Modern.az

Casusların məxfi aparatları - milçək, güllə atan qəlyan, pul - ARAŞDIRMA

Casusların məxfi aparatları - milçək, güllə atan qəlyan, pul - ARAŞDIRMA

18 Yanvar 2014, 12:09


Modern.az
saytı yaxın tarixdə olub keçmiş casus aparatları ilə bağlı araşdırma yazısının davamını təqdim edir.

Ötən yazımızda əsasən ABŞ və SSRİ-nin istifadə etdikləri bəzi əşyalara, hətta nəcisə bənzər kəşfiyyat qurğularından bəhs etmişdik. Bu yazıda da XX əsrin 80-ci illərinin axırına qədər iki dünya super gücünün məxfi qurğu əməliyyatlarından söz açacağıq.

Öncəliklə qeyd edək ki, casusluq “oyunları” təkcə iki “qoça” aid edilə bilməzdi.  Ona görə də kiçik dövlətlərin də kəşfiyyat “əşyalar”ına nəzər salmaq lazımdır.

Eşidən ayaqqabı  


Rumıniya məxfi xidməti 1960-1970 illərdə dabanına dinləyici qurğu qoyulan ayaqqabılarla dinləmə əməliyyatı həyata keçirirdilər. Bu “böcək”lə əsasən ABŞ diplomatları dinlənilirmiş. ABŞ diplomatlarının heç zaman qaldıqları yerdən alver etmədiklərini nəzərə alan rumın agentlər maraqlı üsula əl atıblar. ABŞ-dan diplomatlar üçün göndərilən geyim əşyalarının yığıldığı paketi açan rumın xəfiyyələr ayaqqabıların içinə lazımı qurğu yerləşdirəndən sonra sahiblərinə göndərirlər. Bu, diplomatların gözündən yayınsa da, sonradan rumın məxfi servisinin əməli ifşa olunur.

Qəlyan tapança


İkinci Dünya Müharibəsi vaxtı ingilis casusları tərəfindən istifadə olunan qəlyan tipli tapança düşməni məhv etməyə hesablanmışdı. Yaxın məsafədən açılan atəşlə insanı öldürmək bacarığına malik bu silahın gövdəsini bərk sıxarkən ağıza daxil olan hissə çevrilib güllə atırdı.

Alman dəqiqliyi


İkinci Dünya Müharibəsindən sonra Almaniyanın hazırladığı saata bənzər kameralardan agentlər istifadə ediblər. Kamera casuslara özlərini sanki saata baxırmış kimi göstərmək lazım olan şəkli çəkmək üçün imkan verirdi. 2.5 mm-lik film mexanizmi ilə səkkiz poza çəkə bilən aparatdan yararlanmaq kiminsə ağlına gəlməzdi.

Rus məktəbliləri casus qiyafəsində


Casusluq tarixinin ən maraqlı dinləmə əməliyyatlarından biri də 1946-cı ildə baş verib. Bir qrup rus məktəblisi 1946-cı ildə ABŞ-ın SSRİ-dəki səfiri Avverel Harrimana ölkəsinin simvolu olan qartal heykəlciyi hədiyyə edirlər. Səfir bu jestə hörmət əlaməti olaraq heykəlciyi öz iş otağından asacaqdı. Bu rəsmi Vaşinqtonun dövlət maraqlarına zərbə vur biləcək ən böyük xətalardan biri idi. Rus xəfiyyələrinin qartal heykəlciyin daxilində xaricdən ötürülən siqnallarla işləyən mikrofon yerləşdirilməsi üsulu isə kiminsə ağlına gələ bilməzdi. Casus əməli yalnız 1952-ci ildə səfirlikdə aparılan texniki təmizləmə zamanı ifşa olunub.

İşin içindən pul çıxdı


DTK 1950-ci illərdə istifadə etdiyi hiyləgər pullardan mikrofilm və mesaj ötürmək üçün yararlanırdı. Sovetin ABŞ-dakı agentlərindən olan Rudolf Abelin diqqətsizliyi ucbatından həmin pulların bir qismi ABŞ məxfi orqanlarının əlinə keçir. İynənin pul üzərindəki dəliyə soxulması ilə açılan puldan ABŞ baş çıxara bilmir. Dörd illik araşdırmalara baxmayaraq amerikalılar pulun qaynağını təsbit edə bilmirlər.

Kömürşəkilli bombalar


Kömür parçasına oxşayan qurğu əslində güclü dağıdıcılıq qabiliyyətlərinə malik bombadır. Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) tərəfindən XX əsrin 40-cı illərində müharibənin qaynar bölgələrində istifadə olunan bu aparat rənglənərək kömürə bənzədilirdi ki, bu da diqqətdən yayınırdı.

Milçək güclü silah kimi


MKİ-nin araşdırma departamenti tərəfindən 1970-ci illərdə hazırlanan milçək təsəvvürü yaradan mikro hava maşını əsl kəşfiyyat aparatı funksiyasını yerinə yetirib. Qurğunun kəşfiyyat məlumatları toplamaq üçün hazırlandığı bəlli olsa da,  harada istifadə edildiyi haqqında bilgi yoxdur. Ola bilər ki, günümüzdə də bu qurğu öz fəaliyyətini davam etdirir.

Qələmin gücü


Cibdə gəzdiriləcək kameraların şübhə oyandıra biləcəyi ehtimalını nəzərə alan MKİ xüsusi qələmlərdən yararlanmağı məqsədəuyğun hesab edirdi. 1970-ci illərdə istifadə edilməyə başlanan kamera daha çox məxfi obyektlərin, sənədlərin  fotolarını çəkmək üçün casusların köməyinə gəlirdi. Elə bu illərdə ABŞ xüsusi xidmət orqanları tərəfindən əla alınan Aleksandr Ogodornik adlı Sovet diplomatı yüzlərlə gizli sənədlərin şəklini bu aparat vasitəsilə çəkərək, Vaşinqtona ötürüb. Belə qurğuların təkmilləşmiş formalarının günümüzdə də işlədildiyini istisna etmək olmaz. 

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi