Modern.az

Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir? (sorğu)

Hansı dövlət orqanının mətbuat xidməti yaxşı işləyir? (sorğu)

31 May 2010, 21:09

Dövlət orqanlarının mətbuat xidmətlərinin yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Təəsüf ki, Azərbaycanda bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. İstər dövlət, istər müstəqil, istərsə də müxalifəyönlü KİV-lərin əməkdaşları bəzi dövlət orqanlarının mətbuat xidmətlərindən kiminləsə axırıncı dəfə nə vaxt danışdıqlarını  unudublar.

Jurnalistlər hansı mətbuat xidmətinin işindən razı, hansının işindən narazıdırlar? Modern.az KİV əməkdaşları arasında sorğu keçirib. Sorğuda iştirak edən jurnalistlərin nə qədər səmimi olduğunu demək çətindir.

 

APA-ın əməkdaşı Elnur Məmmədli: “Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev, Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova yaxşı işləyir. Onlarla istənilən vaxt əlaqə yaratmaq, xəbər almaq və nəyisə dəqiqləşdirmək olur. Operativ işləyirlər”.

 

“525-ci qəzet”in əməkdaşı Rufik İsmayılov: “Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov operativ olaraq sorğuları cavablandırır. Hər hansı hadisəyə diplomatik qaydalar çərçivəsində də olsa münasibət bildirir. İşləməyən mətbuat xidmətlərinin adını çəkib onları mətbuatdan incik salmaq istəməzdim. Sadəcə yaxşının adını çəkdim ki, digərləri ondan ibrət götürsünlər”.

 

“Yeni Müsavat” qəzetinin əməkdaşı Etibar Seyidağa: “Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu və onun köməkçisi Teymur Abdullayev mətbuata açıqdırlar. Hər zaman suallarımızı cavablandırırlar. Bunu öz təcrübəmdən bilirəm. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Sənan Hüseynovun da fəaliyyəti normaldır. Ancaq başqa qurumların mətbuat xidmətlərindən hansısa informasiyanı almaq, həmin qurumun nazirindən məlumat almaqdan çətindir. Xüsusən də Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti ilə əlaqə yaratmaq daha çətindir. Hiss olunmur ki, həmin qurumun mətbuat xidməti var, ya yoxdur”.

 

“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu: “Mətbuata açıq olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova, Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Elman Babayevdir. Daxili İşlər Nazirliyinin internet saytı mütəmadi olaraq yenilənir. Həmçinin Respublika Prokurorluğu və Müdafiə Nazirliyi özlərinə aid materialları mətbuata ötürürlər. Ancaq onların sualları cavablandırmalarında problem var. Fövqaladə Hallar və Təhsil nazirliklərinin mətbuat xidmətləri çox passiv işləyirlər”. “Şərq” qəzetinin əməkdaşı Məlahət Rzayeva: “Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı, Qafqaz Müsəlmanları İdarəsi və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat xidməti daha yaxşı işləyir.

Ancaq İqtisadi İnkişaf, Səhiyyə, Vergilər, Maliyyə nazirliklərinin mətbuat xidmətləri mətbuatdan uzaqdırlar. Onlarla əlaqə yaratmaq çətin məsələdir. Sualları cavablandırmırlar”.

 

“Azadinform” İnformasiya Agentliyinin əməkdaşı İlham Məmmədli: “İqtisadi İnkişaf Nazirliyi və “Ata Holdinq”in mətbuat xidmətləri və internet saytları aktivdir. Dövlət Neft Şirkəti və Dövlət Statistika Komitəsinin internet saytları daim yenilənir. Sel daşqınlarından sonra Nəqliyyat Nazirliyinin mətbuat xidməti bir az aktivləşib. Həmçinin Maliyyə Nazirliyində də aktivlik hiss olunur. Ən yaxşı mətbuat katibi isə “Azərbaycan Dəmir Yolları” ASC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovdur. Ona istənilən vaxt zəng edib, istənilən sualı ünvanladıqda öz münasibətini bildirir. Dövlət Gömrük Komitəsi və Vergilər Nazirliyinin mətbuat xidmətlərinə isə verilən suallar heç vaxt cavablandırılmır”. 

“Olaylar” qəzetinin əməkdaşı Samir Güləliyev: “Mərkəzi Seçki Komissiyası, “Azərbaycan Dəmir Yolları” ASC, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Baş Prokurorluq, Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətləri daha yaxşı işləyirlər. Hər zaman suallarımızı cavablandırır, sorğularımıza cavab verirlər. Passiv işləyən mətbuat xidmətləri isə Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi və Hərbi Prokurorluğunkudur.  “Azal” Hava Yolları Dövlət Konernin mətbuat xidməti isə mətbuata ümumiyyətlə açıq deyil”.

 

Azadlıq” qəzetinin əməkdaşı Xəyal Şahinoğlu: “Xarici İşlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətini aktiv hesab edirəm. Passiv mətbuat orqanlarının sayı isə çoxdur. Saymaqla bitməz”.

 

“Bizim yol” qəzetinin əməkdaşı Vüsalə Rüstəmova: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətləri hər zaman jurnalistlərlə rahat işləyir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mətbuat xidməti gündəlik olmasa da, zəng edəndə suallarımızı cavablandırır.

Bəlkə də həmkarlarım Vergilər Nazirliyinin mətbuat xidmətindən narazılıq edəcəklər. Ancaq mənim onunla aram yaxşıdır. Mətbuatla işləməkdən yayınan mətbuat xidmətləri Fövqaladə Hallar Nazirliyi, Prezident Administrasiyası, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinindir. Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə öz əhval-ruhiyyəsinə uyğun olaraq istədiyi vaxt danışır, istəmədiyi vaxt danışmır”.

 

Günay MUSAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?