Modern.az

Azay Quliyev: “Şirvanda vəziyyət ağır olaraq qalsa da...” (yeni fotolar)

Azay Quliyev: “Şirvanda vəziyyət ağır olaraq qalsa da...” (yeni fotolar)

21 May 2010, 15:18

Kür çayının məcrasından çıxması nəticəsində fəlakət zonasına çevrilən bölgələrdən biri də Şirvan şəhəridir. Modern.az Milli Məclisin Şirvan şəhərindən seçilən deputat Azay Quliyevlə əlaqə saxlayaraq ondan fəlakət bölgəsindəki ən son vəziyyət barədə məlumat istəyib.  Deputat deyib ki, o, hazırda Şirvandadır və mövcud vəziyyətlə tanış olub. Millət vəkili bildirb ki, Şirvanın Bayramlı, Hacı Qəhrəmanlı, Çılpaqlı qəsəbələrində, Köhnə Şəhərdə və digər Kür boyu ərazidə olub: “Kürün səviyyəsinin artması ilə bağlı vəziyyət kritik olaraq qalmaqdadır. Amma buna baxmayaraq, bizim olduğumuz yerlərdə bənd bərkitmə işləri çox yüksək səviyyədə həyata keçirilib. Ədalət naminə demək lazımdır ki, son bir neçə gündə görülən işlər müəyyən mənada təhlükəsizliyi təmin edə bilib. Görülən işlər çox ciddi təhlükənin qarşısını alıb. Bir neçə gün öncə qeyd etdiyim , xüsusən İsmət Qayıbov parkından çox böyük təhlükə vardı. Bu təhlükənin qarşısı bənd qurma işləri ilə alınıb. Hesab edirəm ki, bütövlükdə təhlükə sovuşmasa da, vəziyyət kifayət qədər nəzarət alına bilib. Şirvanda vəziyyət ağır olaraq qalsa da, hər hansı ciddi təlaşa, insanların evakuasiyasına ehtiyac yoxdur”. Deputatın sözlərinə görə, ölkə Prezidentinin tapşırığına uyğun olaraq bütün aidiyyatı qurumlar tam səfərbər olunublar. Fəlakət bölgəsində  Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyinin qoşun hissələri,  Daxili İşlər Nazirliyi, “Azərenerji” ASC  və   Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, əməkdaşları gecə-gündüz çalışır. Mayın 7-dən sonra daşqın təhlükəsi yaşanmış Bayramlı qəsəbəsində də sakinlərlə görüşdüyünü deyən A.Quliyevin sözlərinə görə, insanlar orada yığılıb qalmış qrunt sularının təmizlənməsi prosesinin sürətləndirilməsini xahiş edbilər: “Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının  komandanı general İlham Abdullayevlə bu məsələ yerindəcə müzakirə olundu. Generalımız da sağ olsun, bütün məsələlərin diqqətdə olduğunu söylədi. Əlavə olaraq texnikanın, xüsusi nasosların da bölgəyə göndərilməsini təmin etdi. Orada müəyyən texniki məsələlər var. Kür çayına yaxın olduğu üçün qrunt sularının hamısını tam çıxarmaq mümkün deyil. Çünki o suların çıxarılacağı təqdirdə yenə suların sızması ehtimalı var, bəndlər zəifləyə bilər”.   A.Quliyev deyib ki, Şirvandakı çadır şəhərciyində də olub. Deputat hazırda orada Sabirabaddan olan 1300-ə qədər sakinin məskunlaşdığını söyləyib. “Şirvanda texniki-peşə və internat məktəblərində də 400-ə yaxın Sabirabad kəndlərindən köçmüş isakin yerləşdirilib. Onların şəraiti ilə tanış oldum. Tam əminliklə və məsuliyyətlə deyə bilərəm ki, dövlət bu şəxslərin düşdüyü vəziyyətə uyğun olaraq maksimum şərait yaradıb. Onların yemək, içmək ehtiyacları tam şəkildə qarşılanıb, isti paltar və yatacaqla təminatı həll olunub”. Azay Quliyev deyir ki, yoluxucu xəstəliklərin baş verməməsi üçün tibbi baxımdan bütün addımlar atılıb. Şirvan şəhərində həkimlər gün ərzində nəzarəti təmin ediblər. “Bir neçə həkim briqadası fəaliyyət göstərir. Mənə məlumat verdilər ki, heç bir yoluxucu xəstəlik halı qeydə alınmayıb. Bu müddət ərzində 8-ə yaxın körpə dünyaya gəlib, onlara tibbi baxımdan lazımi qayğı ilə əhatə olunublar. Müraciət edən 18 qadın da hazırda Şirvan şəhər xəstəxanasında yerləşdirilib”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu