Arxiv
1 Sentyabr 2021, 09:20 | MƏDƏNİYYƏT
Doğma oğlu ilə bacanaq olan azərbaycanlı MİLYONÇU

1 sentyabr tarixi məşhur azərbaycanlı milyonçu, mеsenat, Rusiya İmperiyasının həqiqi dövlət müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin anım günüdür.

 

Modern.az saytının məlumatına görə, H.Z.Tağıyevin dəqiq doğum tarixi bu günə qədər mübahisəlidir: 1899-cu ildə Tiflisdə Zaqafqaziya Şiə Ruhani İdarəsinin verdiyi doğum haqqında şəhadətnaməyə əsasən, H.Z.Tağıyev 25 yanvar 1823-cü ildə anadan olub. Digər bioqrafik mənbələrdə isə doğum ili 1838-ci ildən 1842-ci illər arasında dəyişir. Bir sıra tarixçilər bu fikir ayrılığının səbəbini Tağıyevin valideynlərinin savadsız olmasında və doğum qeydiyyatının dini kitablar üzrə bir qədər dolaşıq şəkildə aparılmasında görürlər. Başqaları isə belə bir versiyaya arxalanırlar ki, H.Z.Tağıyev Sona xanım Ərəblinski ilə ikinci evliliyi zamanı şəxsən özünü “cavanlaşdırmışdı” ki, gənc xanımı ilə yaş fərqi çox olmasın.

 

Hacı Zeynalabdin Tağıyev iki dəfə evlənib. Onun birinci arvadı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan Hacının iki oğlu, bir qızı olmuşdu. Oğlanları: İsmayıl, Sadıq və qızı Xanım.

 

İkinci arvadı məşhur general-leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Məhz sona xanımla evlənməklə Hacı Zeynalabdin Tağıyev öz oğlu ilə bacanaq olmuşdu. Belə ki, general Ərəblinskinin iki qızından böyüyü Hacının oğlu Sadığın arvadı idi. Hacı oğlugildə olarkən, kiçik bacı Sonanı görüb, bəyənmiş və onunla evlənmişdi.

 

Bəzi mənbələrin məlumatlarına görə, Sona xanım Ərəblinski H.Z.Tağıyevdən çox cavan olduğundan, aradakı yaş fərqini azaltmaq məqsədilə milyonçu özünü sənəddə “cavanlaşdırmaq” qərarına gəlir və doğum tarixini dəyişdirtdirir.

 

Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olub. Qızları: Leyla (sonralar Şəmsi Əsədullayevin oğluna ərə getmişdi), Sara və Sürəyya, oğlanları Məhəmməd və İlyas. Sonralar Məhəmməd "Dikaya diviziya"nın zabiti olarkən özünü öldürür, İlyas isə xəstəliyə tutularaq vəfat edir.

 

Hacı Zeynalabdin Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O,  hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisini qazanıb. Bu mərhəmətli şəxs fövqəladə müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri fərqlənib.

 

H.Z.Tağıyev sağlığında inqilabdanöncəki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik idi. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri Tağıyevi özlərinin fəxri sədri seçmişdi.

 

H.Z.Tağıyevin biznes bacarığı, işgüzarlığı, xeyriyyəçiliyi və digər fəaliyyətləti barədə çox yazıldığından Modern.az-ın bu yazısında təkrarçılığa lüzum görmürük.

 

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülkiyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Tağıyev də məhz o vaxt bütün var-dövlətini itirir. Bir sözlə, Sovet Hökuməti H.Z.Tağıyevin bütün şəxsi mülkünü müsadirə edir.

 

Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə yaşayış yeri seçmək hüququ verilir. Hacı Mərdəkandakı evini seçir və ömrünün sonuna qədər orada yaşayır.

 

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabırın 1-də, axşam səkkizin yarısında, 101 yaşında vəfat edib və sentyabrın 4-də dəfn olunub. Onun dəfni böyük izdihamla müşayiət olunub.

 

N.Nərimanovun köməkliyi ilə Bakının "Kommunist" və "Bakinskiy raboçiy" qəzetlərində onunla bağlı nekroloq çap edilib.

 

Hacını özünün vəsiyyətinə əsasən, Bakının tanınmış axundu Molla Abuturabın ayağının altında dəfn ediblər. Bəzi məlumatlara görə, onun istəyinin səbəbi bu cür izah edilir ki, H.Z.Tağıyevin Molla Abuturabla son görüşü zamanı o, Hacının var-dövlətin itirilməsi ilə bağlı sualına cavab olaraq belə demişdi: “Əgər Allah istəsə, bir göz qırpımında səni dövlətindən məhrum edər. Ona görə də əbədi olanı çox düşün ...”.

 

Yeni hökumət H.Z.Tağıyevin bütün fabriklərini, neft mədənlərini, balıq vətəgələrini və imarətlərini əlindən alanda o, unudulmaz Abuturab ağanın sözlərini xatırlayır və onun ayaqları altında dəfn olunmasını vəsiyyət edir.

 

Hacı Zeynalabdin Tağıyevin ölümündən sonra arvadı Sona xanım da vafat edir.

 

Qızı Sara xanım isə sonralar çox əzab-əzaiyyətlər görür. Valideynlərinin vəfatından sonra Sara xanım Rusiyanın Leninqrad şəhərinə köçüb. Orada milliyətcə tatar olan Nikolay Sarayevlə evlənib və iki uşağı doğulub. İkinci dünya müharibəsi başlayanda Nikolay cəbhəyə gedib. 1942-ci ildə ölüm xəbəri gəlib. Sara iki övladını da götürüb Bakıya gəlib...

 

Amma vətəndə çox çətin həyat sürüb, övladlarını internata verməyə məcbur olub. Sara Tağıyeva 1991-ci ilin dekabrın 15-də çox ehtiyac içində dünyasını dəyişib.

 

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin nəslinin davamçıları - nəticələri hazırda Amerikada yaşayırlar. Hacının nəticəsi Əli bəy Nadir Safyurdlu (Zeynalabdin Tağıyevin böyük qızı Leyla xanımın qızı Gülnar xanımın oğlu) 2010-cu ildə ilk dəfə Bakıya gəlmişdi.

 

A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv