Modern.az

Zeytun varsa, sağlamlıq da var...

Zeytun varsa, sağlamlıq da var...

İqtisadiyyat

5 Mart 2014, 15:00


"Zeytun faydasız bitkidir", "İnsan orqanizminə heç bir xeyiri yoxdur", "Zeytun yağı çox zərərlidir" və başqa bu kimi ifadələrlə yəqin ki qarşılaşmamısınız. Doğrudan da zeytun bitkisi və yağı haqda məlumat əldə etdikcə, mütəxəssislərin fikirlərini öyrəndikcə bu bitkinin nə qədər xeyirli olduğunun şahidi oluruq.

Zeytun Abşeronun nadir bitkilərindəndir. Yarımadanın təbii iqlim şəraiti zeytunçuluğun sənaye əsasında inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Zeytun uzunömürlü və quraqlığa davamlılığı ilə digər meyvə ağaclarından seçilir. Bu meyvənin quru lətinin 50-75 faizi yağdır. Bitki yağları içərisində zeytun yağı ən yüksək kaloriyə malikdir. Qidalılıq dəyəri tam yetişmiş meyvələrdə daha yüksəkdir. Müxtəlif ölkələrdə aparılan araşdırmalar zamanı məlum olub ki, dünyada yaşı 2000-dən çox olan xeyli zeytun ağacı var. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmalarına görə isə infarkt və ürək xəstəliklərinə ən az Krit adasında rast gəlinir və burada yaşayan insanlarda infarkt riski minimum səviyyədədir. Çünki Krit adası hələ qədim zamanlardan bəzi zeytun yağının vətəni hesab edilib.

Zeytun yağı insan bədəni üçün imtina edilməz qida qaynağıdı

Təbiətin bu nadir bitkisinin meyvəsi qədər, yağı da orqanizm üçün faydalıdır. Zeytun yağı vitaminlər, antioksidantlar və mikroelementlərlə zəngindir. Yağın tərkibində olan A, E, D və K vitaminləri sümük toxumalarını, əzələləri, bağırsaqların divarlarını möhkəmləndirir, radikallara qarşı müqavimət yaradaraq orqanizmin qocalma prosesini əngəlləyir. Zeytun yağı qidadan əlavə həm də kosmetik məqsədlər üçün də istifadə edilir. Dünya alimlərinin araşdırmaları zamanı zeytun yağının insan bədəni üçün imtina edilməz bir qida qaynağı olduğu dəfələrlə sübut edilib. Zeytunun meyvəsi, yağı qədər tumunun da faydası var. Zeytun ağaclarının əkilməsi ilə bağlı mütəmadi olaraq layihələr həyata keçirilir

Bu gün Zeytunun çeşit-çeşit yağları istehsal olunur ki onlardan da biri “Azersun Holding”də istehsalan olunan “Zeytun bağları”ı yağıdır. Şirkət zeytunun xaricə ixracını da genişləndirməyə hazırlaşır. Bununla əlaqədar olaraq ölkədə zeytun ağaclarının sayının artırılmasına çox önəm verir. “Azersun Holding” Bakıda və respublikanın digər ərazilərində 200 mindən artıq zeytun ağacı əkib. Şirkət ölkədə zeytun ağaclarının əkilməsi və qorunması ilə bağlı mütamadi olaraq layihələr həyata keçirir. Həmin layihələrə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin qurumları, qeyri-hökumət təşkilatları və ictimaiyyət də cəlb olunur. Yerli sakinlərdən xammal üçün zeytunun alınması nəticəsində Azərbaycanda təqribən 5 minə yaxın vətəndaş işlə təmin olunub. 

Hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir 

Lakin son illər ekoloji tarazlığın pozulması və bir sıra amillərlə yanaşı, təbii landşaftların gündən-günə azalması dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da yaşıllıqların məhv olmasına, bitki ehtiyatının azalmasına gətirib çıxarıb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, əvvəllər Azərbaycanda zeytun bağlarının ümumi sahəsi 3 min hektar təşkil edib. Abşerondakı zeytunçuluq sovxozları dağılandan sonra bağların ərazisindən başqa məqsədlər üçün istifadə edilməyə başlanılıb. Məhz bunun nəticəsində zeytun bağlarının tutduğu ərazi yarıbayarı azalıb. Nazirliyin məlumatına görə, hazırda 1868 hektar zeytun sahəsinin 1556 hektarı bar verir. Bakının Zirə qəsəbəsində 200 hektara yaxın zeytun bağı salınıb. Bu sahənin yenidən dirçəldilməsində ciddi işlər görülür.

ETSN təxminən 18 rayonda zeytun kolları əkilməsini nəzərdə tutub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirir ki, son 3 ildə salınan zeytunluqların ərazisi bütün tarix boyu Azərbaycanda salınan zeytunluqların ərazisinə bərabərdir: “Nazirlik tərəfindən 775 hektar ərazidə yaşıllıqların salınması nəzərdə tutulurdu. Həmin ərazilərdə 800 hektardan çox xaricdən gətirilən zeytun ağaclarından ibarət plantasiya salındı. Həmin zeytun əkinlərində də 100 faiz bitiş əldə olundu”.

İ. İbrahimova nazirlik tərəfindən yaşıllıqların bərpası istiqamətində görülən işlərdən də danışıb: “Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxminən 18 rayonda zeytun kolları əkilməsini nəzərdə tutub. Plana əsasən Mərkəzi Aran rayonlarından tutmuş Masallıya qədər, Masallıdan Xaçmazadək zeytun meşəlikləri salınacaq”.

“Zeytun ağacları heç vaxt bizim təbiətimizə ziyan vurmayıb”

Məlumdur ki, zeytun ağaclarının, təkcə meyvə əldə etmək üçün deyil, yaşıllıqların artırılması üçün də nəzərdə tutulub.

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun sözlərinə görə, zeytun ağacları heç vaxt təbiətə ziyan vurmayıb. Çünki zeytun ağacı Azərbaycanın təbiətinə xas bitkidir: “Əvvəllər geniş zeytun bağları var idi. Fikrimcə, cır zeytun ağacları indiki süni surətdə yaradılmış toxumlardan alınan zeytun ağaclarından qat-qat yaxşı idi. Çünki o təbii olduğu üçün təbiəti də təmizləyirdi. İndi onlar hamısı Azərbaycanda məhv olub gedib”.

Bununla belə Mərkəz rəhbəri xaricdən gətirilən zeytun ağaclarındansa, ölkədə olan zeytun ağaclarının əkilməsinin istədiyini də əlavə edib: “Doğrudur, xarici ölkələrdən gətirilən ağacların məhsulu olur, amma yenə də öz zeytun ağaclarımızın əkilməsini istərdim. Həmin gətirilən ağaclar üçün su anbarları da tikilib. Elə o zeytun ağaclarının da, yerli zeytun ağaclarının da meyvəsindən yağ hazırlayırlar. Bu işlə məşğul olan çoxlu şirkətlər də var. Bu, müsbət haldır”.

“Biz indi daha çox zeytunu ixrac edirik” 

Bitkilərlə bağlı ciddi problemlərdən biri də onların kəsilməsi, məhv edilməsidir. Aqrar sahə üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, yaşıllıqların məhv edilməsi kimi problemlər olsa da, son zamanlar zeytun sahələrinin salınmasına başlanılıb: “Bu da onu deməyə əsas verir ki, zeytun bitkisinin əkilməsinə maraq yaranıb. Fermerlər çalışırlar ki, daha çox gəlir əldə etsinlər, yəni hər kəsin biznes marağı var. Bu sahə ilə bağlı xüsusi proqram qəbul edilməli, zeytunçuluğun inkişafı üçün hökumət qayğısının artırılması lazımdır. Məsələn, aşağı faizlə maliyyə dəstəyi ola bilər. Əsas zeytun Abşeron rayonunda istehsal olunur. Düzdür, Naxçıvanda da, Bərdə də var. Amma bu regionlarda cüzi miqdardadır. Çalışmaq lazımdır ki, əsas Abşeron rayonunda bu sahəyə diqqət artırılsın. Bu sahəni müasir tələbələrə uyğun qursaq, xeyli gəlir əldə edə bilərik. Bu sahədə xüsusilə elmi inkişaf etdirmək lazımdır.

V. Məhərrəmov bildirib ki, Azərbaycan indi daha çox zeytunu ixrac edir: “Zeytun ixracında Azərbaycan postsovet ölkələri içində birinci yeri tutur. Daha çox Rusiyaya ixrac olunur. MDB ölkələri sırasında Rusiyaya ixrac olunan zeytunun 80%-i Azərbaycanın üzərinə düşür. Azərbaycana da xaricdən zeytun idxal olunur. Amma bunun həcmi göstərilmir. Bizdə bəzi məhsullar var ki, onlar az idxal olunduğundan idxal həcmi göstərilmir. Zeytun yağını ucuz istehsal edə bilsək, bitki yağlarının bəzilərini əvəz edə bilər”.

V. Məhərrəmovun fikrincə, bu bitkinin istehsalından yaxşı gəlir əldə etmək olar: “Bu gün dünya bazarında zeytuna olan tələbat getdikcə artır. Azərbaycanda olan iqlim şəraiti imkan verir ki, daha çox zeytun istehsal olunsun. Əlbəttə, bu istiqamətdə xeyli görüləcək işlərimiz var. Sovet dövründə bu sahəyə diqqət böyük idi. Sonralar isə bu sahə unuduldu, istehsal azaldı. Azərbaycanda istehsal olunan zeytun çox keyfiyyətlidir. Bizdə zeytunu yığım prosesi əllə aparılır. Amma digər ölkələrdə mexaniki şəkildə yığılır. Mexaniki şəkildə yığılan zeytun keyfiyyət baxımdan çox aşağı olur”.

Bitkilərin qorunması ilə bağlı qanunvericilikdə vəziyyət necədir?

Bitkilərin qorunmasının əsas şərtlərindən biri də bu sahədə müvafiq qanunların qəbul edilməsidir. "Ətraf mühitin mühafizəsi haqqında", "Ekologiya təhlükəsizlik haqqında”, "Bitki karantini haqqında", eləcə də Ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Planı və "Ekologiya cəhətdən dayanıqlı sosial- iqtisadi inkişafa dair" Milli Proqramda (Milli Strategiya və Fəaliyyət Planı) da bitkilərin qorunması ilə bağlı bir çox müddəalar öz əksini tapıb.

Eyni zamanda Azərbaycan BMT- nin "Bioloji müxtəliflik haqqında" konvensiyasına, "Bitki mühafizəsi haqqında " beynəlxalq konvensiyaya, "Avropanın canlı təbiətinin və təbii mühitinin qorunması haqqında" Avropa Konvensiyasına, "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və flora növlərinin yabanı beynəlxalq ticarəti haqqında" konvensiyaya (CITES) da qoşulub.

Millət vəkili: “Yəqin ki, hökümətimiz də bu sahənin inkişafı üçün üzərinə düşəni edəcək”

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, zeytun Azərbaycanda çox gəlirli bir sahədir: “Eyni zamanda zeytun insan orqanizmi üçün faydalı bir bitkidir. Azərbaycanda vaxtilə hər zaman zeytun bağları olub. Hazırda da istifadə edilən bir bitkidir, sadəcə onu genişləndirmək lazımdır. Ümumiyyətlə, həm yağ kimi, həm də bir meyvə kimi yüksək keyfiyyətə malikdir”.

Millət vəkilinin fikrincə, zeytunla bağlı xüsusi bir qanun qəbul edilməsinə ehtiyac yoxdur: “Bunun üçün proqramlar qəbul olunur. Ərzaq təhlükəsizliyi ilə bağlı respublika prezidentinin sərəncamı var. Buna uyğun olaraq, Kənd Təsərrüfatı nazirliyi, İqtisadi İnkişaf nazirliyində müəyyən tədbirlər həyata keçirilir. Bizdə yalnız torpaq sahələrin azlığı problemi var. Bildiyiniz kimi, zeytun əsasən Bakı və ətraf kəndlərdə əmələ gələn məhsuldur. Çox yaxşı da inkişaf edir. Yəqin ki, hökümətimiz də bu sahənin inkişafı üçün üzərinə düşəni edəcək”.

Əgər zeytun yağı standarta uyğun hazırlanmayıbsa, bunun orqanizmə ziyanı var

Bəzi işbazlar zeytun yağına müəyyən qatqılar əlavə etməklə bu yağın keyfiyyətini aşağı salır. Belə olan halda da həmin yağ insan orqanizmi üçün zərərli olur.

Tibb elmləri doktoru Adil Qeybulla da zeytun yağının ölkəyə idxalı zamanı əsas onun keyfiyyətinə fikir verməyin vacib olduğunu bildirib: “Əhali arasında da bunun təbliğatını gücləndirmək lazımdır. Əgər zeytun yağı standarta uyğun hazırlanmayıbsa, bunun orqanizmə ziyanı var. Tərkibi zeytun yağı deyilsə, dad xüsusiyyətləri müxtəlif qatqılardan istifadə olunmaqla zeytun yağı səviyyəsinə çatdırılıbsa, əlbəttə, belə yağlar insan orqanizminə ziyanlıdır”.

A. Qeybulla qeyd edib ki, zeytun yağın insan orqanizminə çox xeyirlidir: “İndiki dövrdə hipodinamiya, yəni insanların az hərəkətliliyi dövründə xolestrinin bədəndə depolaşmasının qarşısını alır. Yağlı qidalar, kərə yağlarının orqanizmdə müəyyən xəstəliklər yaradır. Bilirsiz ki, infarktın yaşı da xeyli cavanlaşıb. Bu, məhz bu faktorla bağlıdır. Zeytun yağı bitki yağıdır, bunun tərkibində xolestrin yoxdur. Bu yağ texniki baxımdan düzgün hazırlanıbsa, faydalı yağlardan hesab olunur”.

Zeytun sağlamlığını düşünənlər üçündür. Bunun üçün də zeytun ağaclarını qorumaq, qayğı göstərmək lazımdır.

Yazı Azərbaycan Mətbuat Şurası və "Azərsun Holdinq"in birgə keçirdiyi "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusundakı müsabiqəyə təqdim olunmaq üçün verilir.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir