Modern.az

Xankəndi radiosunun azərbaycanlı diktoru: “Verilişlərimiz ermənilər üşün arzuolunmaz idi”

Xankəndi radiosunun azərbaycanlı diktoru: “Verilişlərimiz ermənilər üşün arzuolunmaz idi”

20 Yanvar 2014, 13:03

Ziyalı insan cəmiyyətin nuru, ziyası, aparıcı qüvvəsidir. Təbii ki, söhbət əsl ziyalıdan gedir. Bir çox hallarda ali təhsilli, yaxud elmi fəaliyyətlə məşğul olan insanlar cəmiyyətimizə ziyalı kimi təqdim edilir. Ancaq həqiqətdə bu heç də belə deyil.
Yunan filosofu Sokratın fikrincə hər bir ziyalı adlandırılan şəxs əldə etdiyi biliklərə, fəlsəfi-intellektual potensialına müvafiq surətdə davranmırsa, o zaman həmin şəxs ziyalı adlandırılmamalıdır. Əsl ziyalı öz elmi təfəkkürünü təsdiq edən, intellektini həyata və cəmiyyətə tətbiq etməyi bacaran, müdrikliyi ilə örnək ola bilən insanlardır.
Belə ziyalılardan biri də 1938-ci ilin yanvarın 21-də Azərbaycanın mədəniyyət beşiyi olan, dünyaya neçə-neçə ziyalılar bəxş edən Şuşada anadan olmuş Xudiyeva Şura Məhəmməd qızıdır.

Şura Xudiyeva orta təhsilini Şuşa şəhər 1 saylı orta məktəbdə alıb. Şuşa Pedaqoji Texnikumunda orta ixtisas təhsilinə yiyələndikdən sonra bir il sinif müəllimi işləyib. Uşaqlıqdan ədəbiyyata sonsuz həvəsi olduğundan 1966-cı ildə sənədlərini Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olub. Pedaqoji fəaliyyətini Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə bir müddət davam etdirdikdən sonra elə həmin şəhərdə Müəllimlərin Təkmilləşdirmə İnstitutunda metodist vəzifəsinə təyin edilib. İctimai fəallığı, təşkilatçılıq qabiliyyəti, bilik və bacarığı nəzərə alınaraq Şura Xudiyevaya daha yüksək vəzifə həvalə olunub. O, 1990-cı ilə qədər Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Maarif şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

Məlum Qarabağ hadisələrindən sonra digər soydaşlarımız kimi Şura xanım da Bakıya köçmək məcburiyyətində qalıb. 1990-cı ildən o pedaqoji fəaliyyətini Bakının Nərimanov rayonunun təhsil şöbəsində metodist vəzifəsində davam etdirib.

Son dərəcə ziyalı, sənətinə qəlbən bağlı olan Şura Xudiyeva işlədiyi illərdə “Diferensiallaşdırma və fərqləndirmə”, “Mədəniyyət inqilabçılığı sevmir”, “Tərbiyə də bir silahdır”, “Müəllim şagird münasibətləri”, “Bir daha ifadəli oxu haqqında”, “Qeyri-adi açıq dərs” və bir çox məqalələrin müəllifidir.

Şura Xudiyeva 1998-ci ildə “Təhsilin humanistləşdirilməsi baxımından təlim tərbiyə prosesinin diferensiallaşdırılması və fərqləndirilməsi ili” çərçivəsində küçirilmiş müsabiqədə “İlin ən yaxşı metodisti” adı ilə təltif olunub.

İctimai fəallığı ilə həmişə fərqlənən Şura xanım müəllimlərin 4-cü və 7-ci qurultaylarının nümayəndəsi olub.

Ömrünün 50 ildən artıq hissəsini gələcək nəsillərin maariflənməsinə həsr edən, bu yolda saçını ağardan Şura xanım pedaqoji fəaliyyəti ilə yanaşı həm də 21 il Dağlıq Qarabağ Muxtar Vilayəti Teleradio Verilişləri Komitəsinin Azərbaycan verilişləri redaksiyasında diktor vəzifəsində çalışıb. Peşəkar nitq mədəniyyəti və qüsursuz fəaliyyətinə görə 1-ci dərəcəli diktor Şura Xudiyeva dəfələrlə Azərbaycanın Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin yüksək mükafatlarına layiq görülüb.

Həmin illəri xatırlayan Şura xanım deyir ki, Dağlıq Qarabağda, Xankəndində radioda Azərbaycan dilində verlişlərin yayımlanması ermənilər üşün arzuolunmaz idi.

Bu gün ömrünün müdrik çağını yaşayan Şura xanımı hayata bağlayan bir arzu var. Doğulub boya-başa çatdığı Şuşaya dönmək, ömrünün ən gözəl illərini yaşadığı Xankəndinə qayıtmaq...

A.Qorxmaz

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir