Modern.az

Türkiyədə QALMAQAL: Ərdoğan səs yazısını yayanları namussuz adlandırdı

Türkiyədə QALMAQAL: Ərdoğan səs yazısını yayanları namussuz adlandırdı

27 Mart 2014, 20:20

 

Türkiyənin Suriyaya hərbi əməliyyatlara başlayacağı ilə bağlı səs yazısı yayılandan sonra ölkə gündəmində əməlli başlı çalxalanma olub. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, rəsmi şəxslərin danışdığı iddia olunan səs yazısının mətbuata sızdırılmasından sonra  Türkiyənin Xarici İşlər Nazirliyi mövqeyini açıqlayıb. Maraqlı məqam ondan ibarətdir ki, nazirlik səs yazısının yalan olduğunu bəyan etməyib və bunu edənləri dövlət sirlərini yaymaqda günahlandırıb. “Dövlətin ən həssas təhlükəsizlik məsələlərinin müzakirə edildiyi məkanda gerçəkləşən gizli toplantının detallarının yayılması Türkiyənin milli  təhlükəsizliyinə qarşı alçaqca bir addımdır. Bu casusluq faliyyəti və olduqca ağır bir cinayətdir”-deyə bəyanatda qeyd olunur. Bu arada Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan  AKP-nin Diyarbakır mitinqində xalq  qarşısında yayılan səs yazısına münasibət bildirib. Hökumət başçısı ölkəsinin xarici siyasət idarəsində müzakirə olunanların mətbuata sızdırılmasını əxlaqsızlıq adlandırıb. “Bunu sızdıranlar əxlaqsız və namussuzdurlar”-deyə R. T. Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Türkiyənin Suriyaya hərbi müdaxiləsi ilə bağlı aparılan müzakirələrin gizli səs yazısı yayımlanıb. İddialara görə danışıqlarda Türkiyənin XİN başçısı Əhməd Davudoğlu, XİN aparatının rəhbəri Firidun Siniroğlu, Türkiyə kəşfiyyatının rəhbəri Hakan Fidan və Baş Qərargahın 2-ci rəisi, general Yaşar Gülər iştirak edir. Aparılan söhbətdə Türkiyənin Suriyaya hərbi əməliyyatlara başlamasından söz açılır.  

 

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu