Modern.az

Deputatların Fransa, Latviya və Estoniya səfərləri

Deputatların Fransa, Latviya və Estoniya səfərləri

Parlament

27 May 2010, 11:22

Rafael Hüseynov Parisə…

Modern.az saytı xəbər veriri ki, millət vəkili Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün mayın 27-də Parisə yola düşəcək.
Qurumun Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər komitəsinin iclasında Venesuelada demokratiyanın vəziyyəti, Aralıq dənizi hövzəsində ətraf mühitin mühafizəsi, meşələrin hazırkı durumu və gələcəyi, silahlı münaqişələrin, həmçinin hərbi tullantıların ətraf mühitə təsiri məsələləri müzakirə olunacaq.
Təşkilatın Hüquqi işlər və insan hüquqları üzrə komitəsinin gündəliyinə Şimali Qafqazda inan haqlarının pozulması halları, bununla bağlı hüquqi müdafiə tədbirləri, ekstremizm əleyhinə mübarizə və digər məsələlər daxil edilib. Tədbirlərdə deputat müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Səfər iyunun 1-də başa çatacaq.

Fuad Muradov və Rövşən Rzayev Tallinə...

Mayın 27-28-də Tallində “Azərbaycanın Avropaya inteqrasiyasında Baltikyanı ölkələrin rolu” mövzusunda keçiriləcək konfransda Milli Məclisin deputatları Rövşən Rzayev və Fuad Muradov iştirak edəcəklər.
Estoniyada Azərbaycan Mədəniyyət Mərkəzinin Estoniya-Azərbaycan parlament dostluq qrupu ilə birgə təşkil etdiyi bu tədbirə Litva, Latviya və Estoniyanın yüksək vəzifəli dövlət nümayəndələri, bu ölkələrin parlament üzvləri, Baltikyanı Azərbaycan icmalarının nümayəndələri qatılacaq.
Konfransın keçirilməsində məqsəd Azərbaycanın Avropaya inteqrasiyasının intensivləşməsinə, dövlətlərarası, parlamentlərarası siyasi, iqtisadi, mədəni əməkdaşlığın daha da genişləndirilməsinə yardım etməkdən ibarətdir.
Tədbir çərçivəsində “Avropa-Azərbaycan Parlament nümayəndələrinin Məşvərət Şurası”nın yaradılması da nəzərdə tutulub.

Ziyafət Əsgərov, Siyavuş Novruzov, Məlahət İbrahimqızı və  Tahir Süleymanov Riqaya...

Milli Məclis sədrinin birinci müavini, parlamentin NATO PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılıq  etdiyi nümayəndə heyəti mayın 27-dən iyunun 2-dək Latviyada NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak edəcək.
Nümayəndə  heyətinin tərkibinə deputatlardan Siyavuş Novruzov, Məlahət İbrahimqızı və  Tahir Süleymanov daxildirlər. 
Riqa şəhərində  keçiriləcək toplantıda Əfqanıstanda, Qərbi Balkanlarda vəziyyət, NATO – Rusiya  strateji  tərəfdaşlığının  inkişafı,  nüvə  təhlükəsizliyi və raketdən müdafiə, qlobal iqlim dəyişiklikləri, enerji təhlükəsizliyi,  iqtisadi  böhranın nəticələri,  yoxsulluğun aradan qaldırılması  və  digər məsələlər müzakirə olunacaq.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!