Modern.az

Parlament jurnalistləri deputat Nizami Xudiyevi necə xarakterizə edirlər?

Parlament jurnalistləri deputat Nizami Xudiyevi necə xarakterizə edirlər?

24 May 2010, 16:17

Milli Məclisdə akkreditə olunan jurnalistlər deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə nə düşünür, onları ayrı-ayrılıqda necə xarakterizə edirlər? Həmkarlarımız bu dəfə deputat Nizami Xudiyev barədə fikirlərini bildiriblər. Beləliklə, bu deputatı necə xarakterizə edərdiniz?   

 

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyev: “Nizami Xudiyevi passiv deputatlardan hesab edirəm. Milli Məclisdə daha çox təhsil problemləri və milli-mənəvi dəyərlərlə bağlı çıxışlar edir. Qanun layihələrinin müzakirəsi zamanı konstruktiv mövqe nümayiş etdirmir. Onun təhsil sahəsindəki problemlərlə bağlı etdiyi çıxışlar komitə üzvləri tərəfindən də birmənalı qarşılanmır. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam. Belə görünür ki, bu sahədə də fəal deyil.

Ancaq onun çıxışları jurnalistlərə həmişə maraqlı olur. Elə məqamlara toxunur ki, jurnalistlər istər ki, o, tez-tez çıxış etsin. Jurnalistlərlə münasibəti yüksək səviyyədə deyil. Mən təxminən 10 ildir ki, Milli Məclisə gedib-gəlirəm, ancaq heç vaxt görməmişəm ki, hansısa jurnalistə müsahibə versin. Ümumiyyətlə jurnalistlər arasında ona yaxınlaşıb açıqlama almamaq tendensiyası yaranıb. İnanmıram ki, o, bu il deputat seçilsin. Ancaq seçiləcəyi təqdirdə bütün bu qüsurları aradan qaldırsa yaxşı olar”.

 

"Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı: “Mətbuatdan çox uzaqdır. Adətən suallardan qaçır. Aqressivlik nümayiş etdirir. Bunun  səbəbin bilmirəm.  Ola bilsin, AzTV-dəki sədr vəzifəsini hələ də unutmayıb. İndi də sədr kimi jurnalistlərə yuxarıdan aşağı baxır. Ancaq parlamentdə zaman-zaman çıxışlar edir. Onun dilçi alim kimi böyük xidmətləri olub. Seçicilərindən nə şikayət, nə də müsbət bir fikir eşitməmişəm. On görə bu barədə bir söz deyə bilmərəm. Yekunda onu belə xarakterizə etmək olar: Nizami Xudiyev parlamentə sakit gəlib, sakit də gedir”.

 

“Xəbərlər Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov: “Özünü aktiv depuatat kimi göstərməyə çalışanlardan biridir. Xüsusən dilçilik məsələlərində çıxışları olub. Ancaq elə bir ciddi çıxışları ilə yadda qalmayıb. Seçiciləri ilə hansı səviyyədə iş qurması barədə məlumatsızam. Son dövrlər bəzi məsələlərdə jurnalistlərlə yaxınlıq göstərmək istəyir. Yaxşı dilçi alim olsa da, bu, onun deputatlıq fəaliyyətində görünmür. Sıradan bir deputatdır”.

 

“Xalq Cəbhəsi” qəzetinin əməkdaşı Ağa Cəfərli: “Millət vəkili kimi heç bir fəaliyyəti ilə yadda qalmayıb. Onun çıxışları əvvəlcədən başqa adamlar tərəfindən yazılır. Yəni o, hazır tekstəri oxuyur. Mən dəqiq bilirəm ki, seçiciləri ilə maraqlanmır. Onların heç bir problemini həll etmir. Milli Məclisdə çox az çıxışlar edir. Yaxşı dilçi deyil. Ondan qat-qat yaxşı dilçilər var. Deyərdim ki, orta səviyyəlidir. O, mənə vaxtilə dərs deyib. Həm də çox yerlipərəstdir.

Bildiyimə görə, jurnalistlərlə münasibəti yaxşı deyil. Həm də heç o, jurnalistlər üçün maraqlı adam da deyil. AzTV-nin rəhbəri olduğu zaman da uğurlu fəaliyyəti ilə yadda qalmayıb.  AzTV həmin vaxt pis gündə idi. Yenə indi telekanalda bir az irəliləyiş var. Onun Pedaqoji İnstitutun rektoru olduğu zamanda da ürəkaçan fəaliyyəti olmayıb”.

 

“Mərkəz” qəzetinin əməkdaşı Vasif Cəfərov: “Nizami Xudiyev nə çox, nə də az danışan millət vəkillərindəndir. Onun çıxışları əvvəlcədən hazırlanır. Yəni digər millət vəkillərindən fərqli olaraq, nitqini birbaşa deyil, yazılı formada oxuyur. O, emosional deyil. Hər şeyə çox sakit tərzdə cavab verir. Jurnalistlərə açıqdır. İstənilən jurnalist ondan açıqlama ala bilər. Seçiciləri ilə necə işləməsi barədə məlumatım yoxdur”.

 

“Həftə içi” qəzetinin əməkdaşı Nahid Canbaxışlı: “Nizami Xudiyev parlamentdə aktiv məsələlərlə bağlı fikrini ifadə etməyi bacarır. Onun uzun illər dövlət televiziyasına rəhbərlik etdiyi dövrü də nəzərə alsaq, siyasi proseslərə uğurlu töhfələr verdiyini demək mümkündür. O, ölkə Prezidenti tərəfindən şöhrət ordeni ilə təltif edilib. Bu onun gördüyü işlərinin nəticəsidir. Jurnalistlərlə münasibəti səmimidir. Seçicilərinin problemlərini həll edib-etməməsi barədə məlumatsızam. Ancaq ötən parlament seçkilərində mənim doğulduğum (Şərur-Babək) dairəsindən deputat seçilmişdi. Onda seçicilərinin problemləri ilə hər zaman maraqlanırdı. Fikrimcə, o qarşıdakı parlament seçkilərində də iştirak edəcək”.

 

“Ayna” qəzetinin əməkdaşı Fərəh Əliyeva: “Nizami Xudiyevin Milli Məclisin iclasları zamanı aktiv fəaliyyətinin şahidi olmamışam. Çox az hallarda çıxış edir. Danışanda da ya kiminsə sözlərinə cavab verir, ya da hər kəs danışanda (büdcə müzakirəsi, hökumətin hesabatı) digərlərindən geri qalmamaq üçün söz alır. Seçiciləri ilə xüsusi iş aparması haqda da eşitməmişəm. Uzun illər respublikanın ən böyük televiziyasına rəhbərlik etməsinə baxmayaraq, parlamentdə söz azadlığı, media haqqında qanunvericilik müzakirə ediləndə də müdaxilə etmir”.

 

“Şərq” qəzetinin əməkdaşı Rəşad Baxşəliyev: “Fikrimcə, Nizami Xudiyev mətbuata qapalı millət vəkilidir. O həmişə parlamentə arxa qapıdan gəlib-gedərdi. Son vaxtlar isə jurnalistlərin daxil olduğu qapıdan girib-çıxır. Amma indi jurnalistlərə lazım deyil. Onu aktiv hesab etmirəm. Yalnız Xarici İşlər Nazirliyindən qanun layihələri gələndə çıxış edir. O zaman da həmin qanun layihələrində ciddi tərcümə səhvləri tutur. Hər zaman dilçiliklə bağlı məsələlərdə çıxış edir. Hesab edirəm ki, bəzi millət vəkilləri kimi onun da deputat limiti bitib”.

 

APA-nın əməkdaşı Elbrus Seyfullayev: “Onu nə televiziya, nə də Milli Məclisdə aktiv hesab etməmişəm. Ümumiyyətlə o, mənə yorulmuş insan təsiri bağışlayır. Adama elə gəlir ki, Nizami Xudiyev üçün hər şey mənasını itirib və onun gördüklərinin hamısı ona keçmiş bir yol təsiri bağışlayır. Heyrət hissini itirmiş adamları cəmiyyətdə heç nə maraqlandırmadığı kimi, elə cəmiyyətin özünü də belə adamlar qətiyyən maraqlandırmır. Özü əvəllər televiziya rəhbəri olmasına baxmayaraq, mətbutdan həmişə qaçıb. Seçiciləri ilə hansı səviyyədə əlaqə yaratdığı barədə məlumatsızam”. “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı: “Nizami Xudiyev ziyalı, elm adamı və türkçüdür. Onun Azərbaycan dili ilə bağlı əhəmiyyətli əsərləri var. Parlamentin fəal deputatlarından biridir. Onun Milli Məclisdə çıxışlarına tez-tez rast gəlməsək də,  peşəsinə uyğun məsələlərlə bağlı danışdığının şahidi olmuşuq. Bu da müsbət haldır. Çünki kor-koranə hər məsələ haqqında fakir bildirmək də düzgün deyil. Mətbuatla əməkdaşlığına gəlincə, şəxsən mən jurnalistlərin ona yaxınlaşıb nəsə soruşduğunu görməmişəm. Əslində jurnalistlər ona maraq göstərmir. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.

 

Modern.az saytının əməkdaşı Elşad Eyvazlı: “Adətən jurnalistlər Nizami Xudiyevin Milli Məclisdə çıxışlarına o zaman rast gəlirlər ki, hansısa sənəddə üslub səhvinə yol verilir. Başqa bir məsələ ilə bağlı onun hanısa bir çıxışı yadımda deyil. Uzun müddət AzTV-yə rəhbərlik etməsinə baxmayaraq, parlamentdə jurnalistlərdən kənar gəzməyə çalışır.  Nizami Xudiyevin seçiciləri ilə necə işləməsindən xəbərim yoxdur. Yalnız onu deyə bilərəm ki, bir deputat kimi onun fəaliyyəti qənaətbəxş deyil”.

"Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Milli Məclisin baməzə deputatlarındandır. Zaraftcıl, səmimi insandır. Ən çox qanun layihələrinin təqdimatı zamanı Azərbaycan dilinin qayda-qanunlarına əməl olunması ilə bağlı çağrışları və fikirləri diqqət çəkir. Jurnalistlərlə normal münasibətləri var. Seçiciləri ilə necə işləməsi barədə məlumatsızam”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli: “Gözəl dilçi və filoloqdur. Azərbaycan dilinin tətbiqi istiqamətində həmişə mübariz olub. Qanun layihələrinin Azərbaycan dilində tərtib olunması ilə bağlı çıxışları olub. Jurnalistlərə elə də qapalı deyil. Seçicilərinin hüquqlarını müdafiəsi ilə bağlı heç bir məlumatım yoxdur”.

“Lent.az” saytının əməkdaşı Pərvin Abbasov: “O, parlamentin iclasında aktiv görünsə də, bu heç kəsə bir xeyir vermir və maraqsız görünür. Hələ indiyədək mətbuatda onun müsahibəsinə rast gəlməmişəm, seçicilərilə bağlı nəsə etməsini də eşitməmişəm. AzTV-də rəhbər olduğu vaxtlarla bağlı haqqında maraqlı lətifələr bilirəm...”.

 

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Azər Hüseynbala: “Bu gün parlamentin dəhlizində ayaqüstü söhbətdə Nizami Xudiyevdən növbəti seçkilərdə deputatlığa namizədliyini irəli sürüb-sürməyəcəyini xəbər aldım. Dedi ki, məsləhət bilsələr, deputat mandatı əldə etmək üçün mübarizəyə qoşulacaq. Parlamentdən isə yenicə qayıtmışdım ki, Modern.az-dan jurnalist xanım telefonla zəng vurub, Nizami müəllim haqda fikirlərimi bildirməyimi xahiş etdi.

Mən Nizami müəllimlə söhbətimizi təsadüfi xatırlatmadım. Düşünürəm ki, parlamentin növbəti tərkibində təmsil olunacaq indiki deputatlıardan biri məhz Nizami Xudiyevdir. Çünki kifayət qədər fəaldır, ziyalı olduğunu davranışlarında, müzakirələrində nümayiş etdirir. Üzvü olduğu Elm və təhsil komitəsinin iclaslarında müzakirəyə çıxarılan qanun layihələrinə də dəyərli təklifləri ilə seçilir. Nizami Xudiyev Xaçmaz rayonundan deputat seçildiyi üçün seçicilərinin ondan razı olub-olmadığını bilmirəm. Amma mənə elə gəlir ki, onun jurnalistlərlə münasibətlərində problem yaranmayıb”.  

“525-ci qəzet”in əməkdaşı Kamil Həmzəoğlu: “Nizami Xudiyevi türkçü, millətçi deputat kimi tanıyıram. Hələ 1992-ci ildə-AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın dövlət dilinin adı Türk dili qoyulmuşdu. Yəni dilimizin əsl adı özünə qaytarılmışdı. Ancaq 1995-ci ildə Azərbaycada ilk Konsitutisiya qəbul olunan ərəfədə Azərbaycan dilinin adının yenidən dəyişdirilməsi məsələsi gündəmə gəldi, Türk dilinin yenidən Azərbaycan dili ilə əvəzlənməsi gündəmə gəldi. O zaman bu, ziyalılarda haqlı narazılıqlar doğurdu. Onda müzakirələrdə buna qarşı çıxanlardan biri də Nizami Xudiyev idi. O Türk dilinin qalmasının tərəfdarı kimi çıxış etdi. Onun fəaliyyətində müsbət məqamlardan biri kimi bunu qeyd etmək olar. Ancaq onun parlament fəaliyyətinə gəlincə, aktiv millət vəkillərindən saymaq olmaz. Nizami müəllim adətən coğrafi yer adlarının dəyişdirilməsi gündəmə gələndə, bir də daha çox hərbi qulluqla bağlı məsələlər gündəmə gələndə çıxışlar edir. O xüsusilə hərbi yaş dövrünün 35-ə qaldırılmasının əleyhinə olduğunu və bunun yenidən 27–yə salınmasını təklif edir. Amma digər məsələlərlə bağlı Nizami müəllim  o qədər də aktivlik göstərmir. Jurnalistlərlə münasibətləri heç cür qənaətbəxş sayıla bilməz, hansı ki, o özü uzunmüddət jurnalistika ilə məşğul olub. Televiziyalardan birinə- AzTV-yə rəhbərlik edib. Əslində o, jurnalistlərə sayğılı münasibət bəsləməlidir. Ancaq ötən müddətdə hansısa bir jurnalistin ondan adicə bir açıqlama almasına da rast gəlməmişəm. Bu heç cür müsbət bir məqam sayıla bilməz. Seçiciləri ilə də necə işləyib-işləməməsi barədə məlumatsızam. Mənim bildiyim qədər, müşahidə və təhlilərimə görə, o  növbəti seçkilərdə iştirak etməyəcək”.

Günay Musayeva

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi