Modern.az

Kolbasa şirkətləri “Halal” sertifikatı almaq üçün hərəkətə keçdilər

Kolbasa şirkətləri “Halal” sertifikatı almaq üçün hərəkətə keçdilər

26 Fevral 2014, 14:54

“Biz artıq Dövlət Komitəsinə müraciət etmişik. Aprelin 1-ə qədər “halal” sertifikatını alacağıq. Qeyri-qanuni heç bir iş görmürük. Sertifikat növbəli şəkildə verilir. Sıra bizə də çatacaq”.

Bunu Modern.az-a açıqlamasında “Ovçular” şirkətinin satış müdiri Taleh Bağırov bildirib.

“Kristal CF” şirkətini təmsil edən Fariz Qurbanov isə bildirib ki, şirkət ayrıca halal sex inşa edir. “Tikinti çoxdan başlayıb. Hazırda binada montaj işləri gedir. Hər bir şey qayda-qanunla həyata keçiriləcək. Düşünürəm ki, aprelin 1-ə qədər hazır olacaq. Sertifikat almaq üçün də müraciət etmişik. Yəqin ki, sex hazır olduqdan sonra şirkətə sertifikat veriləcək“.

“Lider RM” şirkətinin  səlahiyyətli nümayəndəsi Əlövsət Məmmədov Modern.az-a açıqlamasında deyib ki, sertifikat üçün Dövlət Komitəsinə müraciət olunub və 3 gün sonra onlara sertifikat veriləcək.

Qeyd edək ki,  Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi  AZS 731-2012 “Halal qida. Ümumi tələblər” dövlət standartlarına uyğun sertifikatlaşdırılmayan, lakin üzərində “halal” sözü yazılmış məhsulların istehsalı və satışı qadağan edib. Məhsullarında adıçəkilən sözdən istifadə edən müəssisələrə artıq bununla bağlı məlumat verilib. Onlar verilmiş bu müddət ərzində “halal” sözü yazılmış etiketlərin yeniləri ilə əvəzlənməsi üçün texniki məsələləri həll etməlidirlər. Yəni sertifikatlaşdırılmadan “halal” sözünün istifadəsi qadağan olunduğuna görə, verilmiş müddətə qədər yeni etiketlərin sifarişi, çapı və digər zəruri məsələlər müəssisələr tərəfindən həll edilməlidir. “Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözünün çıxarılması üçün aprelin 1-dək vaxt verilib.

Gülşən Raufqızı

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir