Modern.az

"Elmimizin inkişafına mane olanların tapılıb cəzalandırılmasını istəyirəm"

"Elmimizin inkişafına mane olanların tapılıb cəzalandırılmasını istəyirəm"

4 İyun 2010, 15:14

İyunun 4-də Milli Məclisin Elm və təhsil komitəsinin jurnalistlərin iştirakı olmadan qapalı iclası keçirilib. İclasda büdcədən elmin inkişafı üçün ayrılan vəsaitlə bağlı müzakirələr aparılıb. Modern.az saytı iclasda müzakirə olunan məsələlər barədə müfəssəl məlumat əldə edib. Saytımız xəbər verir ki, iclasda Elm və təhsil komitəsinin üzvü, BDU-nun rektoru Abel Məhərrəmov qeyd edib ki, 2009-cu ildə elm sahəsinə ayrılan vəsait xərclənmədi və sonradan büdcə qalığı kimi geri qaytarıldı: “Bilirsiniz, biz bir tərəfdən elmi inkişaf etdirmək istəyirik. O biri tərəfdən isə elmə ayrılan vəsaitləri xərcləməyə imkan vermirik. Bu, düzgün hal deyil. Mən bu məsələ ilə bağlı komitəmizin mavafiq qurumlara bir müraciət ünvanlamasını təklif edirəm. Eyni zamanda elmimizin inkişafına mane olanların tapılıb cəzalandırılmasını istəyirəm. Heç olmasa, 2010-cu ildə elmin inkişafı üçün ayrılan vəsaitə toxunulmasın”.

Deputatın təklifinə komitə rəhbəri Şəmsəddin Hacıyev belə reaksiya verib: “Doğrudur, 2009-cu ildə bu sahəyə ayrılan vəsait büdcə qalığı hesab edildi. Çünki o zaman Elm Fondunun Nizamnaməsi hazır deyildi. İndi isə bu fond hazırdı. Ancaq hesab edirəm ki, bu vəsaiti bu il də elmin inkişafına yönəldə bilməyəcəyik”.

Komitə rəhbəri məsələnin Milli Məclisin plenar iclasında qaldırılmasını təklif edib.

Komitənin digər üzvü, YAP-ın icra katibi Əli Əhmədov həmkarı Abel Məhərrəmovun qaldırdığı məsələləri dəstəklədiyini bildirib və Baş nazirə, yaxud da müliyyə nazirinə bununla bağlı müraciət hazırlanmasını təklif edib.

Şəmsəddin Haçıyev yaxın günlərdə bu müracətin müvafiq qurumlara göndəriləcəyini qeyd edib.

O, komitə üzvlərindən MM-in növbədənkənar sessiyasında büdcəyə yenidən baxılan zaman bu məsələnin ciddi şəkildə qaldırılmasını da xahış edib.

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir