Modern.az

Qanının səsini dinlədinmi?!.

Qanının səsini dinlədinmi?!.

22 Yanvar 2014, 10:01

Qənirə Paşayeva,
millət vəkili

2-ci hissə

Bilirəm yazının ikinci hissəsini səbirsizliklə gözlədiniz. 2, 3 və 4-cü qan qrupuna məxsus dostlar öz qanlarının səsini dinləmək arzusundadır. Əlbəttə, yazdıqlarımız elmdə bir aksiom deyil - razılaşa da bilərsiniz, razılaşmaya da... “Qanımızın səsi” kitabının müəllifi, gözəl alim və dost Sevda Tahirli ilə bu mövzu ətrafında çox geniş fikir mübadiləmiz oldu və o da dünyada bir sıra böyük tədqiqatçıların fikrini qəbul edir ki, elmin özü hələ gələcəkdə bu sahəyə daha geniş diqqət ayıra bilər... amma onlarla tədqiqatçı tərəfindən planetin fərqli yerlərində yüzminlərlə insan üzərində aparılmış müşahidələr, araşdırmalar və uyğun statistikanın nəticələri olaraq ortaya çıxan mənzərə özünə diqqət tələb edir.

 Sevda xanım mənə Yaponiyadan, daha doğrusu, bu ölkədə insanların öz qan qruplarına və hər işdə ünsiyyətdə olduqları insanların qan qruplarına böyük önəm vermələrindən danışdı. Doğrusu, Yaponiyada olmuşdum amma bu, o qədər incə detalları ətraflı müşahidə edə bilməyəcək qədər qısa bir səfər olmuşdu. Bəlkə də bir çoxunu sadəcə diqqətdən qaçırmışdım. Böyük ehtimalla belədir... amma diqqətimdən qaçmayan detallar da vardı – həm də çox önəmli detallar və onları gələn yazımda sizinlə bölüşəcəm.

 İndi isə qanının səsini dinləmək istəyən 2-ci qan qrupuna məxsus dostlarla dünyada çox tanınmış tədqiqatçıların araşdırmaları nəticəsində ortaya çıxan və böyük bir qismi Sevda xanımın kitabında da öz əksini tapan bəzi bilgiləri paylaşmaq doğru olardı. Beləliklə, qanının səsini dinləmək və öyrənmək istəyən 2-ci qan qrupuna məxsus dostların nəzərinə:

 A (II) qan qrupu - "əkinçilər"dir... və dünya əhalisinin 30-40%-də bu qan qrupuna rast gəlinir. "Əkinçilər" ilk məcburi miqrasiya edənlərin bir yerdə məskunlaşıb əkinçilik məhsulları ilə qidalanmağa və bununla bağlı, fərqli həyat tərzinə keçməyə başladığı zaman yaranmışdır. Mövcud həyat şərtləri onların hər birindən “yolagedən” olmaq, digərləri ilə əmək birliyi qura bilmək kimi özəllikləri tələb edirdi və beləliklə, təxminən eramızdan 15000-25000 il öncə hazırkı Avropa və eləcə də Asiya ərazisi tədricən əkinçilik, kiçik heyvandarlıq ərazilərinə çevrilir... Məhz həmin dövrdə də A(II) qan qrupunun yarandığı ehtimal olunur. Onların generasiya yeri Güney-doğu Asiya hesab edilir.

 "Əkinçilər" tez qaynayıb-qarışandırlar. Hər cür şəraitə də dərhal uyğunlaşmağı bacarırlar. Ona görə də iş yerinin və ya yaşayış yerinin dəyişilməsi məsələsinə stress situasiyası kimi yanaşmırlar. A(II) qan qrupundan olanlar yaxşı dost olduqlarını, eləcə də ailə gələnəklərinə sadiqliklərini isbatlayırlar... amma bəzən inadkarlıq, bəzən də əsəbləşərkən özünü dərhal toplaya bilməmək kimi cəhətlər də onların daşıdığı özəlliklərdəndir.

 Çalışqanlıqları və işə məsuliyyətlə yanaşmaları "Əkinçilər"in yüksək dəyərlərindəndir. Onlar sabit və hövsələlidirlər. Qarşılarına hər hansı məqsədi qoyub ona səbrlə yetməyi və nəhayət istədikləri nəticəni əldə etməyi bacarırlar.

 "Əkinçilər" hər şeydə qayda-qanunu və səliqə-sahmanı güdürlər. İşdə onlara verilmiş tapşırıqları vaxtında və gözəl yerinə yetirmələri karyera pilləsində irəliləmələrinin əsas səbəbi sayılır. Kişi "əkinçilər" övladlarını sevən qayğıkeş atadırlar.

 Bunlarla yanaşı "əkinçilər" ətrafdakıların onların səylərini görüb dəyərləndirilməsinə ehtiyac hiss duyurlar. Əks təqdirdə çox asanlıqla ruhdan düşə bilir "əkinçilər"... Hesab edilir ki, A(II) qan qrupu mənsublarında liderlik bacarığı zəif ifadə olunur. Yüksək vəzifələrə təyin olunsalar, istənilən situasiyadan doğru çıxış yolunu tapmaqda çətinlik çəkəcəklər. Mürəkkəb situasiyalarda çox şeyi öz üzərilərinə götürmək kimi yanlış qərarlar onları son hesabda çıxılmaz duruma gətirib çıxarda bilər. Bu qrupun bir çox nümayəndələri geniş dünyagörüşünə malik olub cəmiyyət üçün xeyli yararlı işlər görməyə qadirdirlər lakin məqsədə çatmaq üçün hədsiz inadkarlıq və pedantizm onları çıxılmaz durumlarla üzləşdirə bilər.

 "Əkinçilər" xırdalıqlara, detallara önəm verənlərdən sayılırlar. Vəfalı dost olmağı bacaran "əkinçilər" ssasən sakitdirlər, həssasdırlar, uğursuzluqları və inciklikləri çox ağır keçirdirlər...

 Onlar başqalarının könlünü xoş etmək üçün öz mənafelərini qurban da verə bilərlər. Özlərinə inamsız olduqları üçün bu qrupdan olan insanlara rəhbərlik etmək, yüksək vəzifələrə can atmaq, eləcə də stresi alkoqol və digər vasitələrlə çıxartmaq tövsiyə olunmur!.. Riskə getmək də bu qrup üzvləri üçün arzuolunmazdır. Risk kiməsə uyğun olsa da bu qrupdan olanlar üçün uğursuzluğa yol aça bilər.

 Ümumiyyətlə, böyük və qlobal dəyişikliklərə getməkdən qaçmaq lazımdır. Ətrafına özü kimi sadiq dostlarını toplayıb biznesini genişləndirmək onlar üçün daha doğru addımdır. A(II)- kişilər öz həlimliyi və güzəştə getməsi ilə kollektivdə bir uyum yarada bilər. "Əkinçilər" cavankən idarə rəhbərinin bütün tapşırıq və buyruqlarını diqqətlə dinləyib, dəqiqliklə yerinə yetirəndirlər. Lider olduqdan sonra isə əməkdaşlarının çalışma və davranışlarını koordinasiya edərək onların qayğısına qalmağa çalışırlar. “Əkinçi” öz imkanlarını dəyərləndirməyi bacardığından, həmkarları ilə rəqabətə girmədən fəaliyyət göstərəcək.

 A(II)-kişilər nəyə qadir olduqlarını yaxşı bildikləri üçün yeni layihələrin meydana çıxmasından çox, onun hər hansı bölümünün həyata keçirilməsində iştirak edəcəklər. O bu işdə heç kimin edə bilməyəcəyi bir həssaslıq nümayiş etdirməyə qadirdir..! lakin şirkət mənafeyi yönündə gərəkən son anda ən doğru və cəsarətli qərarı da verməyə qadir olan məhz onlar – "əkinçilər"dir... Onlara məsləhət üçün müraciət edilməsindən çox xoşlanan A(II)-lər üçün idman karyerasında qrup halında olan idman növləri uyğun gəlir.

 A(II)-qadınlar səliqəli və məsuliyyətlidirlər. – Bu günün işini sabaha qoymazlar. İş görərkən ona kimlərinsə mane olmasına dözə bilmirlər. Subordinasiyanı gözləməyi, hər kəslə, həmçinin müdirlə öz arasında müəyyən məsafə saxlamağı bacarırlar. Bir şirkətdə uzun müddət işləyərlər və onlar olan yerdə qayda-qanun qorunub saxlanılar... Təvazökardır "əkinçi -qadınlar".

 Digər keyfiyyətləri:

 • Vicdanlı

 • Güclü stress altında da işləyə bilən

 • Harmoniya tərəfdarı

 • Səbirli

 • Xeyirxah

 • Utancaq

 • İnadcıl

 • Əsəbləşərkən gec toparlanan...

 Bu qrup üçün ən yaxşı peşə onların hər şeydə bir səliqə-sahman axtarmaq bacarığını və kiçik detallara diqqət ayıra bilmək kimi yetənəklərini ən yüksək səviyyədə nümayiş etdirə biləcəkləri peşələrdir. Bu dediklərimizə

 rejissor,

 mühasib,

 arxiv işçisi və s.

 uyğundur.

 Çox çalışqan, hər şeyin harda olduğunu bilən, sənəd və hesabları sahmana salmağı yaxşı bacara bilən "əkinçilər" üçün katiblik də uyğun hesab olunur. Ümumiyyətlə, karyera seçimləri daha çoxdur:

 - İqtisadçı

 - Proqramist

 - Hüquqşünas

 - Tibb bacısı

 - Tərbiyəçi

 - Müəllim

 - Əczaçı

 - Kosmetoloq

 - Aşbaz

 - Bağban

 - Tərcüməçi

 - Polis

 - Detektiv

 - Müxtəlif ictimai təşkilatlarda işçi

 - Yanğınsöndürən və s.

 Bu qrupun ünlüləri:

 • Corc Buş (ata)

 • Britni Spirs

 • Rinqo Star

 • Lindon Cons

 • Riçard Nikson

 • Ceyms Karter

 • Adolf Hitler

 • Alan Alda

 • Katya Lel

 • Valeri Sütkin və.b.


Razılaşıb-razılaşmamaq sizin əlinizdədir amma dünyada bir çox tanınmış mütəxəsis insanlara hətta qan qrupunu nəzərə alaraq, necə qidalanmadan tutmuş, hansı qan qrupuna məxsus insanların daha çox hansı xəstəliklərə meyilli olması, özünü qoruması üçün nələr etməsi məsləhətlərindən tutmuş... ailə həyatında, evlilikdə qan qrupu faktorunun nə qədər önəm daşımasına qədər çox maraqlı araşdırmaları ictimaiyyətə təqdim etməyə başlayıblar. Biz də o araşdırmalarla tanış olduğumuz zaman əslində nə qədər yararlı olduğunu görürürk.

 “KÖÇƏRİLƏR” – bu bir qan qrupudur...

 Gələn yazılarımda 4-cü qan qrupu ilə yanaşı bu tədqiqatlar barədə də müəyyən bilgiləri paylaşmağa çalışacam. Hər kəsə yararlı olacağını düşündüyüm üçün... Sevda xanım Tahirlinin “Qanımızın səsi” kitabı ətrafında tanınmış və dəyərli jurnalistimiz Vəsilə Vahidqızının hazırladığı “Qanımızın səsi” sənədli filmini izləməyən dostlar varsa mütləq izləməyi tövsiyyə edərdim. Çox maraqlı bir sənədli filmdir. Beləliklə 3-cü qan qrupuna məxsus dostların səbirsizliklə öz qan qruplarının səsini dinləmək istəyini nəzərə alaraq, keçək mətləbə... Sevda xanım dünyanın tanınmış tədqiqatçılarının araşdırmalarının nəticəsi olaraq yazır:

 B(III) - qan qrupu - "köçərilər"dir...

 Dünya əhalisinin ümumi sayının 20-25%-ə qədərinin bu qan qrupunun daşıyıcı olduğu bildirilir. 15000 il bundan öncə yaranıb. Bu qrupun ilk sahibləri – monqollar quzey istiqamətində hərəkət edərək çağdaş Sibir bölgəsinə qədər gəlib çıxırlar və onların hamısı, demək olar ki, B (III) qrupuna sahib olublar. Bu, faktlarla da isbatlanır. Son dövrlərdə xüsusi mürəkkəb texnologiyalardan istifadə edərək (polimeraza reaksiyası əsasında) 1912-ci ildə Taklamakan çölündə tapılmış qədim sümükləri araşdırarkən tədqiq olunan 9 obyektdən 8-nin B (III) qan qrupuna aid olduğu müəyyən olunub. Monqollar müxtəlif dövrlərdə Doğu Avropaya doğru bir neçə köç etmişlər və bu köçlərin birində də onlar Vyanaya qədər gedib çatıblar. Ehtimal olunur ki, Avropa B (III) qan qrupunun antigeni ilə monqolların sayəsində tanış olub.

 B (III) qan qrupunun əsas generasiya arealı Doğu Hindistan hesab edilir. Əsasən köçəri həyat tərzi sürərək yaşadıqlarına görə şərti olaraq elə beləcə də adlandırıblar: "Köçərilər"..! Çox duyğusaldı "Köçərilər"... Həm özlərinə, həm ətrafa qarşı tələbkar olmaqları ilə fərqlənirlər. B (III) qanlılar individualistlərdir. Çox rahat uyğunlaşa bilirlər. Həm hökmlü, həm də yaradıcıdırlar. Adətən çox açıqsözlü və optimist olur "Köçərilər"... Adi şeylər bəsitlikləri ilə onlar üçün çox darıxdırıcı gələ bilər. Hər zaman dəyişiklik sevdikləri üçün öz həyatlarında nəyisə dəyişmək imkanı düşərsə, bundan mütləq istifadə etməyə cəhd göstərirlər. "Köçərilər" kimdənsə asılı olmağı sevməzlər. Özlərinə qarşı haqsızlıqları da qəbul etməz onlar. Əgər iş yerində müdir onun üstünə səbəbsiz yerə əsəbiləşərsə, o həmin an işdən çıxmaq üçün “Ərizə”sini yazıb masa üzərinə qoyar... Öz doğru bildikləri kimi hərəkət etməyi sevərlər yəni. İdeya generatorlarıdır "Köçərilər": aktivlik, ekspressivlik, heç gözlənilməyən hərəkətlər etməyə qadirdirlər. Özlərində uşaqlara xas olan səmimiliyi qoruyub saxlaya bilirlər, bəlkə də buna görə uşaqlarla çox rahat ünsiyyət qurmağı bacarırlar. B (III) qrupluların düz sözü üzə deməyin tərəfdarıdırlar.

 Bu qrupdan olanlar məşğul olduğu darıxdırıcı işi atıb özlərinə maraqlı gələn sahə ilə məşğul olmaqdan imtina etməzlər. Yeni seçim daha az gəlir gətirsə belə, onları bu qərardan döndərə bilməzsən... Eyni vaxtda bir neçə işdən də yapışa bilər "Köçərilər"... Əgər ətrafdakılar B(III)-qanlıların ekstravaqantlıqlarına mane olmayıb, əksniə bunu anlayışla qarşılamış olsalar, B (III)-lər böyük uğura və şöhrətə sahib ola bilərlər. Lakin maraqlısı budur ki, ətrafdakılar çox zaman onların təkrarolunmazlıqlarını o qədər də qəbul edə bilmədik¬lərindən həm onları, həm də etdiklərini birmənalı qarşılamırlar. Nəzakətli, həssas, sakit lakin həm özünə, həm də ətrafdakılara qarşı tələbkar olub, eyni şeyi özlərinə də qarşı güdərlər(və haqsız da sayılmazlar!).

 Mütəhərrik olmaları hər şeyə tez uyğunlaşmalarına kömək edir "Köçərilər"in. Geniş təxəyyülə sahibdirlər. Onlar istedadlı və hərəkətlərində təkrarolunmazlar sayılırlar. Ən zəif yerləri müstəqil olmaq istəyidir "Köçərilər"in. – Zahiri sakitlik arxasında çox həssas və kövrək bir insan gizlənə bilir. Zehni cəhətdən çox fəal olub qabiliyyətli şəxsiyyətlərdir onlar. Çox yaxşı dost olmağı bacardıqları kimi təsadüfi insanları da ətraflarına yaxın buraxmadan onları özlərindən uzaqda tutmağı bacarırlar. B (III) qrup qanı daşıyanlar yaxınlarına qarşı tələbkardırlar. Hədsiz dəbdəbə, komfort əsiri olmasalar da, bəsit şeylərdən tez bezirlər. Bir başqalarının yerinə yetirməkdən qorxduğu işi bu insanlar sona çatdırmağa qadirdirlər, hətta bunu mümkün ola biləcək ən mükəmməl bir şəkildə edəcəklər. Lakin bununla yanaşı, rəhbərliklə (özəlliklə, avtoritarlıq nümayiş etdirildiyi zaman) problemlər yaşaya bilərlər. Onlar azad quş kimi sərbəstliyi sevdiklərindən çox ciddi intizama tabe olmağı, buyruq¬ları qeyd-şərtsiz qəbul etməyi bacarmırlar. Elə bu səbəbdən də, bu insanlar iş yerində daha çox sərbəstliyin imkan verilməsinə can atırlar. Onlar elə həyatda da bu sərbəstliyin aşiqidırlər.

 "Köçərilər" ünsiyyətdə çox seçicidirlər. Onların dostları siyahısına düşmək o qədər də asan məsələ deyil. Başqalarının fikirlərinə sayğı ilə yanaşsalar da, onlara simpatik olma¬yanlara qarşı bəzən aqressivlik də göstərməyə qadirdirlər.

 B (III) qan qruplu kişilər iti ağıla və kəskin dilə sahibdirlər. Yüksək təşkilatçılığa və yaradıcılıq imkanlarına malikdirlər. Adətən sərbəst fəaliyyət sahələrini - dizayner, jurnalist, və teleaparıcılığı seçirlər.

 ...O bir yerdə dura bilməyəndir. Çox zaman onun hobbisi və işi bir vəhdət təşkil edir. Biznes işi ilə məşğul ola bilər - restoran, kafe və ya atelye aça bilər. Lakin səhlənkar yanaşması üzündən işlərin tam iflasa uğramaması üçün maliyyə məsələrini digər qrup nümayəndələrinə - A (II) və ya 0 (I) qan qrupuna həvalə etməsi onun üçün yararlı ola bilər. B (III) qan qruplular qeyri-standart ideyaları ilə böyük pullar qazana bilərlər.

 B (III) qan qruplu qadınlar ticarətdə çox uğurlu olurlar. Hər zaman satış üçün çox maraqlı üsullar tapmaq onlara heç bir çətinlik törətmir. O ideyalar qaynağıdır. Uzunmüddətli layihələri sevməzlər. Rəhbərlik etmək onlara həvalə edilərsə, əməkdaşlar hər zaman dəyişikliklərə hazır olmalıdırlar. İşdə müstəqilliyə can atandır “köçəri – qadın”... Ona görə də dükanı, məktəbi, gözəllik salonlarını rahatlıqla idarə edə bilər. Onun üçün əsas məsələ hər işi öndən düşünüb planlaşdıra bilməkdir. Digər özəllikləri:

 • Duyğulu

 • Sakit

 • Fərdiliyi sevən

 • Özünün uyğun bildiyi kimi davranan

 • Hər şeyə tez uyğunlaşan

 • Zəngin təxəyyüllü

 • Şablondan qaçan

 • Təsadüfi insanları məsafədə saxlayan

 • Taktiki

 İstedadlı olduqlarından peşə seçimində B (III) insanların öz fantaziyalarını nümayiş etdirə biləcəyi yaradıcı işlər daha çox uyğun gəlir:

 - jurnalistika,

 - tok-şou aparıcısı,

 - mükəmməl dizayner,

 - memar və s.

 Son dərəcə dəqiqlikləri və hər şeyin təfərrüatına varmağı onların yaxşı müfəttiş, vəkil, detektiv, neyrocərrah və s.kimi peşələrdə özünütəsdiqə kömək edir.

 Karyera seçimləri üçün daha çox uyğun olanlar aşağıdakı peşə-sənət sahələridir:

 - Rəssamlıq

 - Fotoqraflıq

 - Psixoloqluq

 - Kriminalistika

 - Jurnalistika

 - Kulinariya

 - Teleaparıcılıq

 - Müstəntiqlik

 - Vergi müfəttişliyi

 - Kardiocərrahiyyə

 - Dövlət qulluqçu(luğu)

 - Zərgərlik

 - Müfəttişlik

 - İqtisadçılıq və b.

 uyğundur.

 Bu məqamda təkrar da olsa, bir maraqlı faktı vurğulamaq istəyirəm. – Amerika əhalisinin vur-tut 10%-i B(III) qan qrupunu daşıyır. Lakin bu qədər az olmalarına baxmayaraq Amerika milyonçularının 40%-ni də məhz B (III) qan qrupundan olanlar təşkil edir. Necə bilirsiniz, bu məlumat bəzi seçimlərdə sizə kömək edə bilərmi?

 B (III) qan qrupundan olan məşhurlar:

 • Akira Kurasava

 • Pol MakKartni

 • Leonardo Di Kaprio

 • Cek Nikolson

 • Qreta Qarbo

 • Ayzek Əzimov

 • Luçano Pavarotti

 • Oksana Puşkina

 Dəyərli dostlar, bir daha təkrar edirəm, bu araşdırma sonucları ilə razılaşa da bilərsiniz, razılaşmaya da... amma Sevda xanımın sözləri ilə desək, əgər bizlərdən bəzilərimiz gündəlik həyatımızda qarşı tərəfin (və ya özümüzün) xarakterinə dair bəzi məqamları bilmək üçün hansı bürcə aidliyi haqqında bilgi almağa çalışırsa, maraqlıdır ki, Yaponiyada hansı bürcə deyil, hansı qan qrupuna mənsubluq barədə bilgi almaq istəyəcəklər. Onlar nəinki öz qan qruplarını, hətta ailə üzvlərinin, yaxınlarının, tanışlarının da qan qrupu haqqında dəqiq bilgi verə bilərlər.

 Yaponlar bizlərdən fərqli olaraq inanırlar ki, insanın həyatına hansısa ulduz deyil, məhz onun malik olduğu QAN daha çox təsir göstərə bilir..! – Necə təsir göstərə bilər? – Bu barədə növbəti yazımızda daha ətraflı öyrənə biləcəksiniz...

 Ardı var...

***

Qan qrupunu söylə sənin kim olduğunu deyim...
//modern.az/articles/50649/1/

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi