Modern.az

Tramvayı Bakıya qaytarırlar - bəs onu niyə ləğv etmişdilər?..

Tramvayı Bakıya qaytarırlar - bəs onu niyə ləğv etmişdilər?..

4 Mart 2014, 23:59

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi vaxtilə şəhər əhalisinin kütləvi istifadə etdiyi ictimai nəqliyyat vasitəsini - tramvayı yenidən Bakıya qaytarmağın variantlarını axtarır.

Modern.az saytının xəbərinə görə, bu barədə məlumat verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov "Bakıda Tramvay yolları ilə bağlı 5 variant var. Hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həmin layihələrə baxır" deyə bildirib.

Onun sözlərinə görə, bu layihələr Komitənin sifarişi ilə müxtəlif ölkələrdən tender vasitəsilə seçilən peşəkar məsləhətçilər tərəfindən hazırlanıb: "Layihənin hazırlanmasında Amerika, Avstraliya, İspaniya və digər ölkələrin təcrübələrindən istifadə olunub. Lakin hansı layihənin təsdiqlənəcəyi haqqında hələlik heç bir məlumat verə bilmərik. Çünki layihə ilə bağlı komitədə geniş müzakirələr aparılır. Müzakirələr bitdikdən sonra nəticələr media nümayəndələrinə və ictimaiyyətə təqdim olunacaq. Bu iş Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək".

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun hələ 4-5 il öncə imzaladığı sərəncama əsasən, paytaxtın Qara Şəhər hissəsinin bərpa və inkişafı haqqında qərar qəbul edilib. Sahəsi 221 hektar olan bu ərazi tamamilə dəyişəcək və Ağ Şəhər adlanacaq. Sərəncamda bildirlib ki, Ağ Şəhər həm də nəqliyyatın yeni şəbəkəsinin yaradılması sayəsində universal olacaq. Belə ki, burada Bakı Ağ Şəhərinin mərkəzi meydanına çıxışı olan metro stansiyasının inşa olunması, habelə avtobus nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsi nəzərdə tutulub. Bütün sahil boyu tramvay xəttinin çəkilməsi də planlaşdırılır. Bakı Ağ Şəhərinin infrastruktur kommunikasiyalarının işçi layihələri işlənib hazırlanıb və layihənin həyata keçirilməsi prosesinə cəlb edilmiş müvafiq dövlət təşkilatları ilə razılaşdırılıb.  

Maraqlıdır, Bakıda tramvay xəttinin çəkilməsi də planlaşdırılırsa, bəs onda mövcud xətləri niyə bir neçə il öncə sökürdülər? Niyə bir neçə il öncə tramvay xətlərinə qənim kəsilənlər (başda elə həmin Hacıbala Abutalıbov olmaqla - A.Q.) şəhər əhalisini inandırmağa çalışırdılar ki, tramvay iqtisadi cəhətdən faydasız nəqliyyat növüdür.

Əgər bu gün ekologiyanın korlanmasından, tıxaclardan, piyadaların təhlükəsizliyindən geniş bəhs olunursa, onda əminliklə demək olar ki, tramvay elə ən faydalı nəqliyyat növüdür. Məgər dünyanın bütün inkişaf etmiş ölkələrin paytaxtlarında, MDB-nin digər respublikalarında ictimai nəqliyyat vasitələrinin ən çox işlənən növləri ekoloji baxımdan zərərsiz olan tramvaylar və metro deyilmi?

Azərbaycan paytaxtında isə 2000-ci ilin əvvəllərində Nəqliyyat Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti əl-ələ verərək, şəhəri avtobuslarla doldurub, tramvayları ləğv etdilər. Həmin avtobuslar isə neçə illərdir şəhərin atmosferini zəhərləməklə, tıxaclar yaratmaqla məşğuldur.  

Tramvay və trolleybus kimi ekoloji baxımdan təmiz nəqliyyat vasitələrini yığışdıranlar indi onun gərəkliyini anlamağa başlayıblar. Halbuki, şəhər meri Hacıbala Abutalıbov 2004-cü ildə deyirdi ki, tramvayların gündəlik enerji istismarı baha başa gəlir və tramvaylardan sərnişinlər az istifadə edirlər. Bu məntiqə əsaslanıb tramvay yollarını sökərək, həmin ərazilərdə kommersiya obyektləri, digər təyinatlı binalar tikdilər. Sökülüb əridilən polad relslər və satılan yollar hesabına kimlərinsə cibləri doldu.

10 il öncə tramvayın ardınca paytaxt sakinləri trolleybusla da vidalaşdılar. O nəqliyyat vasitəsinin də “buynuz”ları yenə kimlərinsə ovuna çevrilmişdi. Səbəbini isə belə izah etdilər: Bakıda salınan körpü tikintisi trolleybusların fəaliyyətinə mane olur. Guya körpü tikintisi başa çatandan sonra trolleybusların fəaliyyəti bərpa ediləcəkmiş... Bəs nə oldu?

Hazırda dünyanın inkişaf etmiş ölkələrində - Amerika, İngiltərə, Türkiyədə, həmçinin postsovet məkanında bu ucuz nəqliyyat vasitələrinin fəaliyyətindən geniş şəkildə istifadə olunur. Almaniyada, İsveçrədə həm elektrik enerjisindən daha az istifadə edən, həm də sabit cərəyanla işləyən müsair tramvaylar işləyir. Niyə Bakıya avtobus gətirməyə pul tapanlar, taramvay gətirməyə pul tapmadılar?

Keçmiş Sovet İttifaqında ilk dəfə Bakıda salınmış tramvay xəttinin böyük bir tarixi var:
1889-cu ildə Bakıda “konka” (polad rels xəttiylə hərəkət edən atlı fayton) tikilib. 1903-cü ildə Bakıda elektrik tramvay xətlərinin salınması barədə Şəhər Dumasına təklif daxil olub. O zaman Dumada indiki bəzi məmurlara oxşar bürokratlar düz 20 il həmin təklifin reallaşmasına mane olublar.
Nəhayət, 1922-ci ildə Bakı soveti layihəni reallaşdıra bildi. Şəhərdə tramvay xətlərinin tikintisinə başlandı. 1924-cü il fevralın 8-də Bakıda elektrik-tramvay yolu istifadəyə verildi. Bu xətt Azneft yoluyla Dəmir Yolu Vağzalını birləşdirirdi. Şəhərdə ilk dəfə tramvayla sərnişinlərə xidmət etmək şərəfi Aleksandr Lisovski soyadlı bir şəxsə nəsib olub. Onun xatirələrində yazılır ki, birinci bir neçə saatı sərnişinləri pulsuz aparıblar və bu, Bakıda böyük bayram kimi qeyd edilib.
1941-ci ilin dekabrında Bakıda trolleybus xətti də işə salındı.
1966-cı ildə tramvay yollarının uzunluğu 102,5 km-ə çatdırılmışdı.

80 il Bakı sərnişinlərinə xidmət göstərən rahat, ucuz, təmiz və sürətli tramvaylar 2000-2004-cü illərdə sıradan çıxarıldı. O tramvay və trolleybuslar ki, tək sərnişinlərə xidmət göstərmirdi, həm də Bakının havasını təmiz saxlayırdı.

İndi tramvayı yenidən Bakıya qaytarmağı planlaşdırırlar, amma hanı o tramvay yolları..?

A.Qorxmaz  

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı