Modern.az

Dövlət Komitəsi: ““Halal məhsul” satan ticarət obyekti sahibinə iradnamə veriləcək”

Dövlət Komitəsi: ““Halal məhsul” satan ticarət obyekti sahibinə iradnamə veriləcək”

31 Mart 2014, 13:23

“Aprelin 1-dən etibarən “Halal məhsulların serifikatlaşdırılma qaydaları” dövlət standartının tətbiqinə artıq başlanacaq. Bu günə qədər proses artıq getdi. Sabahdan etibarən “Halal qida. Ümumi tələblər” dövlət standartına uyğun olaraq sertifikatlaşdırılmayan , lakin üzərində “Halal” sözü yazılan məhsulların istehsalı və satışı qadağan olunur”.

Bunu Modern.az-a açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib. “Məhsullarında adı çəkilən sözdən istifadə edən müəssisələrə artıq məlumat verilib. Onlar da verilmiş müddət ərzində texniki məsələləri həll ediblər. Amma “halal” kəlməsi yazılan məhsulların bazardan yığışdırılması birdən-birə baş tutmayacaq”.

Komitə rəsmisi bildirdi ki, proses tədricən həyata keçiriləcək. “Çünki bu, müəyyən bir vaxt tələb edir. Əlbəttə, bu məhsullar bazarda olmamalıdır, əgər olacaqsa, bizə müraciətlər daxil olan kimi, komitənin nəzarət xidməti belə faktları aşkarlayacaqsa, qanunvericiliyə uyğun tədbirlər görüləcək. Belə faktlar aşkarlanarsa, marketin sahibinə, ticarət şəbəkəsinə iradnamə veriləcək ki, məhsulu satışdan çıxarsınlar. Bu məhsulların satışının əleyhinə deyilik. Məhsulların həqiqətən də halal məhsul olduğunu sübuta yetirib, təsdiq edib, müvafiq qurum tərəfindən sertifikat aldıqdan sonra satışının tərəfdarıyıq. Söhbət burada insanların dini inanclarından , mənəvi keyfiyyətlərinin qorunaraq qidalanmaq istəklərinə şərait yaratmaqdan gedir. Sahibkarlar bundan sui-istifadə etməməlidirlər. Bununla bağlı isə , konkret olaraq heç bir şirkətə sertifikat verilməyib”.

Qeyd edək ki, “Halal” adı altında məhsul istehsal edən müəssisələrə malların markalanmasındakı “halal” sözünün çıxarılması üçün 1 aprel 2014-cü il tarixinədək vaxt verilib. 1 aprel 2014-cü il tarixindən etibarən AZS 731-2012 standartı əsasında sertifikatlaşdırılmayan, lakin “halal” markalı məhsulu istehsal edən müəssisələr barədə qanunvericiliyin tələblərinə uyğun olaraq Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən ciddi tədbirlər görüləcək. Məqsəd qanunvericiliyin tələblərinin icra edilməsi ilə yanaşı, istehlakçı hüquqlarının etibarlı qorunması, haqsız rəqabət hallarının qarşısının alınması və istehlakçıların bu sahədə daxili bazara inamının gücləndirilməsidir.

Gülşən Raufqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir