radio  Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə Azərbaycan mə­də­niyyət nazirinin müavini vəzifələrini icra edib. Azərbaycanın Xarici Öl­kə­lər­lə Dostluq və Mədəni Əlaqə Cəmiyyətinin rəyasət heyətinə sədrlik etməsi  Nəbi Xəz­rinin üzərinə daha böyük məsuliyyət qoyub.

"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şim­şəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996)  və s. kitablarındakı əsərlər  mövzunun məz­mu­nun­dan asılı olaraq, yazıçının maraqlı düşüncə və bədii fikri oxu­cu­ya təqdim edilir. Məhəmməd Peyğəmbərə  həsr etdiyi “Peyğəmbər”, böyük Hun sərkərdəsi Atillaya yazdığı “Atillanın atlıları” poemalar da onun yaradıcılığında özəl yer tutur.

1944-cü ildə Azərbaycan Dövlət Radiosuna elan edilmiş diktor müsabiqəsindən keçən Nəbi Xəzri çox keçmədi ki, öz məlahətli səsi ilə dinləyicilərin sevgisini qa­za­nır. 1965-71-ci illərdə Azərbaycan Dövlət Radio və Televiziya Dövlət Komi­tə­si­nin televiziya işləri üzrə sədr müavini işlədi. Efirdə yayımlanan veri­liş­lərin key­fiy­yə­tinə diqqətlə yanaşırdı. Şairin sevilən bəstəkar Tofiq Quliyevlə, Emin Sabitoğlu ilə  uğurlu əmək­daş­lığı neçə-neçə populyar nəğ­mə­lə­rin yaranmasına səbəb olub. Nəbi Xəzrinin bir çox sözlərinə mahnılar bəstələnib. Bu mahnılar Şövkət Ələk­bə­ro­va, Zeynəb Xanlarova və “Qaya” qrupu, Gülağa Məmmədov, Müslüm Maqo­ma­yev, Mirzə Babayev, El­mi­ra Rəhimova, Flora Kərimova və digər sənətkarların ifa­la­rında sevilə-sevilə din­lənilib. Onlar arasında Müslüm Maqomayevin bəstələdiyi və oxuduğu məşhur “Azər­baycan” mahnısı isə indi də ölkəmizə həsr edilmiş ən uğurlu mahnı kimi xarici qastrol səfərlərində, nüfuzlu mədəniyyət günlərində din­ləyənləri heyran edir. Bu, bəstəkarla yanaşı, həm də mahnı mətninin müəllifi Nəbi Xəzri poeziyasının ruhu və üslubuyla bağlıdır.

Bu gün  də o nəğmələr səslənəndə bir çox­la­rı­nı o il­lə­rə aparır, qəribə duyğular oya­dır insanda, neçə-neçə xoş xatirələr yada dü­şür. Nə qə­dər ki, bu mahnılar, şeirlər biz­­lərə nəyisə xatırladacaq, bu misraların müəllifi, se­vim­li xalq şairi Nəbi Xəz­ri po­­eziyası da  daim oxunacaq və yaşayacaq…

Əfsanə BAYRAMQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir