Modern.az

Qanun DƏYİŞDİ: Cərimə ödəyən vətəndaş bu haqda lazımi orqana məlumat verməlidir

Qanun DƏYİŞDİ: Cərimə ödəyən vətəndaş bu haqda lazımi orqana məlumat verməlidir

14 Fevral 2014, 14:25

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) əlavə və dəyişikliklər edilib. Modern.az-ın məlumatına görə, layihə barədə Milli Məclisin Hüquq siyasəti və Dövlət Qurucluğu Komitəsinin sədri Əli Hüseynli məlumat verib. İXM-ə aşağıdakı məzmunda 25.6-1-ci, 425.1.1-1-ci, 426.1.5-1-ci və 426-1-ci maddələr əlavə edilməsi nəzərdə tutulub:

“25.6-1. Bu Məcəllənin 426-1.1-ci maddəsində müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir.”; “425.1.1-1. inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında;”; “426.1.5-1. inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddət ərzində hüquqpozma aradan qaldırıldığı təqdirdə cərimənin ödənilməməsi barədə qeyd;”; “Maddə 426-1. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi 426-1.1. Eyni inzibati xətanı il ərzində təkrar törədən şəxslər istisna olmaqla, bu Məcəllənin 116.0.1-ci, 194-cü, 195-ci, 196.0.4-cü, 196.0.6-cı, 316-cı və 317.2-ci – 320-1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır.
426-1.2. İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. 426-1.3. Bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. 426-1.4. İnzibati xəta törətmiş şəxs hüquqpozmanı aradan qaldırdıqda, bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddət ərzində inzibati xəta haqqında işə baxan səlahiyyətli orqana (vəzifəli şəxsə) bu barədə məlumat verməlidir. Həmin məlumatın verildiyi gündən bu Məcəllənin 426-1.2-ci maddəsində nəzərdə tutulan müddətin axımı dayanır. İşə baxan səlahiyyətli orqan (vəzifəli şəxs) ona məlumatın verildiyi gündən 5 iş günü müddətində bu məlumatın düzgünlüyünü araşdırır və araşdırmanın nəticəsi barədə inzibati xəta törətmiş şəxsə yazılı bildiriş göndərir (verir). Məlumatın səhv olduğu müəyyənləşdirildikdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir”.

Gültəkin Ələsgər

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü