Modern.az

Dillər Universitetində “Dəli Kür” müzakirə olunub

Dillər Universitetində “Dəli Kür” müzakirə olunub

19 May 2010, 11:46

 

Azərbaycan Dillər Universitetində (ADU) 1 №-li İngilis dili fakültəsinin açıq dərsində məşhur Azərbaycan yazıçısı İsmayıl Şıxlının “Dəli Kür” romanının müzakirəsi keçirilib. Müzakirədə yazıçının oğlu, Azərbaycan Jurnalistlər Birliyinin (AJB) sədri Elçin Şıxlı, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova, fakültənin dekanı, professor Əfqan Abdullayev və Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, dosent Fəridə Səfiyeva, İctimaiyyətlə əlaqələr və Mətbuat xidmətinin rəhbəri Zeynab Kazımova iştirak edib.

Açıq dərsdə Azərbaycan ədəbiyyatı kafedrasının baş müəllimi Sevinc Kazımova çağdaş ədəbiyyatımızın müxtəlif nümunələrini vaxtaşırı təhlil etdiklərini, budəfəki dərsdə isə “Dəli Kür” romanına müraciət etdiklərini bildirib. Əvvəlcə tələbələr İsmayıl Şıxlının həyat və yaradıcılığından danışıblar. Müzakirəsinə başladıqları roman haqqında məlumat verdikdən sonra əsərin təhlili başlayıb. Açıq dərsdə tələbələr romandakı müxtəlif obrazların təhlilini veriblər. Mürəkkəb hadisələrlə, müxtəlif psixoloji obrazlarla zəngin olan əsərdə tələbələr əsasən Cahandar ağa, Mələk, Şahnigar və digərlərinin romandakı yeri və rolu barədə fikir mübadiləsi aparıblar.

Açıq dərsdə iştirak edən Elçin Şıxlı əvvəlcə ADU-nun məzunu olduğunu və burada olarkən gəncliyini xatırladığını bildirib. Sonra roman haqqında öz fikirlərini bölüşüb. Onun dediklərinə görə, romanın və onun əsasında çəkilən filmin başı üzərində buludlar əskik olmayıb. Müxtəlif tənqidçilərin hədəfinə tuş gələn romanda hər bir obrazın real həyatda yaşadıqlarını deyən E. Şıxlı atasının məhz bu roman vasitəsilə Azərbaycanın təkcə çobanlardan, cahillərdən ibarət olmadığını göstərdiyini söyləyib. O, ayrı-ayrı fakültələrdə ədəbi əsərlərin müzakirəsinə ehtiyac olduğunu bildirib. Açıq dərs E. Şıxlının tələbələrin suallarını cavablandırması ilə davam edib. Sonda o, “Dəli Kür” romanının müzakirəsinə həsr edilmiş açıq dərsi təşkil etdiklərinə görə fakültə rəhbərliyinə və tələbələrə təşəkkür edib. Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi