Modern.az

Nazim Məmmədov iki qanun layihəsi hazırlayıb

Nazim Məmmədov iki qanun layihəsi hazırlayıb

20 May 2010, 18:34

Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsində 2009-cu ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələ müzakirə olunub. Müzakirədə iştirak edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Nazim Məmmədov iki qanun layihəsi ilə çıxış edib. Millət vəkili Modern.az saytına açıqlamasında bildirib ki, onun təkliflərindən biri “Hesablama Palatası haqqında” qanuna dəyişiklik edilməsindən ibarətdir: “2009-cu ilsə dünyada iqtisadi böhran yaşanıb və onun Azərbaycanın dövlət büdcəsinə də müəyyən təsiri olub. 2009-cu ilin dövlət büdcəsinin həm gəlir, həm də xərc hissəsi kəsirlə icra olunub. Təbii ki, bunlar investisiya xərclərinin azalmasına gətirib çıxarır. Bu gün keçirilən iclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Heydər Əsədov və Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə qeyd etdilər ki, struktur islahatları davam etdirilməlidir. Mən də bunların davamı olaraq təbii ki, bəzi təkliflərlə çıxış etdim. Təkliflərimdən biri  “Hesablama Palatası haqqında” qanuna dəyişikliklə bağlıdır. Hesablama Palatasının mövcud səlahiyyəti ondan ibarətdir ki, ancaq Prezident, Milli Məclis və Milli Məclisin komitələrindən yazılı tapşırıq gəlmiş olsa, bu qurum yoxlamaları siyahıya salır. Hesab edirəm ki, bu yarımçıq işdir. “Hesablama Palatası haqqında” qanuna uyğun olaraq Hesablama Palatası Milli Məclisə hesabat verərkən hər il qeyd edir ki, Milli Məclisdən və parlamentin komitələrindən heç bir tapşırıq almayıb. Yəni ayrı-ayrı layihələrin, büdcədən maliyyələşən təşkilatların praktiki həyata keçiriləcək yoxlamaları ilə bağlı 3 ildir ki, davamlı olaraq eyni məsələni yazırlar. Ona görə də mən təklif etdim ki, “Hesablama Palatasının haqqında” qanuna dəyişiklik edilsin və hər bir millət vəkilinin hüququ tanınsın ki, onlar da Hesablama Palatasına müəyyən tapşırıq verə bilsinlər.

Çünki hər bir bölgədə həyata keçirilən layihələrə kifayət qədər vəsait ayrılmasına baxmayaraq, bəzən fəsadları da görürük. Sonuncu sel daşqınları da buna əyani sübutdur. O baxımdan güman edirəm ki, şəffaflığın artırılması ilə bağlı mənim irəli sürdüyüm təklif mütərrəqi təklifdir və bunu işləmək lazımdır. Artan xərclərimizə nəzarəti gücləndirmək üçün cənab Prezidentin “Milli Məclis bu işlərə dəstək olmalıdır” deməsi də bu təklifin qəbulu üçün məqbul sayıla bilər. Güman edirəm ki, Milli Məclisin deputatları bu işə qoşulsalar daha məqsədəuyğun olar”.

 

Nazim Məmmədovun ikinci irəli sürdüyü təklif isə “Reyestr fəaliyyəti haqqında” qanuna dəyişikliklə bağlıdır: “Bu, yeni işlənmiş qanundur. Bazar münasibətlərinin, daşınmaz əmlakın qiymətləndirilməsi, onların idarə olunması ilə bağlı rieltor fəaliyyəti lisenziyalaşdırılmış bir fəaliyyət növünə çevrilmişdir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə rieltor kompaniyaları dövlətin əsas vergi ödəyicilərindən birinə çevrilib. Ancaq bizdə bu sahədə pərakəndəlik hökm sürür. Yəni bu məsələ  ayrı-ayrı maklerlər səviyyəsindən yuxarı qalxmayıb. Bu nizam-intizamsız bir sahədir və onu qanun çərçivəsinə salmağa ehtiyac var.

Qanun layihəsini mən Rieltorlar Assosiasiyası ilə birlikdə hazırlamışam. Güman edirəm ki, hər iki qanun layihəsi komitədə baxıldıqdan sonra Milli Məclisə tövsiyə olunacaq”.

 

Günay MUSAYEVA

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir