Modern.az

Azərbaycanlı ana: “Çox ağladım , yalvardım, oğlumu Suriyaya getməkdən çəkindirə bilmədim”

Azərbaycanlı ana: “Çox ağladım , yalvardım, oğlumu Suriyaya getməkdən çəkindirə bilmədim”

İqtisadiyyat

16 Yanvar 2014, 13:11
O, Bakı Slavyan Universitetinin (BSU) 4-cü kurs tələbəsi idi. Arzusu tərcüməçi olmaq idi. Elə bu səbəbdən də universitetin tərcümə (polyak-azərbaycan-dili) fakultəsini seçmişdi.  Amma təhsilini başa vura bilmədi. Valideynlərinin də onunla bağlı arzuları gözlərində qaldı. Böyüdüb boya-başa çatdırdıqları, ali məktəbə daxil olanda sevincdən özlərinə yer tapa bilməyən valideynləri universieti bitirər-bitirməz bu xəbəri aldılar.  Neçə-ananın gözünü yaşlı qoyan bu xəbəri. Onlarla gənc kimi o da bu yolu seçmişdi. Artıq camaat arasında gedər-gəlməz adlandırılan, gəncləri bu həyatdan zövq almadan ölümə aparan Suriya yolunu....

 

Təhsilini yarımçıq qoyan tələbənin izi ilə...

  Movqe.az-a BSU-nun 4-cü kurs tələbəsi Əhmədov Tural İsmayıl oğlunun universitetdə təhsilini yarımçıq qoyaraq Suriyaya, döyüşlərə yollandığı barədə məlumat daxil olan kimi araşdırmalara başladım. Məlumatın həqiqətəuyğun olub-olmadığını dəqiqləşdirmək üçün bizə yeganə kömək edəcək mənbə elə BSU idi. Odur ki, ilk öncə universitetlə əlaqə saxladıq. Universitetin mətbuat xidmətinin rəhbəri Adil Əliyev Movqe.az-a açıqlamasında Tural İsmayıl oğlu Əhmədovun vaxtıilə BSU-nun tələbəsi olduğunu təsdiqlədi. T. Əhmədov bildirdi ki, T. Əhmədov 2013-cü ilin aprel ayınadək universitetin polyak-azərbaycan-dili fakultəsinin tələbəsi olub. Elə həmin tarixdən sonra universitetə, dərslərə gəlmədiyindən dərsləri 30 faiz buraxdığından universitetdə təhsili yarımçıq qalıb: " Qaydalara görə, tələbə 30 faizdən yuxarı dərs buraxırsa universitetdən xaric olunur. Tural çox dərs buraxdığına görə, universitetdən xaric olunub. Bizdə olan məlumat bu qədərdir. Onun universitetdə təhsilini yarımçıq qoyduqdan sonra hansı işlə məşğul olduğu barədə məlumat yoxdur”. Universitetdən Turalın Suriyaya getdiyini təsdiqləyən faktı əldə edə bilmədiyimizdən onu vaxtıilə universitetdə birgə oxuduğu keçmiş tələbə yoldaşları ilə əlaqə saxlamağa cəhd etdik. Çünki, Turalın təhsil aldığı orta məktəbdən, 264 saylı orta məktəbdən onun validynlərinin  yaşadığı  ünvanı heç cürə dəqiqləşdirə bilmədik. Məktəb direktoru qəti şəkildə Turalın valideynlərinin ünvanını bizə verməkdən imtina etdi. Yeganə ümid yerimiz Turalın dostlarını tapıb onlarla söhbətləşmək idi. Kiçik araşdırmadan sonra onun vaxtıilə universitetdə birgə oxuduğu yoldaşları ilə təmasa keçə bildik. 

"Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq"  

Adının çəkilməməsi şərti ilə Movqe.az-a danışmağa razılıq verən Turalın keçmiş tələbə yoldaşı bildirdi ki, hazırda dostları, vaxtıilə Turalla birgə oxuyan yoldaşları da ondan nigarandırlar: "Tural Tərcümə fakultəsinin 403-cü qrupunun ən nümunəvi tələbəsi idi. Hamımız onu tərbiyyəli, başıaşağı uşaq kimi tanıyırdıq. Bilirdik ki, namaz qılır. Hətta dərs fasilələrində də imkan edib namaz qılırdı. Eşitmişdik ki, idmana da gedirdi. Elə evə qayıtmadığı gün də, idmana getdiyini deyib evdən çıxıb. Onun el arasında vəhabi adlandırılan təriqət üzvülərinə  qoşulduğu barədə məlumatlar eşidirdik. Elə dərsə də  üzü tüklü gələrdi. Dekan israr etdikdən sonra üzünü təmizləyərdi. Bir gün eşitdik ki, Tural evə getməyib. Türkiyəyə, oradan da Suriyaya yollanıb. Bu xəbər bizi də təsirləndirdi. Onun hansı səbəbdən bu yolu seçdiyini deyə bilmərik. Bircə onu bilirik ki, Tural könüllü şəkildə Suriyaya gedib”.

"qaysaq bağlamış yaramı niyə qopardırsız”

Turalın dostları ilə sağollaşıb onun valideynləri ilə əlaqə saxlamaq üçün etdiyimiz cəhdlər uğurlu alındı. Turalın anası Şəlalə xanımla əlaqə qurmağa müvəffəq olduq. Sözün açığı oğlunu aylardır ki, görə bilməyən ananın qaysaq tutmuş yarasını qoparmaq, onun yarasını təzələmək çox çətin idi. Bəlkədə oğlu ilə bağlı xəbər gələcəyini gözləyirdi telefonda. Amma Turalın anası ilə bağlı danışmaq məcburiyyətində idim. Telefonun zəngimcellinə qoyulan kədərli melodiya yarımçıq kəsilir. Telefonun o başından gələn zəif səs oğlunun adını eşitdikdə əvvəlcə kəsilir. Daha sonra xanım Turalın anası olduğunu təsdiqləyərk bizdən Turaldan "xəbər var” deyə soruşur: "Siz kimsiniz, oğlumu hardan tanıyırsınız? Bəlkə ondan bir xəbər var demirsiniz?”.  Ananın ağlayaraq verdiyi suallar qarşısında verəcəyim sualları bir anlıq unutsam da, çıxış yolunu ona təskinlik verməkdə tapıram. Jurnalist olduğumuzu öyrənən ana əvvəlcə "qaysaq bağlamış yaramı niyə qopardırsız”deyə narazılıq etsə də danışmağa razılıq verir: 

"balam 10 aydır ki, yoxdur"

"Doğru xəbərdir balam 10 aydır ki, yoxdur. 10 aydır ki, bağrıma daş basıb oturub onun yolunu gözləyirəm. 10 aydır ki, gözlərim yollarda balamı gözləyirəm. 22 ildir ki, böyüdüb boya-başa çatdırdığım balamın qoxusunu evdə qoyub getdiyi paltarlarından alıram. Bilmirəm, sən də anasan, yoxsa yox. Əgər anasansa baladan ayrı qalmağın ana üçün nə demək olduğunu gərək ki, anlayasan. Mənim balam ötən ilin aprel ayının 1-dən evdən çıxıb bir daha geri qayıtmayıb. Evdən gedəndə “idmana gedirəm ana” dedi. Axşam saat 11 oldu geri qayıtmadı. Telefonuna zəng etdik cavab gəlmədi. Anayam axı dəli oldum ki, bəlkə balamın başına bir iş gəlib. Tez polisə məlumat verdim. 5-6 gün xəbər çıxmadı balamdan. Baxdım ki, xarici pasportunu götürüb özü ilə.  Bir gün zəng gəldi telefona. Tural idi. Dedi ki, ana mən artıq Türkiyədəyəm. Gürcüstan vasitəsilə sərhədi keçib Türkiyəyə gedibmiş. Soruşdum bala orda neyniyirsən? Axı sən tələbəsən dərslərin yarımçıq qalıb. Dedi ki, ana haqqını halal elə. Mən Suriyaya döyüşməyə gəlmişəm. Cihada. Çox yalvarıb-yaxardım. Dedim ki, sənə haqqımı halal etmərəm geri dön evimizə. Dedi ki, mümkün deyil, geri dönməyim. Telefonda nə qədər ağlayıb, yalvarıb-yaxardımsa xeyiri olmadı. Telefonu bağladı. Ondan sonra bir müddət yenə əlaqə kəsildi. Arada skayp vasitəsilə əlaqə saxladı. Dedi ki, təlim bölgəsindədir. Təlim keçirlər. Özü də deyirdi ki, təlim bitdikdən sonra Suriyaya gedəcəyindən əlaqə saxlamaq mümkün olmayacaq. Neçə aydır ki, səsini belə eşitmirik. Bilmirik hardadı, ölüdü, sağdı xəbərimiz yoxdur. İnterpola da axtarışa vermişik. İndi bircə arzum var. Balamın yerini öyrənib onun yanına gedib boynuna sarılmaq. Bəs deyincə qoxusunu içimə çəkmək. Atası ilə onun həsrətindən əriyib kül olmuşuq. Gözümüz yolda qalıb qulağımız səsdə. Allah uzaq eləsin. Suriyada döyüşlərdə nə qədər azərbaycanlı gənclər ölür. Neçə-neçə ananın gözü yaşlı qalıb. Baxın indi mən də o analardan biriyəm. Onlardan bircə fəqrim oğlumun ölü yaxud diri olmasından xəbərsiz olmağımdır. Burdan, sizin sayt vasitəsilə oğluma səslənirəm. Əgər məni, atanı az da olsa sevirsənsə, bizim haqqımızı boynunda hiss edirsəndə geri dön, evinə dön Tural, yalvarıram sənə. Əziz balam sən ölümlə üz-üzə durduqca biz evimizdə rahat çörəyimizi yeyib yata bilmərik, bunu başa düş. Sən cihad deyib Suriyaya gedəndə cənnətin anaların ayaqları altında olduğunu, ana-atanı incitməyin Allah yanında xoş qəbul olunmadığını dərk etmədinmi inanclı balam? Axı ata-anadan hallalıq almadan getmək, onların gözünü yolda intizarda qoymaq Allaha xoş gedən bir hərəkət deyil oğlum. Sənin beşiyinin başında lay-lay çalan, böyüdüb barını dərəcəyini gözləyən ananın haqqını beləmi verərələr?  Səninlə bağlı o qədər arzularım vardı ki. Universiteti bitirdikdən sonra qardaşın kimi işləyəcəyini düşünürdüm. Toyunu düşünürdüm. Vətən qarşısında borcunu yerinə yetirəcəyini düşünürdüm. İndi bütün bunları düşünə-düşünə yolunu gözləyirəm. İnanıram ki, ananın gözünü yollarda naümid qoymayacaqsan. Heç olmasa yerini de bircə dəfə gəlib görüm səni”. 

"Onlar başdan çıxartdı balamı"  

Şəlalə xanımın ağlayaraq dediyi bu sözləri dinlədikdən sonra Turalın Suriyaya getməzdən əvvəl belə bir fikrdə olduğu barədə ailəsinə bir söz deyib-demədiyini soruşuram. Şəlalə xanım deyir ki, Tural heç vaxt belə bir fikirdə olduğunu ailəsinə deməyib: "İdmana gedirdi. Orada vəhabi dostlarının olduğunu eşitmişdim. Onlar başdan çıxartdı balamı. Elə bilirsiniz onların göz yaşlı qoyduğu təkcə mənəmmi?. Bir qadın vardı tez-tez zəngləşirdik. O da mənim dərdimdə idi. Onun da oğlunu vəhabi dostları başdan çıxardaraq Suriyaya yola salmışdı. (səsi qırılır, daha sonra telefonun o başından hönkürtü səsi gəlir).  

"Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə”

  Şəlalə xanım deyir ki, ali savadlı dil-ədəbiyyat müəlliməsidir: " Bu artıq cəmiyyətin bəlasına çevrilib. Gənclərimizin şüurunu işğal edib Suriyaya istiqamətləndirirlər. Beləcə neçə-neçə ana mənim kimi gözüyaşlı qalıb. İndi mənim bircə istəyim var. Heç olmasa oğlumun yerini öyrənib desinlər bircə dəfə gedib onu görüm. Tək arzum oğlum Turala qovuşmaqdır, bəlkə anasının səsini eşidə.”  

Zülfiyyə Quliyeva

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir