Modern.az

Bakıda beşmərtəbəli evlərin sökülmə standartı

Bakıda beşmərtəbəli evlərin sökülmə standartı

28 Yanvar 2014, 23:03

İlk olaraq binanın xarici görünüşünə nəzər yetirilməlidir. Milli ornamentlərimizə uyğun, Qaradağın – Qızıldaşın xüsusi karxanalarında çıxarılan aqlaylarla beşmərtəbəli bina üzlənməlidir. Əgər imkan varsa bünövrə qazılıb, bütün binanın qiymətinə bərabər beton stoykalar tökülüb altıncı  mərtəbə də qaldırılmalıdır. Dam örtüyü bütünlüklə dəyişdirilməlidir. Bloku təmir olunmalıdır. Pəncərələri plastikə dəyişdirilməlidir. Həyəti abadlaşdırılmalıdır. Yelləncək, besedkalar quraşdırılmalıdır. Sonra AzTV-ni dəvət edərək bütün bunlar xalqa nümayiş etdirilməlidir.

Daha sonra “Azərsu”, “Azəriqaz”, “Azərenerji”, “Azəristilik” ana xətləri dəyişdirməli, yeni, müasir, smartkart tipli sayğaclar quraşdırılmalıdır. Sakinlərin həyat şəraiti ən yüksək həddə çatdırılmalı, Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bunlar da televiziya kanallarında nümayiş etdirilməlidir.

Bütün bu işlər həyata keçiriləndən sonra Fövqəladə Hallar Nazirliyinin müvafiq əməkdaşları yada düşməli, onlar dəvət olunmalı və  binanın qəzalı və ya qəzasız olması barədə rəy verməlidirlər. 

Aman Allah bina qəzalı vəziyyətdəymiş ki?

Sakinlər təcili  köçürülməlidir. Otaqların sayına görə onlara hələlik yaşamaq üçün aylıq kirayə haqqı ödənilməlidir. Beşmərtəbəli bina isə təcili sökülməlidir.

Təzədən işçi qüvvə cəlb olunmalıdır. Bina yuxarıdan aşağı sökülməyə başlanmalıdır. Mərkəzi prospektə tərəf uçqunlar da olmalıdır. Nəticədə azı altı maşın əzilməli, azı iki nəfər də ölməlidir. Taqsır da  ekskavatorçu bədbəxtdə olmalıdır. Yeyənlərə  “Allah bərəkət versin!”,  ekskavatorçuya “ Allah köməyin olsun!”, maşın sahiblərinə “canın çıxaydı burdan keçməyəydin!”,  ölənlərə isə “Allah rəhmət eləsin!” deyilməlidir.

Nağılım burda bitdi. Göydən  üç  alma, həm də milyon manat düşdü.  Almanın biri mənim, o biri də mənim, üçüncüsü də mənim. Milyon isə  ekskavatoru beşinci mərtəbəyə qaldırıb qoyanın.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?