Modern.az

Azərbaycandakı keçilərin sayı açıqlandı-650 min

Azərbaycandakı keçilərin sayı açıqlandı-650 min

27 Yanvar 2014, 11:40



Bu gün Azərbaycanda 650 min baş keçi var. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern.az-a bildirib ki, son bir ildə kənd təsərrüfatında keçilərin saxlanılmasına maraq artıb. Onun sözlərinə görə, ötən il keçilərin sayı 627 min baş idisə, hazırda onların sayı 650 min başa çatıb.

Nazirlik rəsmisi onu da bildirib ki, ötən il Fransadan 1200 baş keçi gətirilib. Daha çox südlük istiqamətində gətirilən keçilər 1000 litrə kimi süd verə bilirlər.  

Onu da qeyd edək ki, Ağcabədi rayonunun Cəfərbəyli kəndində ölkədə ilk böyük keçi təsərrüfatı yaradılır. Bu təsərrüfatın tikintisi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kredit ayırdığı “BMS Aqro” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən yaradılır. Ümumilikdə 8 ferma, sağım və yem sexindən ibarət olacaq 4000 başlıq keçi təsərrüfatında artıq 6 ferma və ofis istifadəyə verilib, sağım yerinin inşası başa çatıb. 

“Bu ilin yanvarında daha 2 fermada işlər tamamlanıb. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, bir dəfəyə 72 baş keçinin sağılmasına imkan verən paralel tipli sağım sistemləri və s. ilə təchiz edilib, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılıb”, – deyə nazirlik rəsmisi qeyd edib.

Hollandiya və Fransadan məhsuldarlığı və südünün keyfiyyətinə görə ən yüksək göstəricilərə malik “SAANEN” və “Alpin” cinslərindən olan 1330 baş keçi gətirilib. Yaxın günlərdə daha 800 baş keçi alınacaq. Yerli iqlimə asanlıqla uyğunlaşan, diri çəkisi 50-55 kiloqram, südünün yağlılığı 4-4,5 faiz və südvermə dövrü 300-320 gün olan bu keçilərin hər birindən gündəlik 3-5 litr süd sağmaq olur. Tərkibinə görə ana südünə yaxın olan keçi südü kalsium, maqnezium, vitaminlər və digər minerallarla zəngindir. Allergiya riski yoxluğu, qastrit, mədə-bağırsaq xəstəliklərinə qarşı müalicəvi xüsusiyyəti keçi südünün əsas üstünlüklərindən sayılır.
Hazırda sağım yerində Ukraynanın “Pelaval” şirkəti tərəfindən müasir avadanlıq quraşdırılır. Yanvar ayında süd istehsalına başlanacaq müəssisədə 80 nəfərin işlə təmin olunması nəzərdə tutulur.

Gültəkin ƏLƏSGƏR

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?