Modern.az

"Azərbaycan" qəzeti ANS-i niyə "vurdu"?

"Azərbaycan" qəzeti ANS-i niyə "vurdu"?

Media

21 May 2010, 14:16

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın 21 may sayında Xalid Niyazovun müəllifliyi ilə “ANS-in qisası yaxud "dörd pəri"nin "ideal" qonağı” adlı məqalədə ANS telekanalının rəhbərliyinə qarşı bir sıra ittihamlar irəli sürülüb. Məqaləni təqdim edirik.

ANS-in qisası yaxud "dörd pəri"nin "ideal" qonağı

İstanbulda çox önəmli adamlar Mehmet Ali Birandın istəyimə rəğmən mənimlə görüşməyəcəyini söyləmişdi. Nədən? Nə üçün olmasın? - deyə israr etmişdim. - Çünki o kiminlə görüşə biləcəyinin fərqində olacaq qədər ağıllı və tədbirli bir adamdır - demişdilər. - Mütləq arayıb, öyrənib, sənin onunla nələri danışa biləcəyini yəqin edib.
Bakıya döndükdə "Azərbaycan"ın 14 may tarixli nömrəsində "Ermənicanlı Mehmet Alinin Azərbaycan hikkəsi, yaxud Siz kimin yanındasınız, "hinger" Birand?" məqaləsi işıq üzü gördü. Amma üzbəüz oturub da əlimdəki faktları şappıltı ilə sinninə hörmət etsəm də ölkəmə, xalqıma münasibətini sinirə bilmədiyim bu adamın sifətinə vura bilməməyimin qövr edən acısı qalmışdı içimdə. Elə həmin günlərdə ANS-in efirindən "Zərif çərşənbə"çilərin M.A.Birandla görüşünün anonsunu seyr etdikdə, əvvəl-əvvəl içim bir qədər rahatladı. Dedim, yəqin "Tomrisin, Nüşabənin, Nigarın, Həcərin" xələfləri araya salıb bu adamın "pişiyini ağaca dırmaşdıracaqlar". Amma nə danım, bu televiziyanın yarandığı gündən bəri "tərcümeyi-hal"ını, el arasında qazandığı imici gözlərimin qabağına gətirəndə şübhələrim bir yekə, bədheybət sual işarəsinə dönüb qarşımda dağ kimi dikəlirdi. Lənət şeytana, keşkə səhv edəydim, zəndim məni bircə kərə aldada idi.

Əlqərəz, çərşənbə günü bu verilişi səbirsizliklə gözləyən bütün maraqlı tamaşaçıları kimi "zərif" xanımların "çıxış"ını izlədim. Sonra çoxlu zənglər oldu. Azərbaycanı candan artıq sevən ən müxtəlif peşə adamlarının qəzəb qarışıq çaşqınlığını, ölkənin, xalqın heysiyyəti ilə bu cür laübalı şəkildə davrananların qarasına töhmətləri, ...dinlədim. Nə deyim, haqlı idilər!
Hər bir hərəkətin, televiziya dili ilə desək, layihənin mabədində, heç şübhəsiz, onu hərəkətə gətirən müəyyən niyyət, məqsəd durur. Sonra isə maddi maraqlar, yaxud sırf peşə, yaradıcılıq, yəni kreativ maraqlar gəlir. "Zərif çərşənbə"nin valideyninin ANS olduğunu qəbul etsək, ortada, ilk növbədə, biznes maraqlarının "meydan suladığını" iqrar etmək mümkündür. Etiraz etmirik, bazar-bazardır, istər Bakıda olsun, istərsə də İstanbulda. ANS-i birinci gün deyil ki, tanıyırıq?! Ancaq mövzu, dəvət olunmuş qonağın kimliyi müzakirənin "Qapalı çarşı" bazarlığı səviyyəsində deyil, daha ciddi və hazırlıqlı aparılmalı olduğunu diktə edirdi. Əcəba, dörd qadının Biranda sonsuz təvəccöhünü, sevgisini, heyranlığını ifadə etməsi üçün bu boyda yolu qət edib, əziyyətinə qatlanmağına dəyərdimi?! Neynək, ANS Birandın ayağına gedib ayaqlanmağı rəva bildi! Öz işidir. Hər kəs öz səviyyəsini, hansı mənsəbə layiq olduğunu başqasından daha yaxşı bilir. Ancaq Azərbaycan xalqının adından danışmaq, qiymət vermək, qənaət formalaşdırmaq hüququnu kim və haçan verib bu özəl telekompaniyaya?!
Bu hüququn yalnız Azərbaycan Prezidentinə aid olduğunu bilmirmi ANS?!
Kimdir Birand?
Və Mustafayev qardaşlarının bu odioz (məhz-X.N.) şəxsə, özünün son yazılarında içindən püskürən antiazərbaycan nifrətini cilovlaya bilməyən, Azərbaycan xalqının Türkiyə sevgisinə çamur atan, ikitərəfli münasibətlərin müsbət ahənginə ovqatsızlıq qatan, açıq-aşkar ermənicanlığı ilə fərqlənən, hətta müəyyən məsələlərdə tendensiyasız qala bilməyib ölkəsinin milli maraqlarını da basıb keçən bir adama belə "ilginc marağ"ını qidalandıran hansı "gözəgörünməz" səbəblərdir?
Azərbaycanı aşağılayan, ölkə rəhbərliyinin qondarma "erməni soyqırımı"nın ifşa olunması yolunda apardığı ağır və məqsədyönlü siyasəti təftiş və təhrif edən, iki qardaş xalq arasında təfriqəçilik və bölücülüyü təbliğ edən bir şəxslə fikir, təfəkkür döyüşünə dörd zənən xeylağını "atlandırıb" əliboş, silahsız-faktsız göndərmək hansı peşə etikasına, vətəndaşlıq "kodeksi"nə sığar? Bəli, qəbul edirik ki, "Zərif çərşənbə"nin formatı bir qədər lirik ovqatlı, sentimental-romantik əhval-ruhiyyəli söhbətlərə hesablanıb. Bu verilişdə ən mürəkkəb, müsahibini "çətin duruma salan" suallar təxminən bu cür səslənməlidir: "ilk məhəbbətiniz yadınızdadırmı?", "ilk dəfə hansı ağacın altında öpüşmüsünüz?", "hansı rəngi, hansı bəstəkarı xoşlayırsınız?" Qonaq qismində Türkiyənin digər ünlü "xəbər müdirlərindən" Uğur Dündar, Əli Kırca da ola bilərdi. Ancaq daha Azərbaycana qarşı açıqdan-açığa dözümsüzlüyü ilə fərqlənən və bunu xanımlarla söhbətində "dost kırğınlığı" kimi qələmə verməyə çalışan Mehmet Ali Birand yox!
Bu qəzetçinin bir neçə məqaləsini oxumaq kifayət idi ki, Ermənistanın Orta Asiya ilə sərhədlərinin hansı coğrafi paralel və meridianlardan keçdiyini soruşasan.
Fürsət düşmüşkən, terrorçubaşı Abdulla Öcalanla bir süfrədə oturmuş bir adamın nədən qətlə yetirilmiş 30 mindən artıq soydaşının acı taleyinə yanmayıb da daşnak Hrant Dinki öldürənlərə ən ağır cəza istəməsinin səbəblərini öyrənmək maraqlı olmazdımı?
Görünəni odur ki, bu "Zərif çərşənbə"nin zərif ovqatda, major tonlarla müşayiət olunacağı, "qəzetlər padşahı" Birandın "piar"ına xidmət edəcəyi əvvəlcədən razılaşdırılıbmış.
Hər bir reklam isə külli miqdarda para deməkdir!
İstisna etmirik ki, ANS-in bu İstanbul layihəsini maliyyələşdirən və marağında olan başqa gizli qüvvələr də yox deyildir. Elə növbəti qonağın imkanlı iş adamı Mübariz Məsimov olması da az mətləbdən xəbər vermir. Belə ki, ANS-in həmişə "iyləyib yağlı, ləziz tikələr" tapmaq şakəri və fərasəti heç kimə sirr deyil! Onun dostluq etdiyi və zaman-zaman "ideoloji ruporuna" çevrildiyi adamların siyahısında Surət Hüseynov da olub, Rövşən Cavadov da, Rəsul Quliyev, Fərhad Əliyev də! Boylanıb baxıbmı, görəsən, indi haradadırlar həmin adamlar və üstlərində hansı "damğa"nı gəzdirirlər?
Kim deyir ki, pul qazanmaq pis işdir?!
Mustafayev qardaşları bir vaxtlar "Hesabat" jurnalında özlərini rəsmi milyonçuların cərgəsinə də qatmışdılar. İstəməyənin gözü çıxsın! Amma insanda bir şükranlıq duyğusu da olmalıdır.
Həmin "imperiya" nəyin hesabına qurulub? Niyə başqalarının bəxti gətirməyib? Yoxsa sizlər daha bacarıqlı, daha "gözü qara"sınız? Yox və yox!
Müsəlmanın adətidir, beş manatı artıq düşəndə başlayır dingildəməyə! Ancaq puldan, var-dövlətdən qat-qat üstün dəyərlər də mövcuddur - milli maraq, milli mənafe, vətənkeşlik, dövlətcillik!..
Bu kəlmələri pul dilinə tərcümə etmək, əskinasla ifadə etmək mümkünsüzdür! Tam mümkünsüz!!!
Bu dəyərlər makaron, vermişel, kofe, saat, vicdan, təəssüb deyil ki, topdan satıb alasan!
Atatürkün çox hikmətli bir sözü vardı: - Vətənim Türkiyə mənə nə vermişdir deyil, mən Türkiyəyə nə vermişəm - təfəkkürü ilə yaşamaq lazımdır!
Azərbaycan bizə hər şey verib. Bəs biz bədəlini nə ilə ödəyirik?
Nəinki Azərbaycanı, hətta "Türkiye, sadece türklere bırakılmayacak kadar önemli bir ülkedir"- deyərək Türkiyəni də aşağılayan bir jurnalistə səhvlərini etiraf etdirmədən, əfv dilətdirmədən qucaq açmaq, heyranlığını dilə gətirmək, öymək nə qədər mənəvidir?!
Ekrandan çox miskin, bayağı, nimdaş, nəhayət, iyrənc görünürdü bu təqdimat.
Məşhur "O olmasın, bu olsun" filmində şəhər əhli Rüstəm bəyin gözəl-göyçək, aman-zaman bircə qızı mademuazel Gülnaz xanımı qoca, çirkin, keçəl Məşədi İbada nə üçün verdiyini çox xəyal etdikdən sonra yeganə düzgün və "rasional" nəticəyə gəlir - məhz puluna görə!
ANS-də də bu film tez-tez nümayiş etdirilib.
Bəli, çox təəssüf ki, Azərbaycan tamaşaçısı gözlədiyini ala bilmədi.
Azərbaycanın efir məkanında birçək ağartmış Mailə xanım "poetik ruhlu" sualları ilə "sinirlərinədək siyasi ritorikadan sırsıra bağlamış" qonağın "qəlbini dilləndirə" bilmədi.
Bəlkə də bu "tarixi debat"dan sonra xalq artisti adı alacağı arzusu ilə İstanbula "qoşan" Sənubər İsgəndərli "Çal-çağır", "Günəbaxan" kimi şou proqramlarda maraqlı amplua nümayiş etdirə bilərdi. Amma bu formatda çox piyada görünürdü.
Özünü gəncliyin nümayəndəsi adlandıran jurnalist qızımız isə dünya-aləmdən xəbərsiz görünürdü. Beyninə yeritmişdilər ki, sən Şirməmməd Hüseynovun, Yalçın Əlizadənin deyil, "əfsanəvi" Birandın hüzurundasan.
Sevil Nuriyeva isə bütün gücünü ortaya qoyaraq Osmanlı türkcəsində "pək iyi konuşduğunu" sərgiləmək istədi, o da alınmadı. Bu xanım Birandı Azərbaycana dəvət etdi. İkincinin bu məmləkətə səfərin heç də asan olmayacağını vurğulamasına rəğmən, aparıcı İlham Əliyevin yəqin bu məsələlərdən xəbərinin olmadığını (?!), yəqin ki, ona düzgün məlumat çatdırılmadığını (?!) inandırmağa qalxdı.
Bu nə rəzalət, nə özbaşınalıqdır! Məgər ANS-in xanım aparıcısı cənab Prezidentin mətbuat katibidirmi, Administrasiyanın məsul nümayəndəsidirmi? Ona bu barədə rəy söyləmək üçün kim verib səlahiyyəti?
Dünyanın bütün ölkələrində dövlət başçısına müraciətin protokol qaydaları mövcuddur. Biranda müraciət edərkən əttökən təşbih və metaforalardan pud-pud istifadə edən aparıcıya bu qaydaları pozaraq ölkəsinin Prezidentini ad və soyadı ilə çağırması hansı etik qaydalara sığır?
Bu xanıma kim ixtiyar verib ki, Prezidentin ətrafını qeyri-səmimilikdə suçlasın?
Yalnız qaşınmayan yerdən qan çıxarmaq, şübhə toxumu səpmək, intriqabazlıq kimi xəbis və xudbin keyfiyyətləri özünün mənəvi etalonuna, peşə kodeksinə, şakərinə çevirmiş adamlar bu cür düşünməyə və düşündüklərini dilə gətirməyə qadirdirlər!
ANS-çilərdən biri bu yaxınlarda efirdən söyləmişdi ki, xalq bizdən heç nə gözləməsin. Biz bu xalqın üzünü 24 noyabrda gördük. "Söhbət" yəqin ki, lisenziya məsələsi ilə əlaqədar ANS-in bağlanmasından gedirdi. Çox güman, ölkə teleməkanının bu "dəcəl və ərköyün uşağı" xalqın əllərinə daş-kəsək alaraq onu müdafiə mitinqlərinə çıxacağını düşünürmüş. Cocuq sadəlövhlüyü...
Məgər xalqdan beləmi qisas alarlar?! Biz hüquqi dövlətdə yaşamırıqmı?
Narazılıq, özündən bədgümanlıq həmişə insan psixikasının deformasiyası ilə müşayiət olunan patologiyalar doğurur. Onlardan ən pisi qisasçılıqdır.
Adının abbrevuaturası da əcnəbi dildə səslənən ANS rahat ola bilər. "Günəbaxan", "Cümə axşamları" verilişləri ilə Azərbaycan auditoriyasından qisas alıb. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sisteminə, düşüncə tərzinə, ictimai təfəkkürünə səlib yürüşüdür həmin verilişlər. Xalqı kiçiltməyə, cılızlaşdırmağa ünvanlanıb.
Amma xalqdan qisas almağın mümkün olmadığı düşüncəsindəyik. Bu yolu tutanlar, bu fikrə düşənlər daha çox xalqın nifrətini qazanırlar!

P.S. Verilişin sonunda ANS-in "pəriləri" ideal hesab etdikləri qonaqlarına "İdeal"ın hədiyyəsini təqdim etdilər. "Zərif çərşənbə"nin İstanbul "turnesini" "İdeal" ənlik-kirşan şirkəti maliyyələşdirir. Görünür, çox imkanlı və müstəsna qabiliyyətli şirkətdir ki, insanların, aparıcı Sevil Nuriyevanın dediyi kimi, siması ilə yanaşı, mənəviyyatını (?-X.N.) da gözəlləşdirə bilir.
On minlərlə manatı Mehmet Ali Birand kimilərin piarına xərcləyən "İdeal" həmin vəsaiti qaçqın-köçkünümüzün, yaxud da sel fəlakətindən əziyyət çəkən soydaşlarımızın ehtiyaclarına sərf etsə, Allaha da xoş getməzdimi?
Açıq-aşkar görünür ki, "İdeal" qonaq necədirsə, "İdeal"ın malları da elədir. Üç mənbədən gələn su bir çuxuru yaxşı tapıb.

Xalid Niyazov, "Azərbaycan" qəzeti


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi