Modern.az

Dörd saat Mətbuat Şurasında...

Dörd saat Mətbuat Şurasında...

27 May 2010, 15:14

Əksər KİV-lərin və media qurumlarının üzvü olduğu qurumdan reportaj

Modern.az-
ın “Redaksiyalardan reportaj” rubrikasının budəfəki ünvanı redaksiya olmasa da, media quruluşudur. Yolumu əksər KİV-lərin və media qurumlarının üzv olduğu Mətbuat Şurasından (MŞ) saldım. Beləliklə, yeddi ildir fəaliyyət göstərən Şuranın mənzil qərargahına baş çəkib, heç də böyük olmayan kollektivlə yaxından tanış oldum.

Layihəmizin qaydalarına əsasən Mətbuat Şurasının rəhbərliyi ilə əvvəlcədən razılaşıb, deyilən vaxtda qurumun yerləşdiyi ünvana (İbrahimpaşa Dadaşov küçəsi-60) yollandım. Üzvlərinin sayı çox olsa da, MŞ-nın daimi əməkdaşları azdır - sədrlə birlikdə 5 nəfər. Yəni bu 5 nəfər hər zaman - səhərdən iş müddəti bitənə kimi iş başında olur.

İlkin müşahidələr və ilkin təəssüratlar...

Mən Şuranın qərargahına yeni daxil olmuşdum ki, əmma çıxdı. Bildirdilər ki, MŞ-nın sədri Əflatun Amaşov iclasda olduğundan monitorinq qrupunun otağında iclasın başa çatmasını gözləməliyəm. Vaxtı boş keçirmək olmazdı. Odur ki, cənab Amaşovun iclası qurarana qədər mən Şura əməkdaşlarının gərgin iş rejimini müşahidə etməyə çalışdım. Gördüklərimi olduğu kimi yazıram: Monitorinq qrupunun rəhbəri Əvəz bəy internet saytlarda xəbərləri izləyir, mühasib Arzu xanım tez-tələsik otağa daxil olaraq,  onun yerində oturan sistem inzibatçısı Rəşadı “qovalayıb”, yazı yazmağa başlayır, sürücü acgözlüklə qəzet oxuyur.
Beləcə hər kəs iş başında idi. Az keçmiş Arzu xanım harasa iş üçün tələsdiyini bildirərək, sürücüdən xahiş etdi ki, onu həmin ünvana aparsın. Sürücü əvvəlcə heç bir söz demədi və əvvəlkitək qəzet oxumağına davam etdi. Arzu xanım sürücüyə xitabən bayaqkı sözlərini yenə təkrar etməli oldu. Bu dəfə sürücü Arzu xanıma bildirdi ki, müdirə (onlar sədrə müdir deyirlər- G.M) bu barədə desin. Arzu xanım bir neçə dəfə sədrin otağına get-gəl etsə də, onun qəbuluna düşə bilmədi. Birdən xanımın dərdi açıldı, nə açıldı: “Deyirəm, burada işləsək də, müdirin qəbuluna ən az biz düşürük”.
Rəşad da onun sözünü təsdiqləyərək: “Hə, elədiki var”. (Təsəvvür edirsiniz də. Belə olan halda jurnalistlər sədri necə tapsın?-G.M).
 Söhbətə qarışmaq imkanını əldən vermirəm: “Niyə şikayət etmirsiniz ki?”. Hər ikisi birdən: “Hara, kimə şikayət edək e..?”.  Vəziyyəti belə görüb tez-tez mən də Rəşaddan xahiş edirdim ki, müdirlərinin imkanı olan kimi burada olduğumu desin. O da sağ olsun, bunu demək üçün imkan axtarırdı. Və nəhayət bu imkan yetişdi.
MŞ-ın sədri Əflatun Amaşov qonaqlarını yola saldı. Onun qəbuluna düşmək mənə də qismət oldu... Amma içəridə bir qonaq da vardı.
Gəlişimin məqsədini bir daha Əflatun müəllimə xatırlatdıqdan sonra bir neçə dəqiqə otağa sükut çökdü. Açığı mən Amaşovla birinci dəfə idi ki, görüşürdüm, ona görə onun bu şəkildə sükutu məndə “yəqin danışmayacaq” fikri yaratdı. Qonaq isə çıxaq bilmirdi. ürəyimdə qonağın getməsini arzulayırdım ki, birdən o ayağa qalxaraq özünün təbirincə desək, “qaçdı”.

Əflatun Amaşov özünəməxsus tərzdə mənim  çox gərgin vaxtda gəldiyimi bildirib, əvvəlcə müsahibə verməyə etiraz etmək istədi. Amma mən əl çəkməmək qərarını vermişdim. Deyəsən bunu Şura sədri hiss etdi. Suallarımın hazır olduğunu öyrəndikdən sonra fikrini dəyişərək: “Mümkün qədər qısa edək. Çünki vaxtım çox azdır. İş başımızdan aşıb-daşır”-dedi. Beləliklə, diktafonumun “start” düyməsini basaraq, hazırladığım sualları müsahibimə ünvanladım.

“Mətbuat Şurası jurnalistlərin inişafına yardım edir”

Əflatun Amaşov əvvəlcə Mətbuat Şurasının əsas missiyası barədə danışdı: “Mətbuat Şurası mətbuatın özünütənzimləməsi ilə bağlı yaranmış bir qurumdur. Onun əsas məqsədi mətbuatla ictimaiyyət və mətbuatla hakimiyyət arasında olan münasibətləri tənzimləməkdir. Yəni Mətbuat Şurası əsasən jurnalistlərin peşə davranış qaydalarına əməl etmələri üzərində ictimai nəzarət funksiyasını yerinə yetirən bir qurumdur. Mətbuat Şurası mətbuatın digər problemlərinin həlli istiqamətlərində də axtarışlar aparır. Bu problemləri həll etməyə çalışır.  Mətbuat Şurasının yaratdığı komissiyalar öz fəaliyyəti ilə bu məsələləri tənzimləyir. Şurada şikayətlər  üzrə, hüquqi, iqtisadi, sosial, dil məsələləri və region mətbuatı üzrə komissiyalar fəaliyyət göstərir. Eyni zamanda rəsmi qurumlarla jurnalistlər arasında problemlər yaranarsa, sadaladığım komissiyalar bu problemləri çözməyə çalışırlar. Bundan başqa monitorinq qrupu hər hansı hadisə zamanı jurnalistlərə kömək edir. Məsələn, seçkilər və mitinqlər vaxtı jurnalistlərin informasiya toplamasında maneələr olarsa, monitorinq qrupu onların fəaliyyətinə yardım edir. Ancaq Azərbaycan hələ keçid dövrünü yaşadığından və müstəqil mətbuat tam formalaşmadığı üçün Mətbuat Şurası üzərinə düşən missiyadan əlavə məsələləri də həyata keçirməyə çalışır. Məsələn, iqtisadi-hüquq komissiyası bir çox istiqamətdə fəaliyyət göstərir.  Hazırda həmin komissiya peşə davranış qaydaları kodeksi, mətbuatın qanunvericilik bazasının təkmilləşdirilməsi, diffamasiya , reklam bazarının genişlənməsi ilə bağlı gərgin işləyir”.

Ə.Amaşov Mətbuat Şurasında beynəlxalq təcrübənin də tətbiq olunduğunu bildirdi: “ Mətbuat Şurası ilk baxışda jurnalist təşkilatıdır. Ancaq Azərbaycanda 50-dən çox jurnalist təşkilatı var. Həmin təşkilatların da özlərinin missiyaları var. Mətbuat Şurası öz statusuna görə, bu təşkilatlardan fərqlənir. Belə ki, dünya Mətbuat şuralarında olduğu kimi, Azərbaycan Mətbuat Şurasının da əsas missiyası mətbuatla ictimaiyyət arasındakı münasibtləri tənzimləməkdən ibarətdir.  Mətbuat Şurası jurnalistlərin inişafına yardım edir. Yəni KİV nümayəndələri ayrı-ayrı insanlardan materiallar verirlərsə, o materiallarda həmin insanların haqqında dürüst informasiya getmirsə və onların şərəf və ləyaqətləri alçalırsa, Mətbuat Şurası bunu aradan qaldırmaqla jurnalistikanın  peşəkar səviyyəsinin artmasına təkan vermiş olur. Mətbuat Şurasının ölkə jurnalistikasına faydası bundan ibarətdir. Dünya Mətbuat şuraları müxtəlif tədbirlər keçirirlər. Müəyyən konfranslar, təcrübə mübadiləsi və jurnalistlərin peşəkarlığının artırılması üçün müəyyən seminar və treninqlər keçirirlər. Bütün bunlar Azərbaycanın Mətbuat Şurasında da tətbiq olunur”.

Mətbuat Şurasının maliyyə mənbəyi

Ə.Amaşov Mətbuat Şurasında çox az adamın əməkhaqqı aldığını deyir: “Mətbuat Şurasının İdarə Heyətinin üzvləri nizamnaməyə görə maaş almır. Mətbuat Şurasının maliyyə mənbəyi gündəlik qəzetlər, jurnallar və  jurnalist təşkilatlarıdır. Onlar  illik təqribən 150 manata yaxın üzvülük haqqı ödəyirlər. Həftəlik və regional qəzetlər isə illik 100 manat ödəyirlər. Eyni zamanda, Mətbuat Şurası müxtəlif qurumlardan qrantlar alıb. ABŞ səfirliyinin xətti ilə Dövlət Departamentindən, həmçinin KİV-ə Dövlət Dəstəyi Fondundan da qrantlar alır”.

“Mətbuat Şurası bütün məqamlarda öz sözünü deyib”

Ə.Amaşov Mətbuat Şurasının jurnalistlərin hüquqlarının pozulmasının qarşısının alınması ilə də ciddi fəaliyyət göstərdiklərini bildirdi: “Azərbaycanda bir müddət əvvəl bir neçə jurnalist həbsdə idi. Mətbuat Şurası onların azadlığa çıxması ilə bağlı müvafiq qurumlara dəfələrlə müraciətlər ünvanlayıb. Mətbuat şurasının rəhbərliyi həbsxanalarda onların yaşayış şəraiti ilə tanış olub. Hazırda məhkəməsi gedən Eynulla Fətullayevlə də bağlı biz müraciətlər etmişik. Mətbuat Şurası bütün məqamlarda öz sözünü deyib. Jurnalistlərin hüquqlarının pozulması ilə bağlı müvafiq qurumlara müraciətlər ünvanlayıb. Mətbuat Şurasının monitorinq qrupu mitinqlər zamanı jurnalist-polis münasibətlərini tənzimləmək üçün hər zaman jurnalistlərin yanında olub”.  Ə.Amaşov bəzən Mətbuat Şurasının həbsdə olan jurnalistlərə qayğı göstərməməkdə ittiham edilməsinə də münasibət bildirdi: “Yalniz biz Eynulla Fətullayevlə bağlı bir neçə dəfə müraciətlər ünvanlamışıq. Avropa Məhkəməsinin qərarından sonra məsələ artıq Azərbaycan hökuməti ilə Avropa məhkəməsi müstəvisindədir. Biz arzu edirik ki, Allah tezliklə Eynulla Fətullayevin qapısını açsın, öz ailəsinə və kollektivinə qovuşsun! Mətbuat Şurası həbsdə olan jurnalistlərlə bağlı fəaliyyətini hər zamankı kimi, indi də davam etdirir”.

“Jurnalistlərin sosial durumu məsələsində Mətbuat Şurası da çaba göstərir”

Jurnalistlərin sosial problemlərinə gəlincə, Əflatun müəllim bildirdi ki, bu gün Azərbaycan jurnalistlərinin sosial problemləri kifayət qədərdir: “Mətbuat Şurası sosial məsələlərlə bağlı özünün komissiyasını yaradıb. Həmin komissiya hazırda bu sahədə müəyyən monitorinqlər keçirir. KİV-in inkişafına  dövlət dəstəyi konsepsiyasını hazırlayarkən jurnalistlərin sosial problemlərinin həlli ilə bağlı bir bənd əlavə etmişdik. Bu məsələ gündəmdədir”. 

O, qonşu ölkələrlə Azərbaycan jurnalistlərinin sosial durumunu müqayisə edərkən bunları söylədi: “Avropa ölkələrində mətbuat oturuşmuş haldadır. Bu ölkələrdə dövlət jurnalistikaya yardım etmir. Çalışdığı redaksiyalar jurnalistlərə yardım edir. Məsələn, Avropa və Türkiyədə jurnalistlərin maaşları yüksəkdir. Avropada bir jurnalistin aldığı illik maaşı Azərbaycan jurnalistləri 15-20 ilə ala bilmir. Həmin ölkələrdə redaksiyalar iqtisadi baxımdan güclüdür və müstəqildir. Əməkdaşlarının bütün problemlərinin ödəmək imkanları var. MDB məkanına gəlincə, deyərdim ki, Azərbaycandakı şərait Gürcüstan və Ermənistandan yaxşıdır. İstər jurnalistlərin maaş məsələsi, istərsə də qəzetlərin ümumi tirajı baxımından. Azərbaycan ola bilsin müəyyən mənada Rusiyadan geri qalır. Ancaq söhbət aparıcı qəzetlərdən gedir. Digər ölkələrdə vəziyyət Azərbaycandakı kimidir, yaxud da Azərbaycandan çox aşağıdır.  Jurnalistlərin sosial durumu məsələsində Mətbuat Şurası da çaba göstərir. Bu sahənin özündə də müəyyən problemlər var. Əsas problem KİV-in iqtisadi durumunun aşağı olmasıdır. Bu isə reklam bazarının az olması ilə əlaqədardır. Bir ölkədə 30-dan çox gündəlik qəzetin olması Azərbaycan üçün çoxdur. Bu qəzetlərin keyfiyyət və tirajı da azdır”.

Sədr jurnalistlər üçün müəyyən güzəştlərin gündəmə gətirildiyini, ancaq hələlik buna baxılmadığını da vurğuladı.  O, həmçinin media ombudsmanı instututunun yaradılması məsələsinə də münasibət bildirdi: ““İnformasiya əldə etmək haqqında” qanununa görə, belə bir qurum yaradılmalı idi. Xarici ölkələrdə Mətbuat Şurası ilə Ombudsman bəzi məqamlarda eyni funksiyanı yerinə yetirir. Hətta bəzi ölkələrdə heç Mətbuat Şurası yoxdur. Media ombudsmanı institutunun yaradılması ilə bağlı mən elə bilirəm ki, müəyyən anlaşılmazlıq var. Mətbuat müvəkkili olsun, yaxud olmasın?”.

Mətbuat Şurası vahid press-kartların verilməsində gözlənilən effektə nail olmayıb

Əflatun müəllim söhbətimizin davamında jurnalistlərə müəyyən güzəştlər verən vahid press-kartlar məsələsinə də toxundu. O, bildirdi ki, redaksiyaların əksəriyyətində əmək müqavilələri olmadığı üçün bu proses ləng gedir: “Biz vahid-press kartları bu şərtlə veririk ki, jurnalistlərlə redaksiya rəhbərliyi arasında müqavilələr bağlansın. Bu müqavilələr də tələb olunan səviyyədə olmalıdır. İlk öncə biz bu kartları çox verməyə başladıq. Sonra həmin müqavilələrə baxdıq ki, normal prinsiplər qorunmayıb. İndiki şəraitdə kartları daha çox rəsmi qurumlarda çalışan redaksiyalar alırlar ki, onlar da hüquqi məsələlər düzgün qoyulub.
Misalçün, “Azərbaycan”, “Xalq qəzeti” , “Zerkalo” və “AzərTAc”da bu prinsiplər mövcudur. Bu il 100-ə yaxın jurnalistə vahid press-kart verilib. Hələlik  vahid-press kartların verilməsində gözlədiyimiz effekti ala bilməmişik. Ancaq bu sahədə müəyyən işlər gedir”.
Ə.Amaşovun sözlərinə görə, bəzi stajlı jurnalistlər fərdi qayda da MŞ-na müraciət edib, ancaq onlara kart verilməyib: “Çünki qaydalarda göstərilib ki, vahid-press kart redaksiyalarda əmək müqaviləsi olan jurnalistlərə verilsin. Bu kartla yanaşı biz redaksiyalara məxsus olan avtomobillərə müəyyən fövqəladə hallar zamanı məkana maneəsiz daxil ola bilməsi üçün kartlar veririk. Bu kartlar da az verilib. Bu işdə sıravi jurnalistlər də Mətbuat Şurasına yardımcı olmalıdırlar”. 
Müsahibim dedi ki, vahid-press kartların verilməsində əsas məqsəd reket qəzetlərə qarşı mübarizə aparmaqdır: “Reket jurnalistlərə vahid-press kart verilmir. Mən belə bir şeyin şahidi olmamışam. Bəlkə də, kart alan jurnalistlərdən hansısa biri belə bir hərəkət edib. Bunu sübut etmək də, inkar etməkdə də çətindir. Hətta bir neçə dəfə həmin kartların surətlərini çıxarıb özündə gəzdirən jurnalistləri də görmüşük”.

Əflatun müəllim bir çox ölkələrdə verilən “sarı kart”ın isə Azərbaycan jurnalistləri üçün verilməsinin hələlik tez olduğunu deyir: “Çünki Azərbaycanda jurnalistika oturuşmayıb”.

Bu ilin 5 ayında Mətbuat Şurasına 313 şikayət daxil olub

Ə.Amaşov Mətbuat Şurasının tanınma miqyasının genişləndiyini deyir: “Mətbuat Şurası hər il ilin sonuna yaxın hesabat hazırlayır. Bu hesabat ölkə ictimaiyyətinə açıqlanır. Belə ki,  2009-cu ildə Mətbuat Şurasına 489 yazılı formada şikayət daxil olub. Onlar cəmiyyətin müxtəlif təbəqələrindən, dövlət idarə və müəssisələrindən, özəl müəssisələrdən, ictimai qurumlardan, özünüidarəetmə orqanlarından, siyasi partiyalardan daxil olub. Bu şikayətlərin 22%-i şərəf və ləyaqət məsələsinin pozulması ilə əlaqədardır. Vaxtilə şikayətlər əsasən Bakı və digər böyük şəhərlərdən gəlirdisə, indi 56 bölgədən şikayət gəlib.
Mətbuat Şurası bu şikayətləri məhkəməyə qədər həll edir. Bu şikayətlərdən 236-ı katiblikdə öz həllini tapıb.Yerdə qalan şikayətlər isə şikayətlər üzrə komissiyadadır. Bu komissiya 222 məsələyə baxıb. Bunların 31-dən başqa hamısı komissiyada öz həllini tapıb. Həllini tapan şikayətlər daha çox ayrı-ayrı vətəndaşlardan gələn şikayətlərdir”.
Onun sözlərinə görə, əgər şikayətlərdə əsas yoxdursa, onlar Mətbuat Şurası tərəfindən qəbul edilmir: “Mətbuat Şurası yarandığı vaxtdan bu günə kimi 10 mindən çox şikayət daxil olub. Təxminən 50-yə yaxın şikayəti qəbul etməmişik. Çünki həmin şikayətlərdə arqumentlər öz təsdiqini tapmayıb”.
Mətbuat Şurasının sədri şikayətlərə baxmaq prosedurunun ağır olduğunu deyir: “Bu ilin 5 ay müddətində Mətbuat Şurasına 313 şikayət daxil olub. İlin sonuna qədər təqribən bu şikayətlərin sayının 700-800 olacağı gözlənilir. Mətbuat Şurası çalışır ki, obyektiv qərar çıxarsın. Əlbəttə ki, istənilən obyektivlikdə bir subyektivlik var. Ancaq biz çalışırıq ki, obyektiv olaq”.

“Məmurlar üçün jurnalistika deyəndə, əsasən reket jurnalistlər göz önündə dayanır”

Ə.Amaşovla söhbətimizi davam etdiririk. Onun deməsinə görə, indiyədək adı “qara siyahı”ya düşən KİV-in sayı 103-dür: “Son zamanlar ölkədə jurnalistlər kifayət qədər çoxalıb. Daha çox da “reket” jurnalistlər obyektləri gəzib, informasiya toplamaq əvəzinə, başqa işlərlə məşğul olurlar. “Reket” qəzetlərin məqsədi cəmiyyəti məlumatlandırmaq deyil, özlərinin şəxsi mənafelərini düşünməkdir. Məmurlar üçün jurnalistika deyəndə əsasən reket jurnalistlər göz önündə dayanır”. O, deyir ki, Mətbuat Şurasının qərarı hüquqi gücə malik deyil: “Biz şikayət daxil olan mətbu orqana deyirik ki, sizin nəşrdən Mətbuat Şurasına çoxlu sayda şikayət daxil olub. Bəzi insanlar isə bunu şəxsi qərəzlik kimi qəbul edirlər və bizi məhkəməyə verirlər. Mətbuat Şurasını məhkməyə verən “reket” qəzetlərə təbii baxırıq. Hardasa bunun özü də yaxşı bir şeydir. Bizim məqsədimiz odur ki, jurnalistlərlə bağlı olan şikayətlər məhkəməyə getməsin. Çünki məhkəmələrin qərarları ağır olur. Qəzetlər bağlana və jurnalistlər həbs oluna bilər”.

Bəzi mətbuat orqanlarında belə fikir səslənir ki, Şurada “reket” qəzetlər başa çəkilir. Hətta “reketçiliyə” qarşı mübarizə aparan MŞ-nın üzvləri arasında Azərbaycan mətbuatında “reketçiliyin” əsasını qoyanlar da var. Bu deyilənlərə münasibət bildirən Ə.Amaşov fikirlə razı olmadığını bildirdi: “Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Azərbaycan jurnalistlərinin qurultayında seçiliblər. Onların hər biri də cəmiyyətdə müsbət və işgüzar imicə malik olan insanlardır”.

Mətbuat Şurasının sədri ömürlük olacaq?

“Mətbuat Şurasının nə qədər sədrlik etmək fikri var?”-sualına sədrin cavabı belə oldu:
“Bu çox maraqlı fikirdir. Mətbuat Şurasınn nizamnaməsində edilən dəyişikliyə görə, Mətbuat Şurasının sədri 4 illik seçilir. Elə bir məhdudiyyət yoxdur ki, sədr neçə dəfə seçilə bilər. Hələ 2010-cu ildi. Sədrlik müddətim 2012-ci ildə tamam olacaq. Yəqin ki, qurultay ərəfəsi bu sayaq fikirləri cəmiyyətə həvalə etmək olar ki, fikir mübadiləsi aparılsın. Hələ tezdi. Əsas odur ki, Mətbuat Şurası qarşısına qoyduğu missiyanı yerinə yetirib”.

Ə.Amaşov KİV-ə Dövlət Dəstəyi Fondunun Mətbuat Şurasına öz şöbəsi kimi baxması fikrinə də aydınlıq gətirdi: “Bu fikir çox müəmmaldır. Bunu nə məqsədlə deyirlər?! Fondun Mətbuat Şurasına heç bir təsiri yoxdur. Fond Prezident yanında müstəqil qurumdur. Onun rəhbəri Mətbuat Şurasının İdarə heyətinin üzvüdür. Onların namizədliklərini Mətbuat Şurası verib. Belə bir məqamda elə bir fikir söyləmək mən elə bilirəm ki, çox qeyri-ciddidir. KİV-ə Dövlət Dəstəyi Fondunun rəhbərliyi fondun üzərinə düşən missiyanı yerinə yetirir. Mətbuat Şurası isə Azərbaycanda fəaliyyət göstərən ən demokratik və ən müstəqil qurumlardan biridir”.

Bu il keçiriləcək parlament seçkilərində iştirak edib-etməyəcəyi fikrini isə MŞ-ın sədri hələlik dəqiqləşdirməyib: “Sözün düzü bunu öz içimdə müzakirə etməmişəm. Hələki bu barədə düşünüb, dəqiq bir qərara gəlməmişəm”.

Sədr həmkarlarından üzr istədi

Son zamanlar jurnalistlər MŞ-nın sədri ilə əlaqə saxlaya bilmədiklərindən şikayətlənirlər. Biz də bunun səbəbini sədrin özündən soruşduq: “Ola bilsin bəzi məqamlarda müəyyən tədbirlərdə oluram. Son zamanlarda tədbirlər daha çox olur. Bəzən telefona cavab verə bilmirəm. Adətən sonra mənə kimlər zəng edibsə (tanıdıqlarım, bəzi məqamlarda tanımadıqlarıma) zəng edirəm. Yəqin ki, belə hallar olur. Əgər belə bir şey olubsa, mən bəri başdan öz həmkarlarımdan üzr istəyirəm. Kimsə təcili bir məlumat almaq istəyibsə və mən onu verməmişəmsə, bunu özüm də hiss etmişəm. Məni üzrlü bilsinlər”. 

Onu da deyim ki, mən müsahibə aldığım müddətdə də Əflatun müəllimə gələn telefon zəngləri ara vermədi. Axırda məcbur qalıb telefonu söndürməli oldu...

Gələcək planlar...

Mətbuat Şurasının 7 illik fəaliyyətini müsbət qiymətləndirən sədr gələcək planları barədə də söz açdı: “Azərbaycan jurnalistikasının problemləri hələ də var. Bu problemlərin həlli üçün bundan sonra Mətbuat Şurası əlindən gələni edəcək. Mətbuat Şurasının öz istiqamətləri var. Bu istiqamətlər üzrə gələcək fəaliyyətini davam etdirəcək. Azərbaycan Mətbuatının 135 illik yubileyi ilə əlaqədar Mətbuat Şurası özünün komissiyasını yaradıb. Bu komissiyada həm Bakıda, həm də bölgələrdə  geniş tədbirlər planı keçirməyi nəzərdə tuturuq. Müxtəlif mövzulu konfranslar keçiriləcək. Yəqin ki, Mətbuat Şurası bu tədbirləri KİV-ə Dövlət Dəstəyi Fondu ilə birlikdə keçirəcək. Çünki bu tədbirlər maliyyələşməlidir. Hələlik bu barədə yekdil fikir yoxdur”.

Əflatun Amaşov onu da qeyd etdi ki, Mətbuat Şurası tezliklə yeni ofisə köçəcək: “Yeni ofis tam təmirli şəraitdədir.  Yaxın zamanlarda ora köçəcəyik. Orada demək olar ki, hər şey hazırdır. Ofisimiz Azərbaycan Dövlət Tibb Universitetinin arxasında (“Niaqara” restoranı yaxınlığında) yerləşir”.

Mətbuat Şurasının sədri yaxın zamanlarda Mətbuat Şurasının yeni dizaynda saytının da fəaliyyətə başlayacağını dedi: “Neçə müddətdir ki, saytın üzərində işlənilir. Sayt fərqli formada olacaq. Burada Mətbuat Şurasının fəaliyyəti və üzvləri haqqında məlumatlar yerləşdiriləcək. Həmçinin Şurada keçirilən tədbirlər də burada işıqlandırılacaq”.

Əflatun müəllim saytı mənə də göstərdi. Amma hələlik sayt, ancaq Mətbuat Şurasının ofisində açılır.

Beləliklə, Əflatun müəllimlə söhbətimi buradaca yekunlaşdırdım.  Amma sonda özü də bir şeyə təəccüb etdi: “Necə şirin söhbət etdiksə, heç özüm də bilmədim vaxt necə getdi”.

Şikayətlərin toplandığı otaq

Daha sonra Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadənin otağına keçdim. Onun otağında qovluqlar yığılmış çoxlu sayda şikayətlər diqqətimi çəkdi. Özü dedi ki, bu şikayətlər müxtəlif vaxtlarda gəlib. Ancaq Rəhim müəllim bu şikayətləri araşdırmaqdan yorulmadığını deyir: “Bizdə normallaşdırılmış iş günü yoxdur. İşdən kənara çıxanda da bir növ işlə məşğul oluruq. Günümüz gələn məktubları araşdırmaqla başlayır. İl ərzində mətbu yazılarla bağlı məhkəməyə müraciətlər çox azdır. İnsanlar Mətbuat Şurasına müraciət edirlər. Ona görə də bizim yükümüz artıb. Çalışırıq bütün bu işlərin öhdəsindən gələk.  Mətbuat Şurasının işçisi çox azdır. Amma ictimaiyyətdə belə bir təsəvvür yaranıb ki, Mətbuat Şurasında 10-15 adam işləyir. Əslində elə belə də olmalıdır. Buna baxmayaraq bizim peşəkarlığımız və qarşıya qoyduğumuz məqsədimiz demək olar ki, o yorğunluğu aradan qaldırır. Gördüyüm işin mahiyyəti məni yormur. İçərimdə yüksək bir enerji var”.

İcraçı katib jurnalistlərdən narazı deyil

Bu gün Mətbuat Şurasının istər ictimaiyyət, istərsə də dövlət qurumları tərəfindən bütövlükdə cəmiyyət tərəfindən dəstəkləndiyini deyən R.Hüseynzadənin jurnalistlərdən narazılığı yoxdur: “Haqqı tapdalanan, təhqirə məruz qalan hər hansı bir vətəndaş bizimçün jurnalistdən bir pillə yuxarıda dayanır. Çünki jurnalistlər bəzən yazılarında tərəfli və qərəzli çıxış edirlər. Yazıları sifarişlə yazırlar. Biz istəyirik Azərbaycan mətbuatının maddi vəziyyəti yüksək səviyyədə olsun. Çünki jurnalistlərin keçirdikləri çətinlikləri biz də yaşayırıq. Təbiidir ki, bütün mətbu orqanları tərəfindən sevilə bilmərik. Arzu edərdim onlar nəyə görə jurnalistikaya gəldiklərini özləri üçün xırdalasınlar. Mən 1973-cü ildən jurnalistikadayam. Çox zəhmətkeş jurnalist olmuşam. Hər zaman içimdə obyektiv baxışlar olub. Bizim ən böyük mükafatımız həmkarlarımızın bizi anlaması, başa düşməsi və bizə dəstək vermələridir. Bir də görüsən gün ərzində zəng edib, bizə təşəkkür edirlər. Əlbəttə ki, biz “sağ ol” üçün işləmirik. Mətbuat Şurasında humanistlik deyilən bir xətt var. Biz elə bu istiqamətdə də fəaliyyətimizi davam etdiririk”.

Monitorinq qrupunun otağı

Rəhim müəllimlə söhbətimizi tez yekunlaşdırmalı olduq. Çünki həm onun işi çox idi, həm də Əflatun müəllimin yarızarafat-yarıciddi şəkildə “əsas müsahibə alacağın adam mən idim. Mən də verdim də... Rəhim müəllimin işi çoxdur” deməsi də öz işini gördü. Yenidən Monitorinq qrupunun otağına döndüm. Yazının əvvəlində haqqında danışdıqlarım əməkdaşları daha da yaxından tanımaq üçün.

Monitorinq qrupunun rəhbəri Əvəz Rüstəmov öz işçilərindən çox razılıq etdi. Demək olar ki, hər işi bacardığını deyən Əvəz bəy həm rəhbərindən, həm də aldığı məvacibindən razılıq etdi. Mən orada olduğum müddətdə Əvəz bəyin “reket” qəzetlərin siyahısını qruplaşdırdığının şahidi oldum. İşinin çox olmasına baxmayaraq bir neçə maraqlı hadisə danışmaqla həm bizim, həm də özünün kefini açmağa çalışdı: “Mitinqlər olan vaxtı Mətbuat Şurasında Daxili İşlər Nazirliyi ilə birlikdə monitorinq qrupu yaradılmışdı. Bununla bağlı jurnalistlər üçün həm DİN-in, həm də Mətbuat Şurası rəhbərliyinin imzası olan  vəsiqə hazırlanmışdı. Bu vəsiqədən də hamımızda var idi. Rəhmətlik İbrahim müəllim isə bu vəsiqəni hər zaman üstündə gəzdirirdi. Bir dəfə biz yeyib-içdikdən sonra yolda piyada gedirdik. Birdən bir polis bizə yaxınlaşdı. İbrahim müəllimlə salamlaşdı. İbrahim müəllim də içkili olduğundan başa düşə bilmirdi ki, polis ondan nə istəyir. Soruşdu: “Nə lazımdır?”. Polis: “Sizin sağlığınız”.
Elə bu vaxt İbrahim müəllim polisin səmimiliyə inanmayıb, vəsiqəsini göstərdi. Polis vəsiqənin üstündə DİN-in imzası olduğunu görüb, özünü itirdi. Dedi: “Ay müəllim, bağışlayın mən sadəcə sizinlə tanış olmaq istəyirdim”. İbrahim müəllim: “Heç bir şey olmaz, çalışın həmişə ayıq olun, ayıq!” Amma həqiqətən də polis ona “ilişmək” üçün deyil, onu tanıdığı üçün yaxınlaşmışdı”.

Mətbuat Şurası yaranan gündən baş mühasib postunu tutan Arzu Şirinova kollektivdən ürəkdolusu razılıq etdi: “Biz sivil insanlarıq. Heç vaxt buradan getməyi fikirləşməmişəm. Bir ailə kimi çox səmimi kollektivimiz var. Bu da təbii ki, rəhbərlikdən asılıdır”. Arzu xanım işinin çox çətin olduğunu da dedi.

Sistem inzibatçısı Rəşad Novruzlu bir çox vəzifələri icra edir. Bəlkə də deyərdim ən çox iş onun üzərinə düşür: “Xırda-para çox işlərim var. Həm sistem işləri, həm vahid press-kart hazırlamaq, həm də qəbul otağına gələn zənglərə cavab vermək və sairə”.

Sonda işçilərdan onu da öyrəndim ki, nahar fasiləsində hamı əlüstü hazır yeməklər yeyir. Amma Arzu xanım dedi ki, yeni ofisə köçdükdən sonra orada bütün şərait olduğu üçün, naharı kənardan sifariş verməyib, öz mətbəxlərində hazırlayıb, yeyəcəklər.
4 saat vaxtını aldığım kiçik və işgüzar, həm də səmimi kollektivlə xatirə şəkli  çəkdirib geri döndüm.

Mətbuat Şurasının tarixindən

Azərbaycanda Mətbuat Şurası 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında yaradılıb. Hazırda MŞ özündə çoxlu sayda KİV və jurnalist qurumlarını birləşdirir. Mətbuat Şurasının əsas məqsədi bunlardır: jurnalistikada peşəkarlıq standartlarının yüksəldilməsi və onların müdafiəsi, ictimai maraqların müdafiəsi, mətbuatın maraqlarının və ictimai maraqların balanslaşdırılması, vətəndaş cəmiyyətinin inkişafı, azad sözün müdafiəsi, jurnalistlərin sosial məsuliyyətlərinin artması, vətəndaş hüquqlarının artması. Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Mətbuatla dövlət qurumları arasındakı problemləri aradan qaldırmaq üçün Mətbuat Şurası 2004-cü ildə daimi komissiya yaradıb. Şikayətlər üzrə komissiyanın 6 nəfər üzvü var. İdarə heyəti isə 15 nəfərdən ibarətdir: 9-u jurnalistlər, 6-ı isə ictimaiyyət nümayəndəsidir.


"İşimiz çox gərgindir".

"Zənglərinə cavab verə bilmədiyim həmkarlarım bunu üzrlü hesab etsinlər".

Mətbuat Şurasının saytına baxır.

Söhbətimiz yekunlaşır.

"Buna bax ee, "reket"lərdən biri bizə şeir qoşub".

Rəhim Hüseynzadə: "Qarşımdakı "reket" qəzetlərin siyahısıdı".

"İstəyirsiniz hazır şəklimi verim".

"Mühasib işləmək çox çətindi".

"Mən həm də vahid press-kartları hazırlayıram".

Mətbuat Şurasından xatirə şəkli.


 
Günay MUSAYEVA

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir