Modern.az

Redaktorlar İlham Əliyevə müraciət etdilər

Redaktorlar İlham Əliyevə müraciət etdilər

4 İyun 2010, 15:53

Bir qrup redaktor hazırda həbsdə olan jurnalist, “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru   Eynulla Fətullayevin işi ilə bağlı bu gün Prezident İlham Əliyevə müraciət edib. Prezident Admistirasiyasına göndərlən müraciəti “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev,  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu,  “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov, hazırda fəaliyyət göstərməyən ”Gündəlik Azərbaycan” qəzetinin şef-redaktoru, köşə yazarı Şahvələd Çobanoğlu, imzalayıb.

Müraciətdə bildirlib: "Sizə müraciət etməyimizin konkret səbəbi var. 2 iyun 2010-cu ildə “Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru, məhbus jurnalist Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsində iclas zalında hakimdən özünün azad olunmasını tələb edib və Avropa İnsan Haqları Məhkəməsi 22 aprel 2010-cu ildə onun dərhal azadlığa buraxılması və ona 25 min avro təzminat verilməsi ilə bağlı qərarını buna əsas kimi göstərib. Hakim bu qərarla tanış olduğunu bəyan etsə də, həmin qərarın icra olunmasının onun səlahiyyətlərinə aid olmadığını söyləyib. Eynulla Fətullayev Avropa İnsan Haqları Məhkəməsinin onun dərhal azadlığa buraxılması ilə bağlı qərarının indiyədək yerli məhkəmələr tərəfindən  icra olunmadığına etiraz olaraq, həmin gün aclıq aksiyasına başlayıb. O, bilmək istəyir ki, Azərbaycanın dövlət başçısı Avropa İnsan Haqları Məhkəməsinin onun haqqında çıxardığı qərar barədə məlumatlıdırmı və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasının təminatçısı kimi dövlət başçısının bu məsələyə münasibəti necədir. Eynulla Fətullayev deyib ki, prezident İlham Əliyevin özünün, yaxud rəsmilərdən birinin dövlət başçısının  Avropa İnsan Haqları Məhkəməsinin onun haqqında çıxardığı qərardan məlumatlı olduğunu açıqladığı halda aclığı dayandıracaq.  Eyni zamanda jurnalist bizdən xahiş edib ki, Sizinlə görüşək və bunlar haqda fikrinizi öyrənək".

Müraciət müəllifləri bu məsələ ilə bağlı Prezidentdən onları qəbul etməsini xahiş ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir