Modern.az

KİV-lərin ilk məlumat alma imkanları müzakirə olunub

KİV-lərin ilk məlumat alma imkanları müzakirə olunub

Media

26 May 2010, 17:16


Modern.az
saytı xəbər veriri ki, bu gün Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı “Media problemlərinin müzakirəsi jurnalsit peşəkarlığının mənbədən və  məsuliyyətinin artırılmasına dəstək kimi” layihəsi çərçivəsində «KİV-lərin ilk məlumat alma imkanları» mövzusunda dəyirmi masa keçirilib.

MŞ sədri Əflatun Amaşov bildirib ki, media problemlərinin aradan qaldırılmasında ictimai fəallığın artırılması vacibdir: “Bu isə mövcud istiqamətdə fikir mübadilələrinin, geniş müzakirələrinn təşkilini, nəticələrin ümumiləşdirilərək cəmiyyətə və KİV-lərə çatdırılmasını zəruriləşdirir. Elə fəaliyyət aparılmalıdır ki, istər media vasitələri, istərsə də ictimaiyyətin müxtəlif təbəqələri medianın problemlərini, eləcə də onların doğurduğu ayrıayrı məqamları daim diqqət mərkəzində saxlasın, həmin çətinliklərin aradan qaldırılmasına yönələn təşəbbüslərdə tənəffüslər yaranmasın, meydana çıxan yeni tendensiyalar, nəzərə çarpan dəyişikliklər izlənilərək onlara operativ reaksiya göstərilsin. Mövcud layihənin strateji xətti bu məsələlərin həyata keçirilməsinə yönəlib”.

Ə.Amaşov həmçinin bildirib ki, layihənin icrası nəticəsində mediadakı xoşagəlməz tendensiyaların, mənfi meyllərın, çatışmazlıqların köklərini üzə çıxarmaq, Azərbaycan mediasının mövcud durumu barədə bitkin və geniş rəy formalaşdırmaq, nəhayət bu yolla cəmiyyətin ölkə mediasında baş verən proseslərə diqqətini cəmləşdirmək, həmin proseslərə münasibətdə düzgün mövqeyinin yaranmasına nail olmaq nəzərdə tutulur.

BDU-nun professoru, İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli layihədə qoyulan problemin əhəmiyyətindən söhbət açaraq deyib ki, informasiya, daha dəqiq desək ilk mənbədən informasiya alma imkanları dövlət və ictimai institutların nə dərəcədə cəmiyyətə açıq olmasını, qarşılıqlı əlaqələrin səviyyəsini müəyyənləşdirən başlıca faktordur. Dünyamızın demokratikləşməyə məhkum olduğu indiki dövrdə bu, həm də müstəqil ölkələrdə inam və etimada əsaslanan vətəndaş cəmiyyəti quruculuğunun mühüm tərkib hissələrindəndir: “Təbiidir ki, informasiyalı cəmiyyət anlamının formalaşması birbaşa medianın durumu, informasiya əldə etmə imkanları və informasiya mənbələrinin onun üzünə  nə dərəcədə  açıqlığı ilə sıx surətdə bağlıdır. İnsan haqlarından, demokratikləşmədən bəşəri miqyasda söhbətlər getdiyi, müzakirələr açıldığı bir vaxtda indi dünya dövlətlərinin əksəriyyətində söz və mətbuat azadlığının, o cümlədən ilk mənbədən məlumat alınmasının təminatına yönələn hüquqi aktlar mövcuddur”.

C.Məmmədli çıxışında Azərbaycanda məlumat almaq sahəsindəki mövcud qanunvericilik bazasına da diqqəti yönəldib. Onun sözlərində görə, ölkəmizdə bu baxımdan çoxsaylı hüquqi normalar mövcuddur. İlk növbədə bu hüquq ümumxalq səsverməsi - referendum yolu ilə 12 noyabr 1995-ci il tarixdə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası qeyd edilməlidir. “Konstitusiyanın 47-ci maddəsinin 1-ci bəndində deyilir ki, hər kəsin fikir və söz azadlığı vardır. Konstitusiyanın verdiyi hüquqlar əsasən kütləvi informasiya vasitələri ilə gerçəkləşdiyindən bu azadlığın hüquqi bazasını yaradan qanunlar qəbul edilib. Konstitusiyanın 50-ci maddəsinin 1-ci bəndində “Hər kəsin istədiyi məlumatı qanunu yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır”, həmin maddənin 2-ci bəndində isə “kütləvi informasiya vasitələrində dövlət senzurası qadağandır” fikirləri təsbit olunub. 57-ci maddədə bildirilir ki, vətəndaşların dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir” – deyə o vurğulayıb.

Tədbirdə ölkədə ilk mənbədən məlumat alınması sahəsindəki problemlərə dair fikir mübadilələri aparılıb.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər